ƏLİYEV ILHAM HEYDƏR OĞLU
ƏLİYEV ILHAM HEYDƏR OĞLU (24.12.1961-ci ildə Bakı şəhərində anadan olub) - Azərbaycan Respublikasının Prezidenti (2003 ildən), görkəmli siyasi və dövlət xadimi. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər Institutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. 1991-ci ildən Moskvada "Oriyent" şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994 ildən) və birinci vitse-prezidenti (1997 ildən), Azərbaycan Resbulikasının baş naziri (2003) vəzifələrində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında ümummilli lider Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

Ilham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır.

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən Ilham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. Ilham Əliyev YAP-ın I qurultayında (1999) partiya sədrinin müavini, II qurultayında (2001) isə birinci müavini seçilmişdir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına Ilham Əliyev başçılıq etmişdir. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çalmış və Milli Məclisdə böyük əksəriyyəti qazanmışdır.

Ilham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş Ilham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa xidmət nümunəsidir. Onun AŞPA-dakı məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına çox güclü təsir göstərmişdir. Məhz Ilham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında Ilham Əliyevin böyük xidmətləri vardır. Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları Ilham Əliyevə qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazandırmışdır. O, AŞPA-nın vitse-spikeri və Büro üzvü seçilmişdir (2003, yanvar).

Ilham Əliyev ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan Ilham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadı nümayiş etdirmiş, qısa müddət ərzində Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrəti qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar Ilham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.

Ilham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idman - sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.



2003-cü ilin Prezident seçkilərində parlaq qələbə qazanan Ilham Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident Ilham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Onun rəhbərliyi ilə ölkədə iqtisadi islahatlar daha da sürətlənmiş, xüsusi prezident fərmanı ilə 2004-08-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı qəbul olunmuşdur. Ölkə Prezidenti “Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında” 2004-cü il 9 fevral tarixli sərəncam imzalamışdır. Sərəncamda Naxçıvan Muxtar Respublikasına muxtariyyət statusunun verilməsi yüksək qiymətləndirilmişdir. Ilham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərlər etmiş (12-13.5.2004; 02.9.2004; 19-20.12.2005; 20-21.12.2006; 16.10.2007; 03-04.06.2008), muxtar respublikanın yubiley şənliklərində iştirak etmişdir. Ilham Əliyevin muxtar respublikaya səfərləri bu qədim diyarın hərtərəfli inkişafına yeni güclü təkan vermişdir. Prezident Ilham Əliyev ölkədə Insan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Onun "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamları (2004, 12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir.
Prezident Ilham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Heydər Əliyevin xarici siyasət kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmaqdadır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ilham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. Ilham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.Azərbaycan Prezidenti Ilham Əliyev bir sıra ölkələrin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur. Ilham Əliyev Azərbaycan Respublikasının ən ali mükafatı, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun şərəfinə təsis edilmiş “Heydər Əliyev” ordeninə layiq görülmüşdür.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 614
favori
like
share