ƏLİYEV HEYDƏR ƏLIRZA OĞLU
ƏLİYEV HEYDƏR ƏLIRZA OĞLU (10.5.1923, Naxçıvan şəhəri – 12.12.2003, Klivlend, ABŞ; Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur) - dünya tarixinin dahi şəxsiyyətlərindən biri, Azərbaycanın böyük siyasi və dövlət xadimi. Azərbaycan xalqının ümummilli lideri, qurtuluş mübarizəsinin (1990-93) öndəri. Yeni Azərbaycan Partiyasının (1992) banisi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisi olan müasir Azərbaycan dövlətinin qurucusu və Azərbaycan Respublikasının Prezidenti (1993-2003).



Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye Institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. 1941-ci ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (Naxçıvan MSSR) Xalq Daxili Işlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri işləmişdir. 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmiş, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, leytenantlıqdan general rütbəsinədək yüksəlmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1964-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. Ulu öndər Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyəti dövründə bu mühüm strukturun azərbaycanlılaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) iyul (1969) plenumunda AKP MK-nın birinci katibi, MK-nın büro üzvü seçilmişdir. Bununla, ümummilli liderimizin Azərbaycana rəhbərliyinin birinci dövrü başlanmışdır. O, AKP MK-nın avqust (1969) plenumundakı məruzəsi ilə respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı surətdə yaxşılaşdırmağın, dövlət və əmək intizamını möhkəmləndirməyin, kadrların məsuliyyətini artırmağın yeni xəttini müəyyən etmişdir. Bu xətt Heydər Əliyevin sonrakı məruzə və çıxışlarında daha da inkişaf etdirilərək elmi surətdə əsaslandırılmış, respublikanın iqtisadi-siyasi həyatında xalqın mənəviyyatına mənfi təsir göstərən tənəzzül meyllərinin qarşısının alınması, sağlam mənəvi-psixoloji iqlimin, ictimai ovqatın bərqərar olunması uğrunda uzunmüddətli mübariz fəaliyyət proqramına çevrilmişdir. Möhtərəm Heydər Əliyev 1976-cı ilin martında Sov. IKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, eyni zamanda, Sovet Sosialist Respublikaları Ittifaqı (SSRI) Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmişdir. O, türk-müsəlman xalqlarına qarşı ayrı-seçkilik siyasətinin yeridildiyi şəraitdə SSRI kimi nəhəng bir dövlətin ali rəhbərliyinə ucalmaqla misilsiz dövlət idarəçiliyi istedadı və bacarığı nümayiş etdirmişdir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən mükəmməl iqtisadi inkişaf konsepsiyası hazırlanmış, ənənəvi təsərrüfat sahələrinin şöhrəti və səmərəliliyi bərpa edilmiş, yeni-yeni istehsal sahələrinin əsası qoyulmuş, iqtisadiyyatın sənaye bazası genişləndirilmiş və müasirləşdirilmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-82-ci illər) idarəetmə mexanizmi və metodlarının təkmilləşdirilməsi, qanunçuluğa ciddi əməl edilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafı sahələrində yüksək göstəricilər əldə edilməklə yanaşı, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, soykökü əsasında millətdə müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün də çox mühüm işlər görülmüşdür. 1970-80-ci illərin birinci yarısı Azərbaycanın ictimai-iqtisadi və sosial-mədəni həyatında sürətli yüksəliş mərhələsi olmuş, müstəqil Azərbaycanın təməli qoyulmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-82) ictimai-iqtisadi inkişafın və milli-mədəni oyanışın bütün sahələrində müstəqilliyə doğru böyük dönüş başlanmışdır. O, dövlətçilik fəaliyyətinin Moskva dövründə də həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın yalnız SSRI məkanında deyil, həmçinin bütün dünyada tanıdılması üçün mövcud imkanlardan bacarıqla istifadə etmişdir.

Heydər Əliyev SSRI Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı seçilmiş, 9-cu çağırış SSRI Ali Soveti Ittifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırışlar) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olmuş, “Lenin” ordeni (4 dəfə), “Qırmızı Ulduz” ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülmüşdür. 1970-80-ci illərdə Sov. IKP MK və SSRI Ali Soveti nümayəndə heyətinin başçısı və üzvü kimi Meksika, Almaniya, Vyetnam, Koreya Xalq Demokratik Respublikası, Rumıniya, Yuqoslaviya, Italiya, Misir, Suriya və Hindistana rəsmi səfərlər etmişdir. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sov. IKP MK Siyasi Bürosunun və Baş katib M.S.Qorbaçovun yeritdiyi səhv xəttə, onun antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermiş və mövcud rejimə qarşı müxalif mövqe tutmuşdur. Heydər Əliyev sovet qoşunlarının 1990-cı ilin 20 yanvarında Bakıda törətdiyi qanlı qırğınla əlaqədar ertəsi gün, Kreml rejiminin təqiblərinə və səhhətinin ağır olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyində verdiyi bəyanatında Azərbaycan xalqına qarşı silah işlədilməsini qətiyyətlə pisləmiş, Azərbaycan xalqının Qurtuluş mübarizəsinin önünə keçmişdir. O, doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış, ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda Qurtuluş mübarizəsini davam etdirmiş, həmin ildə də Azərbaycan və Naxçıvan parlamentlərinə deputat seçilmişdir. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü, xüsusilə onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı illər (1991-93) muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda, əlamətdar dövrdür. Heydər Əliyev, birinci növbədə, Naxçıvan Muxtar Respublikasını Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi. Bu illərdə ulu öndərin təşəbbüsü ilə muxtar respublikanın Ali Məclisinin adından "sovet, sosialist" sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. Blokada şəraitində olan muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi diqqət yetirilmiş, qonşu Türkiyə və Iranla iqtisadi əlaqələr yaradılmış, Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid körpüsü", Iranla yük və sərnişin daşınmasını təmin edən Şahtaxtı-Poldəşt körpüsü salınmışdır.

Xalqımızın böyük oğlu Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı (1991, fevral) çıxışında Vətənin ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan etmiş, dağılmaqda olan Sovet Ittifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək, cəmiyyəti dərindən düşündürən problemlər barədə mühüm ideyalar irəli sürmüş, prinsipial və konkret fikirlər söyləmiş, təkliflər vermiş, siyasi və iqtisadi böhranın səbəbləri, onların aradan qaldırılması yolları barədə qətiyyətli mövqeyini bəyan etmiş, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və günahkarı barədə demişdir: "Yaranmış vəziyyətin günahkarı hakimiyyətdə olan Kommunist Partiyasının Mərkəzi Komitəsi, partiya və dövlət hakimiyyətini ələ keçirmiş Qorbaçovdur".

Xalqının müstəqilliyi uğrunda dönmədən mübarizə aparan ulu öndər Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi müddətdə bütün Azərbaycan xalqı və Vətən üçün taleyüklü məsələlərdə daim qətiyyətlilik nümayiş etdirmişdir: Kommunist Partiyasının Naxçıvanda fəaliyyət göstərən bütün strukturları ləğv edilmiş (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 26 avqust tarixli qərarı), Azərbaycan Ali Sovetinin 1991-ci il 29 avqust tarixli sessiyasının qərarına əsasən, Azərbaycanda həmin il sentyabrın 8-nə təyin edilmiş prezident seçkilərinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilməsinin dayandırılması (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 4 sentyabr tarixli qərarı) haqqında qərar çıxarılmışdır. Onun siyasi təcrübəsi və qətiyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sabitlik təmin olunmuş, demokratik dövlət quruculuğu formalaşmışdır. 1993-cü ilin may-iyununda respublikada hakimiyyət böhranı, hərc-mərclik son həddə çatdıqda, ölkə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda, Azərbaycan xalqı möhtərəm Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Bu, əsl mənada, milli hərəkata çevrildi və nəticədə, Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş günü kimi daxil oldu. Heydər Əliyevin başçılıq etdiyi Qurtuluş mübarizəsi zəfər çaldı. Bununla, dahi rəhbərin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı. Azərbaycan dövlətçiliyinin məhv edilməsi, vətəndaş müharibəsi və ölkənin parçalanması təhlükəsi aradan qalxdı. Iyunun 24-dən isə Heydər Əliyev Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı, Azərbaycan dövlətçiliyinin varlığı üçün böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. Bu qayıdışla əsas qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, respublikaçılıq, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu, milli tərəqqi, dünyəvilik kimi ümummilli, ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Dövlətin xarici siyasəti, o cümlədən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Böyük rəhbərin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda, hətta bədxahlarımız tərəfindən də etiraf edilən uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından çox əhəmiyyətli idi. Bu illərdə milli ordu quruculuğunda ciddi dəyişikliklərə başlandı. Təcavüzkar erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindəki azğınlıqlarının qarşısı alındı, qəddar düşmənə əks-zərbələr endirildi və 1994-cü ilin mayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. Böyük siyasi xadimin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının Azərbaycana, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibəti əsaslı surətdə dəyişdi. ATƏT-in Lissabon sammitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli mənafelərinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.

Xalqımızın böyük oğlu ölkənin milli mənafelərinə uyğun olan irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyət göstərdi. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsi bağlandı. Bundan sonra Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar yeni-yeni sazişlərin imzalanması belə müqavilələrin sayını 21-ə, iştirak edən dövlətlərin və iri şirkətlərin sayının isə müvafiq surətdə 15 və 33-ə çatdırılmasına imkan verdi. Bütün bunlar ölkənin iqtisadi sistemini canlandıracaq güclü maliyyə kanalı olmaqla yanaşı, eyni zamanda, çox mühüm siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq aləmdə rolunu gücləndirən amil funksiyası daşıyır. Dahi öndərin yeritdiyi müdrik siyasət nəticəsində Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində də uğurlu addımlar atılmış, "Bakı-Supsa" boru kəməri və "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac boru kəməri tikilib istifadəyə verilmişdir. Böyük Ipək Yolunun bərpasına yönəlmiş beynəlxalq proqramın həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamış, 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin Bakıda konfransı keçirilmiş, konfrans proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərar qəbul etmişdir. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu GUAM birliyinin yaradılmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyev dühasının xidmətləri ölçüyəgəlməzdir. 1999-cu ilin aprelində GUAM ölkələri başçılarının Vaşinqton görüşündə Heydər Əliyev təşkilatın ilk sədri seçilmişdir.

Ulu öndərin çoxşaxəli və genişmiqyaslı fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi böhranın aradan qaldırılması və tərəqqinin təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, ölkə iqtisadiyyatında ilk artım meyllərinin başlanması, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi və inflyasiyanın qarşısının alınması, manatın alıcılıq qabiliyyətinin davamlı surətdə sabit saxlanması prioritet sahələr olmuşdur. O, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu sahəsində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Azərbaycan Respublikası Konstitusiyasının və onun əsasında Naxçıvan Muxtar Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövləti insan hüquq və azadlıqları sahəsində bütün beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Ölkə rəhbərinin "Insan hüquq və azadlıqlarının təmin edilməsi haqqında" 1998-ci il 22 fevral tarixli fərmanı Azərbaycan Respublikasının dünyaya və Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratmış, insan hüquq və azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldırmış, 1995-ci ilin mayında əfvetmə təsisatı bərpa edilmiş, 1995-2003-cü illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus cəzaçəkmədən tam və ya qismən azad edilmiş, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasına "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.

Prezident Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı-faydalı əməkdaşlıq prinsipləri təşkil edirdi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirmiş, bu yolda ardıcıl mübarizə aparmış, problemin sülh yolu ilə həlli baş tutmadıqda, Qarabağın silahla azad ediləcəyini əzmlə bəyan etmişdir. Türk dövlətləri arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərən ulu öndər türk dövlətləri başçılarının 1992-ci ildən işə başlamış zirvə toplantılarında müntəzəm olaraq fəal iştirak etmiş, türk xalqlarının birliyi naminə bir sıra dəyərli tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Türk dövlətləri başçılarının 6-cı zirvə toplantısının (2000, aprel) Bakıda keçirilməsi və bu böyük tədbirin türk dünyasının böyük ədəbi abidəsinin - "Kitabi-Dədə Qorqud" eposunun 1300 illiyinin beynəlxalq miqyasda qeyd edilməsi ilə eyni vaxta düşməsi də bu baxımdan çox əlamətdardır. Hər iki tədbirin çox yüksək səviyyədə keçirilməsi və bütün türk xalqlarının əsl bayramına çevrilməsi Azərbaycan liderini həm də çağdaş türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrətləndirmişdir.

Heydər Əliyev dahi siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də tarix, fəlsəfə, ədəbiyyat və incəsənətin gözəl bilicisi, elmin və mədəniyyətin hamisi idi. Onun bilavasitə təşəbbüsü və iştirakı ilə neçə-neçə ədəbiyyat, incəsənət və elm xadimlərinin yubileyləri keçirilmiş, onların fəaliyyəti yüksək dövlət mükafatları və fəxri adlarla qiymətləndirilmiş, abidələri ucaldılmışdır. Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan qocaman sənətkarlara, istedadlı gənc şair və yazıçılara, müxtəlif yaradıcılıq sahələrində ümidverici yeniyetmələrə fərdi təqaüdlər təyin etməsi də mədəniyyətimizin inkişafına ulu öndərin böyük qayğısının bariz nümunələrindəndir.

Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında 2001-ci ildə imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması çağırışı ilə Azərbaycan xalqına müraciətləri, türk xalqları və dövlətləri arasında əlifba və dil birliyinin təmin edilməsi və bir çox digər sahələrdə çoşğun fəaliyyəti möhtərəm Heydər Əliyevə böyük şöhrət gətirmişdir.

Azərbaycan xalqı, mütərəqqi beynəlxalq ictimaiyyət ulu öndər Heydər Əliyevin anadan olmasının 75, 80 və 85 illiyini böyük təntənə ilə qeyd etmişdir. Azərbaycanda və bir sıra xarici ölkələrdə xalqımızın ümummilli liderinin Azərbaycanın dövlət müstəqilliyi və tərəqqisi naminə titanik fəaliyyətindən bəhs edən silsilə kitablar, kitab-albomlar nəşr olunmuş, kinofilmlər yaradılmışdır. O, bir sıra xarici ölkələrin yüksək ordenlərinə, beynəlxalq mükafatlara, o cümlədən, Türkiyənin Sənaye və Iş Adamları Vakfının 1997-ci ilin insan haqları və ilin dövlət adamı mükafatına, "Ipək Yolu Fondu"nun təsis etdiyi "Ipək Yolu Xidmət Mükafatı"na (1998), Beynəlxalq Atatürk Sülh Mükafatına (1999), müxtəlif ölkə universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara, mükafatlara layiq görülmüş, dövlətlərarası əlaqələrin inkişafında, regional münasibətlərin, siyasi sabitliyin tənzimlənməsində yorulmaz səylərinə görə "Qızıl fortuna" Beynəlxalq Reytinq Təşkilatının ali mükafatı olan "Qızıl Ulduz" ("Qloriya populi") ilə təltif olunmuşdur (2001).

Ümumdünya tarixinin nadir şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün Azərbaycan xalqının, bütün türk-islam dünyası və mütərəqqi bəşəriyyətin tarixinə ən ağır hüzn günü kimi daxil oldu. Dahi rəhbər əbədiyyət dünyasına arxasınca irəliləyən milyonlarla azərbaycanlını - doğma xalqını birləşdirərək qovuşdu. Ulu öndərin adı geniş miqyasda əbədiləşdirmiş, anadan olduğu Naxçıvan şəhərində Heydər Əliyevin büstü (1983) və heykəli (2007) ucaldılmış, Heydər Əliyev muzeyi (1999) yaradılmışdır. Azərbaycan Respublikasının bütün rayon, şəhər, böyük qəsəbə və kəndlərində Heydər Əliyev bağ və parkları, meydanları salınmış, bulaq-abidə kompleksləri, pannolar inşa edilmişdir. Kiyevdə Heydər Əliyev adına Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Institutu fəaliyyət göstərir. Heydər Əliyev məktəbləri və universitetlərində elmi-nəzəri mühazirələr, məruzələr dinlənilir, seminarlar keçirilir.
Azərbaycan xalqının ümummilli liderinin, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun şərəfinə “Heydər Əliyev” ordeni təsis edilmişdir (2005, 22 aprel).

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 837
favori
like
share