ORDUBADİ MƏMMƏD SƏID HACAĞA OĞLU

Son güncelleme: 17.05.2009 23:53
  • ORDUBADİ MƏMMƏD SƏID HACAĞA OĞLUORDUBADİ MƏMMƏD SƏID HACAĞA OĞLU 03.14.1872, Ordubad - 01.05.1950, Bakı; Fəxri Xiyabanda dəfn olunmuşdur) - yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, ictimai xadim.

    noimage

    Ordubadda mollaxanada və Məhəmməd Tağı Sidqinin "Əxtər" məktəbində oxumuşdur. Ordubad ipək fabriklərində (1886-1904) fəhlə işləmiş, Culfa gömrük xidmətində (1906-14) çalışmışdır. Birinci rus inqilabının (1905-07) təsiri altında siyasi mübarizələrə qoşulmuş, "Hümmət" sosial-demokrat təşkilatının tərkibində Iran Məşrutə hərəkatına kömək edən qrupun fəal üzvlərindən olmuşdur. 1915-ci ildə siyasi fəaliyyətinə görə Saritsına sürgün edilmişdir. Fevral inqilabından (1917) sonra Dağıstana gəlmiş, Rusiya Kommunist (bolşeviklər) Partiyası sıralarına daxil olaraq, siyasi fəaliyyətini davam etdirmişdir. 1918-ci ildə Nəriman Nərimanovun dəvətilə Həştərxana gedərək, "Hümmət" qəzetinin redaksiyasında çalışmışdır. 1920-ci ildə 11-ci Qırmızı ordunun tərkibində Dağıstana gəlmiş, Temirxan-Şura şəhərində "Qırmızı Dağıstan" qəzetinin nəşrini təşkil etmişdir. 1920-ci il mayın 2-də Bakıya gələn Ordubadi "Əxbar" qəzetinin redaktor müavini vəzifəsinə təyin edilmiş, "Əxbar" və "Kommunist" qəzetləri birləşdirildikdən sonra onun redaksiya heyətinin üzvü və redaktor müavini, 1920-ci ilin sentyabrından isə "Füqəra füyuzatı" jurnalının redaktoru olmuşdur. 1928-ci ildə "Yeni yol" qəzetinin redaktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan SSR Ali Sovetinin (1-3-cü çağırış) deputatı seçilmişdir.

    Ordubadi ədəbi fəaliyyətə 19 əsrin 90-cı illərində başlamışdır. Ilk şerləri 1903-cü ildə "Şərqi-Rus" qəzetində dərc olunmuşdur. Şair "Qeyrət" mətbəəsində (Tiflis) "Qəflət" (1906), "Vətən və hürriyyət" (1907) adlı şeir kitablarını nəşr etdirmişdir. "Qəflət"də islam millətlərinin geriliyini tənqid edən Ordubadi "Vətən və hürriyyət" kitabında fikirlərini siyasi məcraya yönəltmiş, Cavad xanın və Şeyx Şamilin rus çarizminin Qafqazda işğalçı siyasətinə qarşı mübarizəsini tərənnüm etmişdir. 20 əsrin əvvəlində Bakı və Tiflis dövri mətbuatında, o cümlədən, "Irşad", "Təzə həyat", "Tərəqqi", "Səda", "Sədayi-həqq" və s. qəzetlərdə, "Molla Nəsrəddin" jurnalında şeirlər, publisistik məqalə və felyetonlarla çıxış etmişdir. "Qanlı sənələr" (1911) kitabı, "Iki cocuğun Avropa səyahəti" (1908), "Baği-şah, yaxud Tehran faciəsi" (1910), "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" (1914) tarixi pyesləri, "Bədbəxt milyonçu, yaxud Rzaqulu xan Firəngi-məab" (1914) romanı nəşr olunmuşdur. "Qanlı sənələr"də müəllif 1905-06-cı illərdə daşnak-erməni quldurlarının Bakıda, Gəncədə, Naxçıvanda, Qarabağda, Qazax qəzasında, Zəngəzurda, Göyçə ətrafında, Mehridə Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı real faktlar və sənədlər əsasında qələmə almışdır.
    Sovet hakimiyyəti illərində ədəbi fəaliyyətinin miqyasını genişləndirmiş, dövri mətbuatda müntəzəm olaraq publisist və elmi-kütləvi, ədəbi-tənqidi məqalə və felyetonlar dərc etdirmişdir. Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. XX əsrin əvvəllərində Cənubi Azərbaycanda milli azadlıq mübarizəsinə həsr olunmuş dördcildlik "Dumanlı Təbriz" (1933-48) epopeyasının, Nizami Gəncəvi dövründən bəhs edən "Qılınc və qələm" (1946-48), inqilabi mövzuda "Döyüşən şəhər" (1936), "Gizli Bakı" (1940) romanlarının müəllifidir.
#17.05.2009 23:53 0 0 0