MƏMMƏDQULUZADƏ CƏLIL MƏMMƏDQULU OĞLU

Son güncelleme: 18.03.2013 08:44
  • MƏMMƏDQULUZADƏ CƏLIL MƏMMƏDQULU OĞLU MƏMMƏDQULUZADƏ CƏLIL MƏMMƏDQULU OĞLU (təxəllüsü Molla Nəsrəddin; 22.2.1869, Naxçıvan - 4.1.1932, Bakı) - yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə nəticələnən müstəqil milli dövlətçilik ideyalarının formalaşmasında mühüm rol oynamışdır. Ilk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. Qori Müəllimlər Seminariyasını bitirdikdən (1887) sonra, Irəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Cəlilkənd (Şərur rayonu) və Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-97). Müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir: "Çay dəstgahı" (1889) alleqorik mənzum dramını, "Kişmiş oyunu" (1892) komediyasını, "Danabaş kəndinin əhvalatları" (1894; 1936-cı ildə nəşr olunmuşdur) povestini bu dövrdə yazmışdır. Naxçıvanda və Irəvanda müxtəlif hüquq idarələrində çalışmışdır (1897-1903).

    noimage

    Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində 1903-cü ildən Tiflisdə nəşr edilən "Şərqi-Rus" qəzetində işləməsinin və onun redaktoru Məhəmmədağa Şahtaxtlının mühüm rolu olmuşdur. Ilk mətbu əsəri olan "Poçt qutusu" hekayəsi bu qəzetdə dərc edilmişdir. 1905-ci ilin əvvəlində "Şərqi-Rus" bağlanarkən jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə ilə şərikli bu qəzetin mətbəəsini alıb, onu "Qeyrət" adlandırmışdır. Ədibin ilk kitabçaları ("Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", "Iranda hürriyyət") "Qeyrət" mətbəəsində nəşr olunmuşdur (1905-07). 1905-ci ildə Tiflisdə uşaqlar üçün məktəb və pansion açmışdı.

    Ilk nömrəsi 1906-cı il aprelin 7-də (20-də) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoydu. Jurnal müəyyən fasilələrlə 1931-ci ilədək Tiflisdə (340 nömrə), Təbrizdə (8 nömrə) və Bakıda (400 nömrə) nəşr edilmişdir.

    Cəlil Məmmədquluzadə sovet dövründə "Molla Nəsrəddin" jurnalı və "Yeni yol" (Bakı) qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olmuşdur.

    Cəlil Məmmədquluzadə 40 illik yaradıcılığı boyu müxtəlif janrlarda (dram, hekayə, povest, şeir, publisistika, ədəbi tənqid, xatirə və s.) yazdığı əsərləri ilə realist Azərbaycan ədəbiyyatının yeni, yüksək pilləyə qalxmasında müstəsna rol oynamışdır. "Danabaş kəndinin əhvalatları" povestində və ilk hekayələrində ("Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy" və s.) yazıçı o zamankı Azərbaycan həyatında hökm sürən feodal-patriarxal münasibətləri, çar məmurlarının və riyakar din xadimlərinin özbaşınalığını, şüurlarda və məişətdəki geriliyi, mövhumat, cəhalət və xurafatı, qadınların acınacaqlı taleyini böyük vətəndaş yanğısı ilə qələmə almışdı. Məşhur "Ölülər" (1909) tragikomediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Bu əsərlərdə Cəlil Məmmədquluzadə "ölülər" mühitinin rəzalətlərini nifrətlə damğalamış, işıqlı həyat haqqında arzuların tərcümanı olmuşdur.

    Cəlil Məmmədquluzadə və onun ətrafında birləşən əməlpərvər ziyalılar həqiqi azərbaycançılığın əsaslarını yaratdılar. Xalqımızın tarixi taleyi ilə bağlı olan bu məfkurə Azərbaycanın milli maraqlarını önə qoyan bir məslək, yol idi. Ədib bu yolu 1917-ci ilin noyabrında "Molla Nəsrəddin"də dərc olunan "Azərbaycan" məqaləsində ifadə etmiş və Rusiyada baş verən hadisələrin Azərbaycanın istiqlalına doğru apardığını uzaqgörənliklə duymuşdu. Məqalədə vahid Azərbaycan ideyası qabarıq şəkildə irəli sürülürdü. Parçalanmış Vətənin coğrafi hüdudları haqqında məlumat verən ədib "Haradadır Azərbaycan" sualının cavabında yazırdı: "Azərbaycanın çox hissəsi Irandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutub, qədim Rusiya hökumətilə Osmanlı hökuməti daxilindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdüstanından, Bəyaziddən ibarət olsun".

    Dövrün daha bir aktual mövzusundan - erməni-Azərbaycan münaqişəsindən bəhs edən birpərdəli "Kamança" pyesində də Azərbaycan xalqının yüksək humanizmi dərin psixoloji-bədii inandırıcılıqla və müstəsna emosional təsir gücü ilə əks etdirilmişdir.
    Ümummilli lider Heydər Əliyev Cəlil Məmmədquluzadənin ədəbi-ictimai fəaliyyətini yüksək qiymətləndirmişdir. Ulu öndərin iştirakı və himayəsi ilə Naxçıvanda ev muzeyi açılaraq (1999) istifadəyə verilmişdir.
#17.05.2009 23:55 0 0 0
#18.03.2013 08:44 0 0 0