Məhəmməd Biriya Həyatı
(Məhəmməd Bağırzadə) Azərbaycan Demokrat Firqəsinın maarif naziri. 1914-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Atası sənətkar olub. 1920-ci ildə Qüzey Azərbaycana muhacirət edib. İlk təhsilini Bakıda alıb. 1929-ci ildə anası vəfat etdikdən sonra yenidən Təbrizə qayıdıb. Şair milləti Pəhləvi zülmünə qarşı mubarizəyə dəvət edib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi hökumət qurandan sonra maarif naziri seçilən Məhəmməd Biriya məktəblərdə Azərbaycan dilinin tədrisinin proqramını yaradıb. 1947-ci ildə Azərbaycan Demokrat Firqəsi dağılandan sonra Qüzey Azərbaycana qaçıb. Sovet dövründə Sibirə sürgün olunub. Azərbaycan maarifinin inkişafında böyük rol oynayıb.

Biriya qoymaginan, bəndəri kəs, Şah qaçır a!

Biriya qoymaginan, bəndəri kəs, Şah qaçır a!
Daha düşməz əlinə, durma tələs, Şah qaçır a!

Çapdı iranlıların var-yoxunu, yağlı yedi,
Laybalay cibləri puldu, şələsi bağlı gedir,
Tacu-təxtə baxır, amma ürəyi dağlı gedir,
Yükü çoxdur, gücənir, təngi-nəfəs Şah qaçır a!
Biriya qoymaginan, bəndəri kəs, Şah qaçır a!

Rza xan məmləkəti gör necə pamal elədi,
Binəva xəlqini axır suçu hammal elədi,
Elə iş gördu - bütün şahları ibtal elədi,
Dövrədən də səsinə verdilər səs, Şah qaçır a!
Biriya qoymaginan, bəndəri, kəs Şah qaçır a!

Demə İran gələcək, sən sevin İran olacağ,
Məmləkət zülmü sitəmdən daha viran olacağ,
Müstəbidlər gənədə sahibi fərman olacağ,
Bizi təqib edəcək bir gün ƏSƏS, Şah qaçır a!
Biriya qoymaginan, bəndəri kəs, Şah qaçır a!


Nə azadəm bu aləmdə, nə əldə ixtiyarım var

Nə azadəm bu aləmdə, nə əldə ixtiyarım var,
Nə qussə əl çəkir məndən, nə dildə bir qərarım var.

Qəfəsdə saxlamış zalım, fəğanımnan alır ləzzət,
Təsəvvür eyləməz, gün tək münəvvər bir şüarım var.

Dilim bağlı, gözüm bağlı, qulağım kar, üzüm gülməz,
Günə həsrət qalan gülsüz, səfasız laləzarım var.

Nəçün mən olmayım məhzun, ürəkdən etməyim nalə?
Hər addımda müəyyəndir, qazılmış bir məzarım var.

Ölüm xoşdur, çıx ey ruhum bu cismi natəvanimdən,
Nə təslim olmağa meylim, nə dəhrə etibarım var.

Zavalli xəlqinin dərdin gərəkdir Biriya çəksin,
Bu yolda qanıma batsam, böyük bir iftixarım var.


***

Cahanda qurtulan deyil zəmanənin sitəmləri,
Amandı saqi, mey gətir, keçirmə boş bu dəmləri.

İçim şərabi - məst olum, yazım kitabi xilqətə,
Mənəm deyənlərin məni əzən dəyir mənimləri.

Vəfası çox, səfasi çox, alovlu-odlu şairəm,
Əgər iradə eyləsəm, qılınca çevrilər qələm.


Ey varlığa, azadlığa, insanlığa düşmən

Ey varlığa, azadlığa, insanlığa düşmən,
Bəsdir daha, artıq day utan öz əməlindən.

Tökdün bu qədər qan, daha etməzmi kifayət?
Yoxdurmu bu haqsızlığa, bu zülmə nəhayət?

Başdan başa fikrin, əməlin qanlı cinayət,
Əlbət yetəcəkdir sona bu qəmli hekayət.

Ömründən əgər, mən bilirəm, qalsa da bir an,
Axırda həqiqət tutacaqdır sənə divan.

Bir gün alacaq haqqını səndən bəşəriyyət,
Lənət sənin amalına, həkkarına lənət.

Xilqət nə qədər var, unudulmaz adın amma,
Nifrətlə səni yad edəcəkdir yeni dünya.


Ərbab

Sinnim bu yaşa gəldi, görmədim nə kitabxanə üzü, nə məktəb,
Yandırdı mənim qarnımı axırda bu mətləb.
Yorğan-döşək içində səni sancsın bir qara əqrəb,
Var-yoxsa ümid gələsən lənətə Ərbab,
İnsaf elə, gəl bir balaca mürvətə Ərbab!

Çöllərdə canım çıxdı mənim gün qabağında,
Arvad-uşagım görmədi başmaq ayağında,
Var-yoxsa gözüm çatlamış ayran çanağında,
Al, al bunu da, yap məni, sal zillətə Ərbab,
İnsaf elə, gəl bir balaca mürvətə Ərbab!


Necə gəlim?

Başına döndüyüm, qurban olduğum,
Deyirsən evə gəl, mən necə gəlim?
Gözəl camalına heyran olduğum,
Deyirsən evə gəl, mən necə gəlim?

Üzümü bir belə danlama, bəsdi,
Bilirsən, fələyin işləri nəsdi,
Gəlirdim, yolumu EMGEBE kəsdi,
Deyirsən evə gəl, mən necə gəlim?

Laygerin dövrəsi çəpərdi, valla,
Hər yana baxıram xətərdi, valla,
Burda xilas olmaq hünərdi, valla,
Deyirsən evə gəl, mən necə gəlim?

Çəpərin dalında durub nigəhban,
Qabaqda ölümdü, arxada zindan,
Qadasın aldığım yari-mehriban,
Deyirsən evə gəl, mən necə gəlim?

Üzümü tutanda qadir Allaha,
Dönür seksiyalar ibadətgaha,
Mənə vəslin olub canımdan baha,
Deyirsən evə gəl, mən necə gəlim?

Adım Məhəmməddir, özüm riyasız,
Hələ çıxmamışam sənə vəfasız,
Məni buraxmayır tutan həyasız,
Deyirsən evə gəl, mən necə gəlim?


Vəsiyyət

Vurma əl türbətimə, türbəti Adəm də mənəm,
Nə o dünya, nə bu dünya, iki Aləm də mənəm.
Neyləyim, pey aparan olmadı bu varlığıma,
Eyşi-işrət də mənəm, möhnəti matəm də mənəm,
Rəsmidə Həzrəti Nuh, ismidə Xatəm də mənəm.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 867
favori
like
share