Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi.

Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin, şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələr vardı. Bütün bunlara yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başladı.
Varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi, 16 avqust 2000-ci il tarixli sərəncamı ilə isə 18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.


Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi də daim diqqət mərkəzində idi. Əsası Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi. 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzi təşkil edildi.


Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin də ölkəmizin müdafiə qüdrətinin artırılmasında xüsusi rolu vardır. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyəyə, Rusiyaya, Ukraynaya, Pakistana, Çinə və digər ölkələrə göndərildi. Eyni zamanda Azərbaycan hərbçiləri NATO-nun «Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq «Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı» çərçivəsində inkişaf edir. Bu isə ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.


Son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verib. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib.


Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Azərbaycan Silahlı Qüvvələrini təşkil edən Müdafiə Nazirliyi, Dövlət Xüsusi Mühafizə Xidmətinin, DİN-in Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri hazırda dövlət rəhbərliyinin böyük qayğısı sayəsində özünün yüksək inkişaf mərhələsini yaşayır. Müasir dövrdə ölkəmizdə çox mühüm sahələr olan hərbi təhsil və hərbi səhiyyə də davamlı şəkildə inkişaf etməkdədir.


Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir.


Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.


Azərbaycanın hərbi potensial baxımından Ermənistandan hazırkı üstünlüyü heç də birdən-birə, təsadüfən meydana gəlməyib. Son 15 ildə Azərbaycan rəhbərliyi belə bir düsturu özünün əsas fəaliyyət prinsipinə çevirib ki, hər bir ölkənin uğurunu, inkişafını müəyyən edən amillər içərisində iqtisadi potensial və güclü ordunun mövcudluğu ön plandadır. Müasir səviyyədə qurulan ordu həm müstəqilliyin möhkəmlənməsində, həm də ölkənin bölgədə geopolitik güc mərkəzinə çevrilməsində önəmli rol oynayır. Ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: «... Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq... Son illər ərzində maddi texniki bazanın möhkəmdirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik. Azərbaycan müharibə şəraitində yaşayır və belə olan halda ilk növbədə ordu quruculuğuna böyük diqqət göstərilməlidir».


Təbii ki, Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnməlidir və bu iş lazımi səviyyədə həyata keçirilməkdədir. Ən inkarçı mövqedə dayanan qüvvələr və fərdlər də artıq etiraf edirlər ki, sabitlik, dinamik inkişaf və güclü ordu quruculuğu müasir Azərbaycan üçün əsas xarakterik cəhətlərdir və bu cəhətlər bir-birilə sıx bağlıdır. Güclü iqtisadi inkişaf, gəlirlərin durmadan çoxalması hərbi xərclərin ilbəil artmasına imkan verir. Yalnız son 5 il ərzində bu xərclərin 7 dəfədən çox artması məhz qeyd etdiyimiz amillə əlaqədardır.


Lakin ordu quruculuğu elə bir spesifik sahədir ki, burada iş yalnız iqtisadi imkanlardan kifayət qədər bəhrələnməklə bitmir. Azərbaycan öz ordusunun gücünü, kadrların hərbi peşəkarlığını daim artırır, hərbi qüdrətini yüksəldir. NATO ilə sıx və səmərəli əməkdaşlığın əsas hədəfi də məhz ordu quruculuğu prosesini sürətlə təkmilləşdirmək, Silahlı Qüvvələri modernləşdirmək, müasir standartlara uyğunlaşdırmaqdır. Yekun məqsəd, başlıca niyyət isə, heç şübhəsiz, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, Qarabağın və ermənilərin zəbt etdikləri bütün bölgələri düşməndən təmizləməkdir. Əvvəldə vurğuladığımız kimi, artıq bu qəti mərhələyə doğru gedən yolda hərbi və siyasi baxımdan xeyli mühüm nəticələr əldə olunub və bu proses davam etməkdədir. Müşahidələr göstərir ki, Azərbaycan özünün potensial hərbi üstünlüyünü real nəticəyə çevirmək mərhələsinə qədəm qoyub.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 769
favori
like
share