Cəmil Ünal: “Türk xalqı həmişə Azərbaycanladır”

AKP iqtidarının Ermənistanla sərhədləri açması xəbəri həm Azərbaycan, həm də Türkiyə cəmiyyətlərində ciddi gərginlik yaradıb. Qeyd edək ki, Azərbaycan türkləri ilə yanaşı Anadolu türkləri də Ermənistanla sərhədlərin açılmasının əleyhinədir. Bunu Türkiyə telekanallarının apardığı sorğuların nəticələri də göstərir. Rəyi alınan Türkiyə vətəndaşlarının 96 faizi Ermənistanla sərhədlərin açılmasını istəmir.

Türkiyə-Ermənistan sərhədlərinin açılacağı iddiasına və Azərbaycanın başı üzərindən ermənilərlə sıcaq münasibətlərin qurulacağına dair xəbərlərə Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünalın da münasibətini öyrənmək qərarına gəldik. Cəmil bəy Türkiyənin əski millət vəkili olub, Azərbaycan əsillidir, Məhəmməd Əmin Rəsulzadənin silahdaşı, Müsavat ideologiyasının və bayrağının mühacirətdən Azərbaycana qaytarılması projesinin memarlarındandır. Elçibəy dönəmində Azərbaycanda nazir vəzifəsində çalışıb.

- Cəmil bəy, Türkiyə və Azərbaycan ictimaiyyətində sərhədlərin açılması ilə bağlı narahatlıq var. Sizin bu məsələyə münasibətiniz necədir?

- Əvvəlcə onu deyim ki, dövlət başçımızın keçmişdə qan tökən Sərkisyan kimi bir terroristin ayağına getməyini heç birimiz içimizə sinirə bilmədik. Burda da keçirdiyimiz mətbuat konfranslarında bu kimi fikirlərimizi səsləndirdik. Sərhədlərin açılması məsələsinə gəlincə, mənim sərhədimi tanımayan erməni xalqına sərhədimi açmaq məcburiyyətində deyiləm. Əvvəla, erməni ortaya çıxıb mənim keçəcəyim sərhəd Türk sərhədidir deyə bilməz. Mənim sərhədimi tanımayan adamın üzünə qapı açmaram. Türkiyədə də xalqın 90 faizi bizim kimi düşünür. Biz qonşularla yaxşı əlaqələrin qurulmasını istəyirik. Ermənistanla tarixi problemimiz olsa da, ermənilərin yaşadıqları yerlərin keçmişdən bəri Azərbaycanın torpaqları olduğunu iddia da etmədim. Türkiyənin də Azərbaycanın əleyhinə olan bir hərəkətə yol verəcəyini düşünmürəm.

- AKP iqtidarının belə bir siyasət yürütməsinin səbəbi nədir?

- İki istiqamət var. Birinci, Avropa Birliyi Türkiyəyə təzyiq göstərir. Siyasətin isə asan və çətin yönləri var. Əgər bir siyasətçi hər şeyə “hə” deyərsə, bu, asan siyasət adlanır. Soyqırımı tanıyaq. Yaxşı. Qarabağı verək. Yaxşı. Bu nə türk xalqına, nə də Türkiyə dövlətinə uyğun siyasət deyil və bunu heç kim edə bilməz. Çünki 24 aprel yaxınlaşır. Obama seçki kampaniyası zamanı erməni soyqırımını tanıyacağam deyə söz vermişdi. Məgər Obamanın canını qurtarmaq məcburiyyətindəyik? Obama rahat olsun deyə qapımızı ermənilərin üzünə açmalıyıq? Amerikada 42 ştat soyqırımı tanıyıb. Qalanlar tanısa, nə dəyişəcək? Türkiyə iyirmi ildir ki, bir dövlət siyasəti yürüdür. Qarabağ boşaldılmayınca heç bir türk dövlətini təmsil edən hökumət o qapıları açmamalıdır. Ermənistana şirin görünmək naminə onu qucaqlamaq üçün Azərbaycanı əlinin arxası ilə itələmək mümkün deyil. Bu, türkə yaraşmaz. Türkiyədə Ermənistandan üzr istəyən satılmışlar da var. Amma Türk milləti onlar deyil. Biz ermənilərə hər zaman qucaq açdıq. Amma hər kəs bilir ki, Ermənistan soyqırım iddialarından əl çəkməyincə, Qarabağı boşaltmayınca, Azərbaycandan üzr istəməyincə heç bir türk dövləti Ermənistana qapı aça bilməz.

- Yəni siz bu xəbərlərə inanmırsınız?

- Xeyir, inanmıram. Azərbaycan xalqına bir şey demək istəyirəm. Bizim xarici işlər naziri deyir ki, onlar bütün görüşlərlə bağlı Azərbaycan hökumətini məlumatlandırıb. Yaxşı, bu məsələlər sizinkilərə deyilirdisə, Azərbaycan iki ildir niyə səsini çıxarmırdı? Azərbaycan hökumətinə “Qarabağı Ermənistana verəcəyik, ermənilərlə belə danışmışıq” deyə, qara xəbər verilirsə, Azərbaycan susursa, bunun da səbəbini bilməliyik. İndiyə qədər heç nə eşitmədilərmi? Bu ilmi bundan xəbərdar oldular? Bu təpkilər illərcə əvvəl göstərilməliydi. Çünki Ermənistan, Türkiyə və Azərbaycan arasında gizli-gizli danışıqlar gedirdi. Bu görüşmələrin hamısını Azərbaycan dövləti bilirdi. İyirmi ildir ki, Minsk Qrupu deməkdən dilimiz qabar oldu. Kimdir həmin qrupun üzvləri? Fransa, Amerika və Rusiya. Bu üç dövlət təmsilçilərindən biri Qarabağ məsələsində Azərbaycanın lehinə bir addım atıblarmı? Bu gün Fransa erməni hərəkatının ən güclü dəstəkləndiyi bir ölkədir. Hər küçəsində bir erməni soyqırımı abidəsi qoyulub. Sarkozidən əvvəlki dövlət başçısı soyqırım abidəsinin ziyarətinə Köçəryanla qol-qola gedirdi. Bu gün Qarabağ həm də Rusiyanın işğalı altındadır. Amma əmanət olaraq onu ermənilərə verib. Rusiya təmsilçisi “bağışlayın” deyərək Azərbaycanın lehinə hərəkət edərmi? Amerika da eləcə. Bu gün erməni diasporu və vəqflərinin ən güclü olduğu yer Amerikadır. Minsk Qrupuna aid üç təmsilçini dəyişdirməyi düşünmürlərmi?

- Cəmil bəy, Azərbaycandıkı təpkilər bir az da böyüyüb.
Siz bunu haqlı hesab edirsinizmi?

- Əlbəttə. Azərbaycanın təpkisi Türkiyəyə olan sevgisinin işarəsidir. Çünki hər bir azərbaycanlı Türkiyəni vətəni, türk millətini isə öz parçası sayıb. Bunun üçün də qardaşın qardaşa olan duyğuları dəyişik olur. Bu gün hər kəs Azərbaycanın bu təpkisini haqlı görür. Bir neçə dəfə toplantılar keçirildi və sərhədlər açılsınmı deyə, xalqın rəyi soruşuldu. Bütün televiziyalarda 96 faiz açılmasın, 4 faiz açılsın deyir. Bu, həqiqi mənada türk millətinin təpkisidir. Türkiyədə Azərbaycan xalqını qardaş bilən insanlar var. Onların təpkisi digərlərinin səsini boğacaq. Amma Azərbaycan tərəfi də bir az fəallıq göstərməlidir. Çünki Azərbaycan iyirmi ildir ki, sürüklənir. 20 dəfə danışıqlar aparılıb. Nə danışıldı xəbərimiz yoxdur. Azərbaycanı idarə edənlər də qalxıb siyasətlərinin nədən ibarət olduğunu deməlidir. “Ermənilər torpaqları boşaltmasa, hərəkət tərzimiz budur” desinlər.

Azərbaycandakı dostlarımıza salamlar. Biz hər zaman yanınızdayıq.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 551
favori
like
share
İnci Tarih: 05.07.2009 14:10
Gozlenildiyinin eksine olaraq serhedler bu tezlikde acilmadi...bu belke de bir siyasi oyun idi, dunyanin diqqetini Qarabaq problemine yoneltmek ucun...(belke de Aliyev hokumetine Azerbaycanin Qarabaq adli bir problemi olduqunu xatirlatmaq ucun...)