Azərbaycan Texniki Universiteti - Azərbaycan Texniki Universiteti Haqqında



Azərbaycan Texniki Universiteti ölkəmizin aparıcı ali təhsil ocaqlarından biri olaraq 1950-ci ildən fəaliyyət göstərir və müasir tələblərə uyğun bakalavr və magistr hazırlığı üçün güclü professor-müəllim heyətinə və müvafiq maddi-texniki bazaya malikdir Hazırda universitetdə elm və texnikanın müxtəlif sahələrini əhatə edən 26 istiqamətdə 70 ixtisas üzrə yüksək səviyyəli mütəxəssis və elmi kadrlar hazırlanır.
Universitetdə "Nəqliyyat","Elektrotexnika və energetika","Radiotexnika və rabitə", "Metallurgiya" ,"Maşınqayırma", "Avtomatika və Komputer texnikası", "Texnoloji maşınlar" və "Mühəndis biznesi və menecment" fakültələri fəaliyyət göstərir. Bu fakültələrdə əyani və qiyabi formada 6000-dək tələbə təhsil alır. Onlardan 300 nəfərə qədəri xarici vətəndaşlardır. Universitetin 46 kafedrasında 600-dək professor-müəllim heyəti, o cümlədən 70 nəfərədək elmlər doktoru, professor, 400-dək elmlər namizədi, dosent çalışır.
Universitetdə elmin müxtəlif istiqamətləri üzrə alimlik dərəcəsi verən ixtisaslaşdırılmış Elmi Şuralar fəaliyyət göstərir. Universitetin elmi nailiyyətləri "Elmi əsərlər" adlı jurnalda çap olunur. 700 mindən artıq kitab fonduna malik olan Universitet kitabxanası və internetlə təchiz olunmuş oxu zalları tələbələrə və əməkdaşlara xidmət göstərir.
Boloniya prosesinə qoşulması və çoxpilləli təhsil sisteminə keçilməsi ilə əlaqədar Universitet ABŞ-ın, Hollandiyanın, Almaniyanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin qabaqcıl Universitetləri və elmi mərkəzləri ilə sıx əlaqələr qurmuş və əməkdaşlığı daim genişləndirir. Ümumavropa təhsil layihələrində (TEMPUS, TACİS və s.) Universitetin əməkdaşları fəal iştirak edirlər.
Universitetin kafedraları kompüter avadanlığı və ixtisaslaşmış laboratoriyalarla təchiz olunmuşdur. Texnikanın müasir sahələri üzrə tələbələrin hazırlanması və ixtisasların artırılması məqsədilə xüsusi tədris mərkəzləri yaradılmışdır.
Universitetdə müasir idman sarayı, tələbə şəhərciyi və tələbə-istirahət düşərgəsi fəaliyyət göstərir. Universitet öz imkanlarından istifadə edərək ölkəmizin sosial və iqtisadi problemlərinin həllində yaxından iştirak edir.

Fakültələr

Avtomatika və Kompüter texnikası
Elektrotexnika və Energetika
Maşınqayırma
Metallurgiya
Mühəndis biznesi və menecment
Nəqliyyat
Radiotexnika və rabitə
Texnoloji maşınlar
Xarici tələbələr üzrə dekanlıq


Beynəlxalq əlaqələr

Dünyanın aparıcı universitetləri ilə birbaşa əlaqələr yaratmaq imkanı əldə edən Universitetimiz Beynəlxalq təhsil sistemində müşahidə olunan yeniliklərə qoşularaq, öz fəaliyyətindətəhsilin müasir metod və formalarından istifadə etməyə başlamışdır. Bu mərhələdə dünyanın aparıcı ölkələrinin universitetləri ilə sıx əməkdaşlıq və onların iş təcrübəsinin Universitetimizdə çoxpilləli təhsil sisteminin həyata keçirilməsində əlavə imkan yaratmışdır.
Azərbaycan Texniki Universiteti elmi və təhsili maliyyələşdirən TAJİS–TEMPUS və digər fondlarla yaratdığı sıx əlaqələr nəticəsində son illərdə Universitetimizin 115-dən çox əməkdaşı dünyanın qabaqcıl universitetlərində elmi stackeçmədə iştirak etmiş və birgə elmi-tədqiqat işləri aparmışlar. Bu əməkdaşlığın nəticəsi olaraq, Universitetimizin gənc alimləri Almaniyanın Erlanqen-Nürenberq, Frayberq, Braunşveyk, Aaxen, Berlin, Zigen, Köln Texniki Universitetləri, Hollandiyanın Heerlen Univeriteti, ABŞ-ın Nortxampton İctimai Kollecində, Nyu York, Pensilvaniya universitetlərində elmi-tədqiqat işləri aparmış, elmi məqalələr və məruzələrlə çıxış etmişlər.
Almaniyanın təhsili və elmi stackeçməni maliyyələşdirən ictimai DAAD təşkilatının Bakı bürosu 2001-ci ildən Azərbaycan Texniki Universitetində yerləşir. Bu təşkilatın vasitəsilə AzTU-nun bir çox müəllim və tələbələri Almaniyanın müxtəlif universitetlərində elmi stackeçmədə, ixtisasartırma kurslarında olmuş və elmi tədqiqatlar aparmışlar. Bundan əlavə, DAAD-nin vasitəsilə təşkil olunmuş alman və ingilis dilləri kurslarında AzTU-nun 140-dan çox əməkdaş və tələbəsi təhsil alıbdır.
Avropa Şurasının təsis etdiyi Beynəlxalq Tədris proqramları çərçivəsində keçirilən müsabiqələrdə Universitetimiz, bir qayda olaraq, təhsillə bağlı müxtəlif layihələrdə iştirak edir.
Beynəlxalq TAJİS proqramı çərçivəsində AzTU-da müasir Telekommunikasiya Tədris Mərkəzi yaradılmış və fəaliyyət göstərir. Layihəni həyata keçirmək üçün AzTU-nun mütəxəssisləri İngiltərədə xüsusi müəssisələrdə uzunmüddətli stackeçmədə olublar. Görülən işlərin nəticəsində AzTU-da beynəlxalq standartlara uyğun, müasir avadanlıqlarla təchiz edilmiş Telekommunikasiya Tədris Mərkəzi yaradılmışdır. Bu Mərkəz ölkəmizdə müasir rabitə sahəsində yüksək səviyyəli ixtisasartırma kurslarının təşkil edilməsinə imkan yaradıb. Həmin Mərkəz bakalavr və magistr hazırlığında da effektiv istifadə edilir.
Tempus proqramı çərçivəsində, Almaniyanın Köln və Hollandiyanın Heerlen Tətbiqi Elmlər Universitetləri ilə birgə AzTU-da tədrisin müasirləşdirilməsi sahəsində hazırlanmış layihələr Avropa Mədəniyyət və Təhsil Komissiyasının qərarı ilə 2000-2007-ci tədris illərində həyata keçirməsi üçün üç qrant ayrılmışdır.
Birinci layihənin məqsədi AzTU-da «Elektrotexnika ve energetika» fakültəsində bakalavr və magistr təhsilinin, Avropa standartlarına uyğun tərtib edilməsi və bu prosesdə iştirak edən müəllimlərin ixtisas fənləri üzrə Almaniya və Hollandiya tərəfdaş universitetlərdə stackeçmələrinin təşkil edilməsi idi.
İkinci layihədə, AzTU-da yerinə yetirilmiş birinci layihənin nəticələrinin əsasında Azərbaycanın digər üç ali texniki məktəbində müvafiq ixtisaslar üzrə yerinə yetirilməsi nəzərdə tutulurdu. Dörd universitetin çoxsaylı əməkdaşlarının iştirakı ilə bu layihə uğurla yerinə yetirildi.
AzTU-da iki layihə üzrə görülən işlər və Avropa İttifaqının universitetlərilə yaradılan əlaqələr Tempus layihələri proqramında 2006-2007-ci illərdə Azərbaycan üçün prioritetli sayılan Energetika sahəsində «Azərbaycanda enerci menecmenti üzrə magistr pilləsi təhsili» adlı növbəti layihə tərəfindən bəyənildi və yerinə yetirilmək üçün qrant ayrıldı.
Azərbaycan Respublikasının Təhsil Nazirinin və Almaniya Federativ Respublikasının Fövqaladə səfirinin, həmtərəf Almaniya və Hollandiya universitetləri rektorları və digər rəsmi şəxslərin iştirakı ilə iki müvafiq Beynəlxalq konfrans keçirildi. Bu konfranslarda alınan nəticələr yüksək qiymətləndirilmiş və Avropa Təhsil sisteminə inteqrasiya olunan universitetlərdə digər ixtisaslar üzrə də hazırlanan tədris planlarında alınmış nəticələrin tətbiq edilməsi tövsiyyə edilmişdir.
AzTU-da xarici ölkələr üçün mütəxəssislərin hazırlanmasının 30 ildən çox tarixi vardır. Bu illər ərzində Universitetdə təhsil alan tələbələr Türkiyə, Pakistan, İran, Hindistan və başqa dövlətlərin vətəndaşlaı olmuşlar.
Hazırda Universitetdə 10 ixtisas üzrə 300-dən çox xarici vətəndan təhsil alır.
Azərbaycan Texniki Universiteti Qara Dəniz və Xəzəryani Dövlətləri Universitetləri Assosiyasiyalarının üzvüdür və hər il bu qurumlar tərəfindən keçirilən tədbirlərdə aktiv iştirak edir.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 647
favori
like
share