Qafqaz Universitesi - Qafqaz Universitesi Haqqında


Quruluş

1993-cü ildə fəaliyyətə başlamış Qafqaz Universiteti Azərbaycanda açılmış ilk xarici ali təhsil ocağıdır. Universitet Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin inkişafında inkar edilməz tarixi rol oynayan “Çağ” Öyrətim İşlətmələri şirkətinin fasiləsiz təhsil kompleksinin ən yüksək pilləsidir.

Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdindəki Dövlət Ali Ekspert Komissiyasının 1 may 1993-cü il tarixli, 11/1 saylı qərarı ilə fəaliyyətə başlamış Universitet Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli, 203 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Daha sonra mövcud qaydalara əsasən 20.08.2002-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilməsi ilə Universitetin statusunun qanunauyğunluğu bir daha təsbit olunmuşdur.

Universitetin məqsədi

Universitetin qayəsi dövlətini və millətini sevən, elmi və texnoloji biliklərə yiyələnmiş demokratik ruhlu mütəxəssislər yetişdirmək olan Universitet Azərbaycanın tərəqqisinə xidmət etməkdədir.

Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin diqqət və qayğısını daima hiss edən Universitet kollektivi böyük həvəs və əzmkarlıqla çalışır. Yetişdirdiyi məzunlarla müstəqil Azərbaycana xidmət edən Universitetin plan və arzuları tükənməzdir.

Universitet şəhərciyi

2003-2004-cü tədris ilini yeni universitet şəhərciyində başlayan Universitet Azərbaycanda bir yeni layihəni də gerçəkləşdirməyə nail oldu. Azərbaycanda elm və təhsilə daima himayədarlıq etmiş Heydər Əliyevin şəxsi göstərişi ilə Bakı-Sumqayıt yolu üzərində Universitetə ayrılmış 20 hektar torpaq sahəsində inşa edilmiş müasir tədris korpusu yaxın gələcəkdə başa çatdırılacaq şəhərciyin ilk binasıdır. Binadakı geniş və işıqlı auditoriyalar, böyük mühazirə salonları, ən müasir texniki avadanlıqlarla və ən son model kompüterlərlə təchiz olunmuş dörd kompüter laboratoriyası, fasiləsiz internet əlaqəsi tələbələrin istifadəsinə verilmişdir.

2006–2007-ci tədris ilində 10.500 m2 tədris və 5.500 m2 yataqxana olaraq cəmi 16 min m2 binada təlim-tədris fəaliyyətinə davam edən Universitet, digər tədris binaları da tamamlandığında cəmi 55 min m2-lik binalarda fəaliyyətini davam edəcəkdir.

150 nəfərlik seminar salonu və 360 nəfərlik akt zalı Universitetin mütəmadi olaraq təşkil etdiyi aylıq seminarların, respublika səviyyəli və beynəlxalq elmi konfransların, ədəbi-bədii gecələrin keçirilməsinə, Azərbaycan və Türkiyənin dövlət və milli bayramlarının, tarixi günlərin qeyd olunmasına imkan verir. Dövlət və hökumət rəsmiləri, Milli Məclisin daimi komissiya sədrləri, millət vəkilləri, yaradıcı ziyalıların tanınmış nümayəndələri, ictimai xadimlər Universitetin qonağı olur, professor-müəllim heyəti və tələbələr qarşısında müxtəlif siyasi, elmi, ictimai mövzularda çıxış edirlər. Elmi-pedaqoji ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan görüşlərə beynəlxalq aləmdə tanınan məşhur elm və mədəniyyət xadimləri də dəvət olunur.

Müəllim və tələbələr üçün nəzərdə tutulmuş 700 nəfərlik yeməkxana, bufet və tibb məntəqəsi göstərilən sosial xidmətlərin sadəcə bir qismidir. Universitet şəhərciyində və Sumqayıt şəhərində yerləşən iki yataqxana tələbələrin sosial-məişət məsələlərinin həllinə təminat verir.

Universitetin çoxsaylı kompüter parkının fəaliyyətini təmin edən informasiya hesablama mərkəzi, müxtəlif dillərdə 40 minə yaxın kitab fonduna sahib müasir kitabxanası və oxu zalı da tədrisin keyfiyyətinə müsbət təsir edən başlıca amillərdəndir. ABŞ Konqresi kitabxanası və dünyanın bir çox nəşriyyatları ilə birbaşa kitab mübadiləsinin həyata keçirilməsi mərkəzi kitabxananın kitab fondunu ildən-ilə zənginləşdirir. Müəllimlər üçün ayrılmış iş otaqları və fərdi kompüter tədrisin yüksək səviyyədə aparılması və məhsuldar elmi fəaliyyətin başlıca təminatıdır

Tədris sistemi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Universitetə verdiyi pilot ali məktəb statusu bir çox yeniliklərin həyata keçirilməsi üçün şərait yaradır. Belə ki, Universitet dünyanın qabaqcıl ölkələrində uğurla sınaqdan çıxmış kreditli təhsil sistemini tətbiq edir. Birinci tədris ilində həyata keçirilən dil hazırlığı ilə birlikdə Universitetdə təhsil müddəti 5 ildir. Bu müddət ərzində tələbələr seçdikləri ixtisasın xüsusiyyətləri nəzərə alınmaqla iki və ya üç xarici dili yüksək səviyyədə öyrənmək imkanı əldə edirlər. Mövcud bölmələrin tədris planlarında nəzərdə tutulmuş əsas və əlavə xarici dillərdən imtahanda tələb olunan keçid balını toplayan, TOEFL və bənzəri imtahanlarda müvafiq şəhadətnamə almış tələbələr birbaşa 2-ci kursda təhsilə başlayırlar. 2002-2003-cü tədris ilindən etibarən ixtisas fənlərinin ingilis dilində tədrisinə başlayan Universitet yetişdirdiyi tələbələrin ixtisas, xarici dil və kompüter biliklərinə yiyələnmələrinə müstəsna əhəmiyyət verir. Hal-hazırda bakalavr pilləsində 20, magistratura pilləsində 10, aspirantura pilləsi üzrə də 4 ixtisas üzrə mütəxəssis yetişdirməkdədir. Bununla yanaşı 2006-2007 tədris ildən etibarən Universitetimizdə 2 ixtisas üzrə MBA Proqramı açılmışdır. Yüksək sürətli internet rabitəsi sayəsində, Qafqaz Universiteti Azərbaycanda TOEFL IBT imtahanını (yeni nəsil TOEFL testi) təşkil edən ilk qurumdur.

Universitet təhsil verdiyi tələbələrə sadəcə müasir biliklər verməklə kifayətlənmir. Digər ali məktəb tələbələrinin də iştirakı ilə keçirilən elmi konfranslar onların tədqiqatçı kimi yetişmələrinə şərait yaradır. İdmanın müxtəlif növləri üzrə il ərzində keçirilən yarışlarda qabiliyyətli tələbələr potensial imkanlarını nümayiş etdirə bilirlər. Tələbələrdən ibarət bədii özfəaliyyət ansamblı, xor kollektivi, rəqs qrupu və dram dərnəyi onların incəsənət sahəsindəki istedadlarını üzə çıxardır. Azərbaycanın müxtəlif guşələrinə gəzintilərin təşkil olunması tələbələrin asudə vaxtlarının xoş keçməsinə təminat verir.

Mərkəzlər

Universitet təşkil etdiyi iki elmi institut və üç elmi mərkəzlə də Azərbaycanın sosial və iqtisadi inkişafına yardım edir. Bu mənada iş dünyası ilə əlaqələrin qurulması və elmi-texniki yeniliklərin Universitetdə tətbiqilə tanınan Sürəkli İnkişaf Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir. Azərbaycanda bələdiyyəçiliyin təşəkkülündə inkar edilməz rol oynamış Bələdiyyə Araşdırmaları Mərkəzinin səmərəli işi də ayrıca qeyd olunmalıdır. Qafqaz regionuna dair elmi-tədqiqatların aparılması və onların nəşrilə məşğul olan Qafqaz Araşdırmaları İnstitutunun fəaliyyəti də diqqəti cəlb edir. Azərbaycan və Türkiyə arasında qarşılıqlı elmi-mədəni informasiya mübadiləsinin genişlənməsi isə Universitetin nəzdində qurulmuş Tərcümə mərkəzinin fəaliyyətinin əsas xəttini təşkil edir.

Məzunlarımız

Məzunlarının işlə təmin olunması nisbətinə görə Universitet haqlı olaraq qürur hissi keçirir. 1998-ci ildə ilk yetirmələrinin işlə təmin olunmasına nail olmuş Universitet sonrakı illərdə də məzunlarının taleyinə biganə qalmır. Bu məqsədlə qurulmuş xüsusi mərkəzin səyləri nəticəsində bu günə qədər Universiteti bitirmiş tələbələrin 80 faizi artıq işlə təmin olunmuş, geriyə qalan qisminin böyük əksəriyyəti isə ölkə daxilində və xaricində magistratura və doktorantura pillələrində təhsillərini davam etdirir. İş dünyası ilə sıx əlaqə saxlayan Universitet tez-tez yerli və xarici şirkət rəhbərləri ilə işgüzar görüşlər keçirir. Tələbələrinin Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlərdə və Türkiyədə təcrübə keçmələrinə şərait yaradır. Universitetdəki ciddi nizam-intizamı, güclü maddi-texniki bazanı, eləcə də obyektivliyi təqdir edən şirkətlərin özləri birbaşa Universitetə müraciət edir. BP-nin Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə bağlanmış müqaviləyə əsasən şirkətin gələcək kadrlarını Universitet tələbələri arasından seçməsi buradakı təhsilin keyfiyyətinin ən bariz dəlilidir.

Təqaüdlər

Yüksək səviyyəli mütəxəssis hazırlamağı qarşısına məqsəd qoymuş Universitet istedadlı gənclərin seçiminə xüsusi əhəmiyyət verir. İxtisaslardan asılı olmayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanda yüksək bal toplamış abituriyentlərə ödənişsiz təhsil almaq haqqı verilir. Universitet Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyevin adına təsis olunmuş xüsusi təqaüd və digər təqaüdlər tələbələrin təhsilə olan həvəslərini daha da artırır.

Ən yüksək reytinqə malik özəl universitet

Məhz bu münasibətin nəticəsidir ki, 1995-ci ildən başlayaraq Universitet tələbə qəbulunun nəticələrinə görə özəl ali məktəblər arasında reytinq cədvəlinə başçılıq edir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən nəşr edilən Abituriyent jurnalından alınan aşağıdakı məlumat bu faktı təsdiq etməkdədir:

“Özəl ali məktəblər arasında ən yüksək reytinqə Qafqaz Universiteti malikdir. Bu təhsil müəssisəsinin əvvəlki illərdə də özəl ali məktəblər içərisində ən yüksək reytinqi olmuşdur. Bizdə olan məlumata görə, Qafqaz Universitetində yüksək nizam-intizam mövcuddur, tələbələr burada qayğı ilə əhatə olunublar: yüksək ballı tələbələr təhsil haqqından azad edilir, hətta onlara təqaüd də verilir. Təhsil müəssisəsi öz məzunlarının işlə təmin olunmaları ilə də maraqlanır və onlara bu işdə də yardım göstərir. Bu kimi həvəsləndirici tədbirlərin nəticəsidir ki, bu təhsil müəssisəsini daha çox və həm də daha hazırlıqlı abituriyentlər seçirlər. Deyilənlərin təsdiqi kimi, bu il Prezident təqaüdünə layiq görülənlərdən 4 nəfərinin Qafqaz Universitetinin tələbəsi olması faktını qeyd etmək olar.”

Qafqaz Universiteti Kitabxana və Dokumentasiya Mərkəzi
AZ0101 - BAKI / AZƏRBAYCAN
Tel: (+994 12) 448 28 62 / 66 Fax: (+994 12) 448 28 61

Etiketler:
Beğeniler: 1
Favoriler: 0
İzlenmeler: 704
favori
like
share