Azərbaycan Milli Elmlər Akademiyası

Son güncelleme: 01.07.2009 14:25
  • Azərbaycan Milli Elmlər Akademiyası - Azərbaycan Milli Elmlər Akademiyası Tarixi

    noimage

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) respublikanın əsas elmi qurumudur. AMEA 1945-ci ildə Bakı şəhərində təsis edilmişdir.

    Hələ 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində mərkəzləşmişdi. 1920-22-ci illərdə burada humanitar, tibb və təbiyyat bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. Assosiasiya müxtəlif elm sahələri üzrə problemlərin tədqiqi, elmi kadrların hazırlanması və inkişafı işinə hərtərəfli yardım göstərməyi qarşısına məqsəd qoymuşdu. 1921-ci ilin axırlarında Universitet nəzdində Təbiətşünaslar və Həkimlər Cəmiyyəti, bir qədər sonra isə Şərqşünaslar və Həkimlər Cəmiyyəti yaradıldı. 1920-ci ildə texniki təhsil verən ali məktəb - Bakı Politexnik İnstitutu fəaliyyətə başladı. Burada texnika, iqtisadiyyat elmləri və aqrokimya sahəsində elmi tədqiqatlar aparılırdı.

    1923-cü ildə elmi-tədqiqat işləri aparmaq üçün Ə.B.Haqverdiyevin sədriliyi ilə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti yaradılmışdı. Bu cəmiyyət respublikanın baş elmi müəssisəsi oldu. İlk dövrdə Cəmiyyətin tərkibinə Tarix-Etnoqrafiya, İqtisadiyyat və Təbiətşünaslıq bölmələri daxil edilmişdi. 1925-ci ildə Tarix-Etnoqrafiya bölməsindən Türkologiya bölməsi yarandı. Ayrı-ayrı elm sahələri istiqamətində tədqiqatlar aparılması məqsədilə tarix, tarix-ədəbiyyat, etnoqrafiya, dilçilik, lüğətçilik, hüquq, sovet quruculuğu, sənaye, mühəndis-coğrafiya, Xəzər dənizinin tədqiqi, təsviri incəsənət, teatr, musiqi və s. üzrə komissiya və yarımkomissiyalar təşkil edildi.

    Respublikanın Şamaxı, Gəncə, Lənkəran, Zaqatala və digər qəzalarında, o cümlədən Naxçıvan MSSR və DQMV-də Cəmiyyətin bölmələri yaradıldı.

    1925-ci ildə Cəmiyyət Azərbaycan hökumətinin sərəncamına verildi.

    1929-cu ildə Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyəti yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırıldı. İnstitutun təbiyyat, biologiya, tarix və etnoqrafiya, dilçilik, ədəbiyyat və incəsənət, fəlsəfə, Sovet Şərqi və xarici Şərq, dövlət və hüquq bölmələri var idi.

    Azərbaycan DETİ-nin fəaliyyətində respublikada elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, ali və orta ixtisas məktəbləri üçün elmi kadrlar hazırlanması məsələləri mühüm yer tuturdu. Azərbaycan DETİ - nin aspiranturası yalnız 1929 -1930-cu illərdə 33 elmi işçi hazırlamış, 1930 - 1931-ci illərdə isə buraya 43 nəfər qəbul edilmişdi ki, bunlardan da 34 nəfəri azərbaycanlı idi.

    1932-ci ilin axırlarında 30 elmi müəssisə və 10-dan çox ali məktəb fəaliyyət göstərirdi. Bu dövrdə respublikada 800 elmi işçi, o cümlədən 87 professor və 138 dosent var idi. Lakin nə Azərbaycan DETİ, nə də sahə institutları elmin qarşısında duran vəzifələri kifayət qədər yerinə yetirə bilmirdi.

    1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi. Şöbəyə R.Axundov rəhbərlik edirdi. Şöbədə 11 bölmə və bir neçə komissiya fəaliyyət göstərirdi. Bir sıra məşhur alimlər - F.Y.Levinson-Lessinq, İ.M.Qubkin, A.A.Qrossheym, N.Y.Marr, İ.İ.Meşşanov, A.N,Derjavin, İ.Q,Yesman, ilk Azərbaycan alimlərindən B.Çobanzadə, V.Xuluflu, M.Əfəndiyev, A.Tağızadə, S.Mümtaz, A.S.Məmmədov və başqaları burada elmi-tədqiqat işləri aparırdılar.

    1935-ci ilin oktyabrında şöbə SSRİ EA Azərbaycan Filialına çevrildi. Filialın yanında mövcud bölmələr əsasında Kimya, Botanika, Zoologiya və Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat Elmi-Tədqiqat institutları, habelə Energetika, Fizika, Geologiya, Torpaqşünaslıq sektorları yaradıldı. Filialın Rəyasət Heyətinin sədri əvvəl akad. İ.M.Qubkin, sonralar isə akad. S.S.Namyotkin oldu.

    Filialın institut və sektorlarından əlavə respublikada Elmi-Tədqiqat Neft İnstitutu, Elm-Tədqiqat Pambıqçılıq İnstitutu, Neft Maşınqayırma İnstitutu, Kurortologiya və Fiziki üsullarla müalicə İnstitutu, Hidrotexnika və Meliorasiya İnstitutu, habelə digər bir sıra elmi stansiyalar və dayaq məntəqələri təşkil edildi. Tibb üzrə elmi-tədqiqat institutlarında (tropik xəstəliklər, Ana və Uşaqları Mühafizə, mikrobiologiya), Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda, Zaqafqaziya Tikinti Materialları İnstitutunun Azərbaycan şöbəsində, Subtropik Bitkilərin zona üzrə Lənkəran stansiyasında, həmçinin Azərbaycan Dövlət Universitetinin laboratoriya və elmi kabinələrində, Sənaye, Kənd təsərrüfatı, Pedaqoji və Tibb İnstitutlarında, Azərbaycanın orta ixtisas təhsili müəssisələrində geniş elmi-tədqiqat işləri aparılırdı.

    Artıq 1940-cı il üçün respublikada 60 elmi müəssisə fəaliyyət göstərirdi. 1936-cı ildən 1941-ci ilədək SSRİ EA Azərbaycan filialının elmi işçi və aspirantlarından 34 nəfəri dissertasiya (o cümlədən 5 doktorluq dissertasiyası) müdafiə etmişdi. 1938-ci ildə SSRİ EA Azərbaycan filialında 16 elmlər doktoru, professor və 20 elmlər namizədi var idisə, 1941-ci ildə onların sayı müvafiq surətdə 21 və 161-ə çatmışdı.

    SSRİ Xalq Komissarları Sovetinin 1945 il 23 yanvar tarixli qərarı ilə filial Azərbaycan EA-na çevrildi. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə , Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçildi. Onun ilk heyətində Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ş.Əzizbəyov, Ə. Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.İ.Şiroqorov daxil oldu.1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında M.Mirqasımov prezident seçildi. Sonrakı illərdə Y.Məmmədəliyev (1947-1950, 1958-1961), M.Əliyev (1950-1958), Z.Xəlilov (1961-1967), R.İsmayIlov (1967-1970), H.M.Abdullayev (1970-1983), E.Y.Salayev (1983-1997), F.Q.Maqsudov (1997-2000) Akademiyanın prezidenti olmuşlar. 2001-ci ildən AMEA-nın prezidenti akademik M.Kərimovdur.

    AMEA-nın 5 bölməsi var: fizika, texnika və riyaziyyat elmləri (Fizika İnstitutu, Radiasiya Problemləri İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Kibernetika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, İnformasiya Texnologiyaları İnstitutu); kimya elmləri (Neft Kimya Prosesləri İnstitutu, Aşqarlar Kimyası İnstitutu, Kimya Problemləri İnstitutu,); Yer elmləri (Geologiya İnstitutu, Coğrafiya İnstitutu, Təbiət Tarixi Muzeyi); biologiya elmləri (Nəbatat İnstitutu, Zoologiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Fiziologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Nəbatət bağı, Mikrobiologiya İnstitutu); İctimai elmlər (Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, İqtisadiyyat İnstitutu, Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutu, Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu, Şərqşünaslıq İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Əlyazmalar İnstitutu, Azərbaycan Tarixi Muzeyi, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi). 1972-ci ildə AMEA Naxçıvan filialının elmi mərkəzi yaradılmışdır. Akademiyanın əsaslı kitabxanası var.

    Akademiya alimləri QİYŞ xətti ilə 12 problem üzərində müştərək tədqiqat aparıblar. Akademiya digər xarici ölkələrin elmi müəssələri ilə əlaqə saxlayır. Elmin müasir problemlərinə dair fikir mübadiləsi aparmaq, elmi-tədqiqat təcrübəsini öyrənmək, elmin təşkili ilə tanış olmaq məqsədi ilə hər il akademiyaya çoxlu əcnəbi alim gəlir. Akademiyanın alimləri beynəlxalq elmi qurultay, konqres və simpoziumlarda elm və texnikanın aktual problemlərinə dair məruzələrlə çıxış edirlər. AMEA-nın təşəbbüsü və təşkilatçılığı ilə tez-tez beynəlxalq elmi müşavirə və konfranslar keçirilir. Akademiya alimlərinin əsərləri 40 ölkədə 20 dildə nəşr olunmuşdur.

    Azərbaycan Milli Elmlər Akademiyası Xalqlar Dostluğu ordeni ilə təltif olunmuşdur (1975).

    1993 və 1994-cü illərdə elmi tədqiqat məqsədilə xarici ölkələrə getmiş Azərbaycan alimlərinin sayı 1976-cı ildən 1990-cı ilə qədər gedənlərin sayından çoxdur. 1994-cü ildə isə bu rəqəm artıq 350 nəfərə çatmışdır.

    Elmi əməkdaşlığın xarakteri də əhəmiyyətli dərəcədə dəyişmişdir. Keçmişdən fərqli olaraq Elmlər Akademiyasının Elmi müəssisələrində xarici elmi mərkəzlərlə əməkdaşlıq haqqında 25-dən çox ikitərəfli müqavilə və protokollar imzalanmışdır.

    Ümummilli lider Heydər Əliyevin apardığı ardıcıl, məqsədyönlü və müdrik siyasəti nəticəsində ölkəmizdə sabitliyin yaranması, dövlətimizin suverenliyinin bərqərar olunması, onun iqtisadi müstəqillik yoluna qədəm qoyması, Respublikamızın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması cəmiyyət həyatının bütün sahələrində, o cümlədən elm sahəsində islahatların aparılması üçün böyük zəmin yaratmışdır.

    Azərbaycan Elmlər Akademiyasında elmi-tədqiqat mövzularının yerinə yetirilməsi, əsasən, 5 il müddətinə planlaşdırılmış və alimlərimiz tərəfindən 1996-cı ildən başlayaraq aparılan elmi tədqiqatların böyük hissəsi 2000-ci ildə başa çatdırılmışdır.

    Azərbaycan Elmlər Akademiyasında 2000-ci ildə 116 problemin 387 mövzusu və 1044 işi üzrə elmi tədqiqatlar aparılmış və 175 mühüm elmi nəticə alınmışdır. AMEA-nın institutları, xüsusi konstruktor büroları və təcrübə zavodları 46 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirmiş, bu işlərdən 26-nın tətbiqi başa çatmış, 18-i isə 2000-ci il üçün nəzərdə tutulmuş plan həcmində yerinə yetirilmişdir.

    2000-ci ildə 224 kitab və 3027 məqalə, o cümlədən, 1034 məqalə xaricdə çap edilmişdir. AMEA-nın 187 əməkdaşı xarici dövlətlərə ezam olunmuş, 20 nəfər xarici qonaq qəbul edilmişdir.1995-2000-ci illərdə EA-nın elmi müəssisələrində 737 mühüm nəticə alınmış, 829 kitab və 11929 məqalə çap edilmiş, 61 doktorluq və 291 namizədlik dissertasiyası müdafiə edilmiş, aspiranturaya 497 nəfər qəbul olunmuşdur. İstehsalatda 278 iş tətbiq olunmuş, 800-dən artıq elmi işçi xarici ölkələrdə ezamiyyətdə olmuşdur.

    Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi 1995-2000-ci illər ərzində 34 mühüm elmi nailiyyət əldə etmiş, 47 patent almışdır. 5 ildə 98 əməkdaş - bunlardan 79-u namizədlik, 19-u isə doktorluq dissertasiyası müdafiə etmişdir. 2639 məqalə, 104 monoqrafiya nəşr olunmuşdur.

    Kimya Elmləri Bölməsinin institutlarında 20 problemi əhatə edən 49 mövzu üzrə tədqiqatlar aparılmış, onlardan 47 mövzu və 37 iş başa çatdırılmışdır. Bu illər ərzində 71 namizədlik və 6 doktorluq dissertasiyaları müdafiə edilmişdir.

    Biologiya Elmləri Bölməsinin Botanika İnstitutunda - 25, Zoologiya İnstitutunda - 21, Genetika və Seleksiya İnstitutunda-8, Fiziologiya İnstitutunda-16, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda -16, Mikrobiologiya İnstitutunda- 3 elmi nəticə alınmışdır.

    İctimai Elmlər Bölməsində 10 istiqamət üzrə 38 problemə daxil olan 130 mövzu üzərində tədqiqatlar aparılmışdır.

    Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin alimləri çağdaş humanitar elmlərin ən müxtəlif sahələrində fundamental tədqiqatlar aparmış, bəzi istisnalarla, bunların hamısını yekunlaşdırmış, bir sıra qiymətli nəticələr əldə etmişlər. Ədəbiyyat İnstitutunun alimləri altı cildlik Azərbaycan ədəbiyyatı tarixi üzərində işi intensivləşdirmiş, bu fundamental əsərin şifahi xalq yaradıcılığına həsr edilmiş birinci cildi Bölmədə müzakirə olunaraq nəşriyyata verilmişdir. İkinci cild yazılı Azərbaycan ədəbiyyatı tarixinin XII əsrə qədərki dövrünün fikri-bədii-estetik problemlərini xronoloji yönümdə və mahiyyətdə əhatə edir.

    2000-ci il mart ayının 22-24-də akademik F.Maqsudovun anadan olmasının 70 illiyinə həsr edilmiş Riyaziyyat,mexanika,fizika və kibernetikanın aktual problemləri mövzusunda beynəlxalq elmi simpozium keçirilmişdir

    Ümummilli lider Heydər Əliyev elm sahəsinə daim böyük diqqət və qayğı göstərmişdir. O, özünün 15 may 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adını verməklə Akademiyanın statusunu yüksəltmiş, onun qarşısında mühüm vəzifələr qoymuş, bununla da alimlərimizin xalq və dövlət qarşısında məsuliyyətini daha da artırmışdır.

    2001-ci ilin iyun ayında Akademiyanın həqiqi və müxbir üzvlərinin seçkiləri keçirilmişdir. Bu seçkilər Akademiyanın tarixində xüsusi yer tutmuşdur.Bu seçkilərdə müxtəlif ixtisaslar üzrə 500 nəfərə yaxın iddiaçının sırasından 29 akademik və 91 müxbir üzv seçilmişdir. Beləliklə Akademiya üzvlərinin sayı 79-dan 177-yə çatmışdır. Akademiyanın tərkibində gənc və istedadlı alimlərin sayı xeyli artmışdır.

    2001-ci ildə Milli Elmlər Akademiyası bütün çətinliklərə baxmayaraq öz fəaliyyətini uğurla davam etdirmişdir. Riyaziyyat, fizika, neft kimyası, geologiya və biologiyanın müasir sahələri üzrə yaradılmış elmi məktəblər daha da inkişaf etdirilmişdir. Keçmiş ideologiyadan azad olmuş tarix, ədəbiyyat, dil, iqtisadiyyat, fəlsəfə və hüquq elmləri sahəsində çalışan alimlərimiz yeni, demokratik dövlətin möhkəmlənməsinə, Azərbaycan xalqının mədəniyyətinin və incəsənətinin inkişafına öz töhfələrini vermişlər.

    Akademiyada hesabat ilində 133 problemin 193 mövzusu üzrə elmi tədqiqatlar aparılmış və 125 mühüm elmi nəticə alınmışdır. Akademiyanın elmi müəssisələri, xüsusi konstruktor büroları və təcrübə zavodları 54 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirmişlər.

    2001-ci ildə 248 monoqrafiya, 2960 məqalə, o cümlədən 600 məqalə xaricdə çap edilmiş, elmi forumlarda 500-dən artıq məruzə edilmişdir. Hal-hazırda AMEA-da 373 elmlər doktoru çalışır.

    İndi NATO üzvü olan ölkələrdən bizə çoxlu təkliflər gəlir. ABŞ Dövlət Departamentinin elmi və elmin sənayedə tətbiqini böyük vəsaitlərlə təmin edən Beynəlxalq Elm və Texnologiya Mərkəzinin böyük qrant proqramında Azərbaycanın iştirak etməsi təklifini xüsusilə qeyd etmək olar. Rəyasət Heyəti Akademiyanın İNTERNET Şəbəkəsinin təkmilləşdirilməsi və istismarı haqqında qərar qəbul etmişdir. Bu Şəbəkə Akademiyanın Rəyasət Heyətində, Akademiyanın elmi müəssisələrində, universitetlərdə və bir çox dövlət təşkilatlarında fəaliyyət göstərən 200-dən çox istifadəçiyə təmənnasız xidmət edən və respublikada çox geniş infrastruktura malik olan bir şəbəkədir. Fasiləsiz iş rejimində istismar olunan bu şəbəkənin fəaliyyəti nəticəsində alimlərimiz dünyada gedən ictimai-siyasi, elmi-texniki və sosial-mədəni proseslərə dair müxtəlif qaynaqlardan operativ məlumatlar əldə edə bilirlər.

    AMEA-nın 2001-ci il iyulun 5-də keçirilmiş Ümumi yığıncağında Akademiyada bəzi struktur dəyişikliklərinin aparılması və təşkilati məsələlərə baxılmışdır. Ümumi yığıncağın qərarına əsasən İctimai Elmlər Bölməsi ilə Ədəbiyyat, Dil və İncəsənət Bölməsi birləşdirilərək Humanitar və İctimai Elmlər Bölməsi yaradılmışdır.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli 81 saylı qərarına əsasən AMEA-da struktur dəyişikliyi edilmişdir.

    İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin (İTEM) bazasında İnformasiya Texnologiyaları İnstitutu (İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS) bazasında Radiasiya Problemləri İnstitutu (RPİ) yaradılmışdır. İTİ-nun əsas fəaliyyət istiqamətləri yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Radiasiya Problemləri İnstitutunun əsas fəaliyyət istiqamətləri radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi enerji çevrilmə problemləri, ekologiya, radioekologiyadır.

    2004-cü ildə AMEA ölkədə aparılan irimiqyaslı islahatların elmi bazasını möhkəmləndirmək, onların intensiv həyata keçirilməsində dövlətə yardımçı olmaq, mövcud elmi-texniki potensialı qoruyub saxlamaq və inkişaf etdirmək, yüksək ixtisaslı kadrlar hazırlamaq, respublikadakı nazirliklərin, elmi müəssələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirmək və digər istiqamətlərdə fəaliyyətini davam etdirmiş, bir sıra elmi və elmi-təşkilati işləri həyata keçirmişdir. AMEA RH-ın 25 iclası keçirilmiş və 10 elmi məruzə dinlənilmişdir. Hesabat ilində Akademiyanın beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş, bir sıra xarici dövlətlərlə elmi əməkdaşlıq sahəsində ikitərəfli müqavilələr imzalanmışdır. Akademiyanın 250-yə yaxın əməkdaşı 35 xarici dövlətdə elmi ezamiyyətlərdə olmuş, bir sıra simpozium və konfranslarda iştirak etmişlər. 2004-cü ildə Akademiyanın alimləri beynəlxalq təşkilatların qrant müsabiqələrində aktiv iştirak etmiş, müxtəlif fond və qurumlardan 60-a yaxın qrant almışlar.

    2005-ci il Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi üçün xüsusilə əlamətdar olmuşdur. Azərbaycanda elmin inkişafında mühüm rol oynayan, respublikada aparılan fundamental və tətbiqi tədqiqatları əlaqələndirən və istiqamətləndirən, dünya elmində öz yeri olan, yüksək mənəvi dəyərlərin daşıyıcısı olan müqəddəs elm məbədinin - Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 60 ili tamam olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi dövlət səviyyəsində qeyd olunmuşdur. Akademiyanın elmi müəssisələrində 159 problemin 488 mövzusu üzrə tədqiqatlar aparılmış və 140-dan artıq mühüm elmi nəticə alınmışdır. 71 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədbirlər həyata keçirilmiş, bu işlərin 42-sinin tətbiqi başa çatmış, 27 iş hesabat ili üçün nəzərdə tutulmuş plan həcmində yerinə yetirilmiş, plandan əlavə isə 9 iş tətbiq olunmuşdur. 350-dən çox kitab, 4800-ə yaxın məqalə, o cümlədən 900-dən çox məqalə xaricdə çap edilmişdir. 50-yə yaxın patent, müxtəlif fond və qurumlardan 70-ə yaxın qrant alınmışdır.

    Rəyasət Heyəti Akademiyada islahatların aparılması, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, kadr hazırlığının yaxşılaşdırılması, elmi işçilərin məsuliyyətinin artırılması, elmi və elmi-xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, ötən müddət ərzində Akademiyanın elmi istiqamətləri və elmi-tədqiqat işlərinin planları ekspertizadan keçirilmiş, onun strukturunun təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər görülmüşdür. Aktuallığını itirmiş bəzi elmi-tədqiqat işləri dayandırılmış, bir sıra şöbə və laboratoriyalar ləğv edilmiş, bəziləri birləşdirilmiş, yeniləri yaradılmış, Akademiyanın fəaliyyətini tənzimləyən əsas normativ sənədlər yenidən işlənib hazırlanmışdır.

    Elmi-texniki potensialın istifadəsinin səmərəliliyini artırmaq, onu respublikamız üçün mühüm əhəmiyyət kəsb edən prioritet elmi istiqamətlərin işlənməsinə yönəltmək, maddi-texniki və maliyyə vəsaitlərindən səmərəli istifadə etmək, elmi-tədqiqat işlərində paralelizmi və təkrarlanmanı aradan qaldırmaq, elmi-tədqiqat prosesini intensivləşdirmək və Akademiyanın strukturunu daha da təkmilləşdirmək məqsədilə Akademiyanın Rəyasət Heyəti bir sıra tədbirlərin həyata keçirilməsini planlaşdırır.

    Rəyasət heyətinin bölmələri

    Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi
    Yer haqqında Elmlər Bölməsi
    Humanitar və İctimai Elmlər Bölməsi
    Biologiya Elmləri Bölməsi
    Kimya Elmləri Bölməsi

    tel: +99412 390167, fax: +99412 396121,
    http://www.elm.az/
#01.07.2009 14:25 0 0 0