Layıskı Lətifələri - Layıskı Lətifəsi
Layıskı Mola Cümə kimi el sənətkarının vətənidir. Şəkinin türk kəndlərindən birinin adıdır. Bu sözün mə‘nası ilə bağlı mübahisə edənlər də var. Biz aşığın dastanlarının 30-cu illərə aid əlyazmalarını nəzərdən keçirəndə bir faktla rastlaşdıq. Molla Cumanın şagirdi el aşığı Əhməd Qafarov kəndinin adını bir neçə yerdə «Lay işığı» şəklində təqdim edir. Bu ya «Ay işığı» deməkdir, ya da «işıq layı» - «işıq» topası mə‘nasını verən sözdür. Maraqlıdır ki, Layişıqlılarının bir neçə öz lətifə qəhrəmanları var. Onlardan bir qismini Molla Cumanın nəvəsi Elman Əzizovun dilindən yazıya almışıq.

1. ALÇAQ SƏSLƏ OXUYAR

İki dost qarşılaşırlar. Biri o birinnən soruşur:
-Həsənin başına gələni eşidibsən?
-Yoo, nolub?
-Bacısını ölmüş bilitdilər. Tabuta qoyub qəbiristanlığa aparıtdılar. Molla fatihə veritdi, bı ölü arvat da asqırıb qalxıf. Hayındı sən allahın işinə bax da, yoxsa diri-diri basdıracitdiler.
O biri deyir:
-Ə, sən nə yaxşı adamsan. Hıbını maa vaxtında danışdın. Qaynanam bərk azarlayıf.. Bir şey olsa, mollaya diyərəm fatihəni alçaq səslə oxuyar.

2. DOVĞA

Baba oğlu Əhməd toya gedir. Yamək gəlir. Dovğa qaynar olur. Əhməd ləlöyün kimi dovğanın üstünə cumub bir qaşıq alır. Ağzının cızdağı çıxır. Amma camaat içində dovğanı qaytarmağa utanır, canını boğazına yığıb qaynar-qaynar udur. Qonşusu görür ki, Əhmədin gözündən yaş gəlir, soruşur:
-Ə, Əhməd, niyə ağlayırsan?
-Nənəm yadıma düşütdü, rəhmətdik dovğanı çox istiyirdi.
Qonşusu:
-Allah rəhmət eləsin, yaxşı arvadıydı- deyib dovğa kasasını başına çəkir və bağırtısı aləmi bürüyür:
-Ə sənin nənən də, baban da belə belə olsun.

3. YANI BALALI CEYRAN

Bir gün Baba oğlu Əhməd gilməgəyə deyir ki, Hüseyn bir ceyran tutub yanı balalı, dipdiridi.
Yerbəyerdən səslənirlər:
-Gopa basma.
-Özüm habı gözümlə görmüşəm.
Kəndə hay düşür. Hamı axışır Hüseyngilə. Təəccüblənmiş Hüseyn soruşur:
-Nolub?
Bildirirlər ki, bəs, Baba oğlu Əhməd deyir ceyran tutubsan, yanı balalı.
Əhməd adını eşidən Hüseyn işi başa düşür. Tez içəridən arvadını çağırır:
-Az, Ceyran, uşaqlarını götür, gəl bura, saa baxmağa gəliflər.

4. BUSANDA ÇIXAN

Şindən (Baş Laysqı sovetindəki Ləzgi kəndi) bir ləzgi Qədir dayının dükanına kəlir vazelin almağa. Deyir:
-Qüdür dayü, süzdə busanda çuxan, cumdağa sürənnən var?
Qədir dayı cavab verir:
-Var, amma basanda çıxmır, açanda yaxılır.

5. AYAQQABI ALVERİ

Bir Laysqılı Şəkiyə ayaqqabı almağa gəlir, univermağa girib otuz manatlıq «Bakinski» ayaqqabını götürüb başlayır ora, burasına baxmağa, bir saat o yana bu yana çevirir, gözdən keçirmədiyi deşiyi qalmır, on dəfə geyibçıxardır.
Axırda «Bakinski» ayaqqabı deyəsən layıskılının ürəyinə yatmır. Satıcıdan soruşur ki, bir az babatı var?
Şəkili müştərisinin hərəkətlərindən bezib deyir:
-Zalım oğlu, otuz manatdıq ayaqqabıya bir saatdı baxırsan, lap ürəyimi üzdün. Hayındı doxsan manatdıq xarici ayaqqabı gətirsəm, yamaya verib altına girərsən ki.

6. ÜRDƏK

Layıskı kəndinə bir ləzgi gəlir. Nahar vaxtıydı. İşçilər oturub çay içirdilər. Şəkilinin biri deyir ki, ləzgi içəri girəndə hamımız ağzımıza su alıb sakit duraq. Onunla bir az məzələnək. Çünki o gün sinəsinə döyürdü ki, heç kəs məni bağlayammaz.
Ləzgi içəri girib görür ki, hamı susur. Soruşur:
-Bulara nə ulub, ə?
Biri deyir ki, səhərdən fikirləşirik, amma «ü» ilə gələn quş adı tapammırıq.
Ləzgi bir az başını qaşıyır, birdən qışqırır:
-Ürdək, ürdək.

7. STALİN KƏTDƏDİ

Xuruşovun vaxtında Stalinin Baş Laysqıda xəstəxanın qarşısındakı hnykəlini götürürlər. Ayaqlığı qalır. Şər qarışan vaxt «dekan» Tofiq çıxır podstamentin üstünə və əlini Stalin kimi irəli uzadıb dayanır. Cığırla gələn qonşusu onu Stalin bilir, həmişəki kimi yanınnan kirimişcə ötüb keçmək istəyir. Kişi «heykəl»ə çatanda «dekan» Tofiq görür ki, məzəsi baş tutmadı, qəflətən əlini aşağı salıb kişinin başına şillə vurur. Qonşu yıxılıb özündən gedir. «Dekan» Tofiq ha əlləşir, kişini ayıldammır, cammaatı haylayır. Ağzına cəftə suyu tökürlər, xeyiri olmur. Kişini xəstəxanaya aparırlar. Dava-dərmannan sonra özünə gətirirlər. Kişi gözlərini açan kimi bağırır:
-Stalin dirilib, bizim kənddədi. Camaatı dağlarda gizlədin, hamını qıracaq…
Kişi bir ay başı hovlu gəzir, onu xəstəxanadan çıxartmaq istəyəndə bağırır:
-Stalin kənddədi… Stalin dirilib…
Kəndə işləri tökülüb qalır başlı-başına. «Dekan» Tofiq qonşusuna bir neçə dəfə baş çəkir, amma onu inandıra bilmir ki, Stalin-zad yoxdu, o mən idim. Ağlını başına yığ, gedək öyünə-eşiyinə.
Qonşusu o dəqiqə deyir:
-Stalin kənddədi, başıma qapaz vurar axı.

8. ƏMİ-MÜƏLLİM

Usta Nəsib Qutuq məktəbində e‘malatxanada işləyir və bir dəfə xəstə müəllimin əvəzinə şagirdlərə əmək dərsi deyir.
Axşam danaları itmiş uşaq meşədə onunla rastlaşır və soruşur:
-Nəsib əmi-müəllim, bizim dananı görməyibsən?

9. DƏDƏM

Atası Tacəddinə eşşək alır. Sevinən uşaq eşşəyə minib dükanın qabağı ilə gedirmiş. Qeybulla kişi soruşur:
-A bala, eşşəyin böyüyü kimdi?
-Dədəm. -deyə Tacəddin cavab verir.

10. HABI BULAH, HABI DA ÇAYNİHLƏR

Aslan kişi kolxozda qarğıdalı əkir. Kişi hər dəfə bulağa su dalınca getmək istəyəndə yoldaşları çayniki verib deyirlər:
-Aslan, çay qoymağa bizə də su gətir.
-Öz əloz, ayaöoz yoxdu?
-Biz bulağın yerini bilmirik.
Bir gün belə, beş gün belə, axır Aslan bezir. Günorta çaynikləri götürüb gəlir bulaq başına və yerə uzanıb başlayır qışqırmağa:
-Amandı, qoymuyun, öldüm…
Səs eşidən yoldaşları elə bilirlər Aslanı ilan çalıb, işlərini buraxıb hamı cumur bulaq başına. Onları görən Aslan ayağa qalxıb deyir:
-Habı bulax, habı da çaynikləriz. Yerini bildiz, bi də sizə su gətirən döləm.

11. BAŞ DAŞINI YAZDİRACAM

Bakıda yaşayan laysqılının nəvəsi imtahan verib gedir kəndə. Nənəsi deyir ki, bala, instituta qəbul olsan, camışları satıb səni oxudacam.
Bu sözlərdən sevinən nəvə deyir:
-Çox sağ ol, nənə. Əvəzində mən də sənin baş daşını yazdiracam.

12. BİZİM ÖYDƏN ÇOX AŞAĞIDA OLULLAR

Bir laysqılını tutub aparırlar. Bir neçə gün dustax saxladıqdan sonra prokuror onu yanına çığırıb soruşur:
-Hardansan?
-Baş Layısqıdan.
-Molla Cumanın kəndindən?
Laysqılı sevinir ki, işi düzəlir. Aşığa görə onu buraxarlar. Deyir:
-Hə. Molla Cumanın…
-Daa sənsən də, el sənəkarının yerlisisən, Molla Cumadan bir şe‘r de, get.
Layısqılı görür ki, işini yaman düyünə saldı. Yazıx ömründə şe‘r öyrənməmişdi. Ha başını qurdalayır, içindən bir şey çıxardammır. Deməyə qorxur ki, bilmirəm, sonra prokuror əsəbləşib onu təzədən içəriyə basar. Bir xeyli fikirləşib dillənir:
-Yoldaş prokuror, Molla Cumagil bizim öydən çox aşağıda olurlar.
Prokuror gülümsünüb layısqılıya qapını göstərir:
-Ə, sürüş burdan, səni bir də gözüm görməsin.

13. YEMƏK YARIŞI

İsmayıl yaxşı yeyib-içən adam idi.
Bir gün Hasıl müəllim onunla mərcləşir ki, mən sənnən çox yeyərəm. Hasılgilə otururlar. Xingal bişirilir. Bir sini şəkili İsmayılın qabağına gəlir, bir sini də Hasıl müəllimin. İsmayıl öz payını yeyir, sonra qazanda qalanı ötürür. Yenə doymur.
-Gətirin, - deyir.
Qonşulara ayrılan payları da qarnında yeləşdirib görür daa xincal tappırlar. Bir az da bərkisə arvaddar təzədən xəmir yoğuracaqlar. İlin, günün qıt vaxtı onnarı xərcə salmaq istəmir. Durub gülə-gülə gedir evlərinə.
Bir sini xingalı güclə yeyib başa çatdıran Hasıl müəllim isə qarnının ağrısından səhərə kimi yatammır, məhlədə ora-bura qaçır ki, yedikləri həzm olsun.

14. QOVURMA ÇÖRAH

Şahvələd müəllim Qaşqaçayda (Qaxın baş Laysqı ilə yanaşı kəndi) dərs deyirdi. Hər gün iki dağ aşıb evə nahara gəlirdi. Bir gün dağın başında bir Qaşqaçaylı ilə rastlaşır. O kişi bunnan soruşur:
-Hara?
Şahvələd müəllim cavab verir ki:
-Öyə yeməyə gedirəm.
Qaşqaçaylı deyir:
-Qayıdax bizə, saa qovurma çörək verim.
Qovurma sözünü eşidəndə Şahvələd müəllimin ağzı sulanır. Ho boyda yolu təzədən qayıdır Qaşqaçaya. Oturub xeyli gözdəyir ki, hayındı ət qovurması gələcək, bu da ləzzətnən yiyəcəh. Bir də görür ki, ev yiyəsi maşanı götürüb qoyur peçin üstünə, bir neçə dilim əppəyi ora düzüb başlayır o üz, bu üzə çevirməyə. Sora bir qaba yığıb uzadır Şahvələdə:
-Müəllim, hayındı ürəyin istadığı qədər yi qovurma çörəhdan.

15. LAYISQILININ ŞAİRLİYİ

Bir Layısqılı bərk sərxoş olur. Yıxılıb başgözünü əzir. Təsadüfən gözü güzgüyə sataşır, cuşa gəlib deyir:
-Vurub başımı divara qan eyləmişəm.
Sonra baxıb güzgüyə of qan! of qan! - söyləmişəm.

16. VER YESİNNƏR

Bir gün Şirin kişi evə gələndə görür ki, uşaqlar ağlayır. Təzə arvadı da mürəbbə bişirir. Soruşur:
-Nə olub?
Arvadı deyir ki, uşaqlar mürəbbə istəyir, mən də vermirəm.
Kişi deyir ki, ver yesinlər.
Arvad:
-Olmaz, qışda yeyərlər.
Şirin kişi hirslənib bir uzun taxta parçasını əlinə götütür:
-Ver yesinnər, deyirəm, hələ gör mən səni heç qışa saxlayacam, onnan sora qışın dərdini çək.

17. ÜÇ ARVAD ALMIŞAM

Laysqılı Şirin kişi on birə yaxın arvad almışdı. Əmisi oğlu Nəbi onunla məzələnmək istəyir. Deyir:
-A kişi bəsdi daa, nə qədər arvad almaq olar?
Şirin kişi bığlarını oynada-oynada cavab verir:
-Əmioğlu, nə qədər arvad almışam ki?
Kişi Nəbiyə «on» kəlməsini dilinə gətirməyə imkan vermədi. Sualını özü cavablandırdı:
-Bax da, o boyda Göynükdən cəmisi üç arvad almışam, sən də deyirsən ki, bəsdi.

18. DALIMCA TÜLKÜ DÜŞÜB

Babaoğlu Əhməd Şəkiyə satmağa toyuq aparır. Bazara çatıb ayağını avtobusdan yerə qoyan kimi bir alverçi düşür bunun dalınca. İstiyir kəndlini xamlayıb toyuğu ucuz alıb özü baha satsın. Əhməd də bunu tanıyırmış. Başlayır toyuq qoltuğunda bazarı əlk-vələk eləməyə, alverçi də bunu qaraba izləməyə. Düz üç dəfə bu qabaqda, alvaerçi də dalda bazarı fırlanırlar. Yorulub əldən düşən alverçi axırda cumub Əhmədin qolundan yapışır:
-Ə, toyuq, bir dayansana, hara qaçırsan?
Əhməd cavab verir.
-Nə təər dayanım, görmüsən, tülkü dalımca tülkü düşüb?

19. ÜRƏYİM PARTLAYIR

Şirin kişi yenə də Göynükdən arvad alır. Onu bəy kimi qabağa çaxarmağa hazırlaşırlar. Kişini geyindirib-keçindirib toy məclisinə aparanda əmisioğlu Nəbi deyir:
-Şirin kişi, özünü yaxşı apar, ağır ol, büyünkü günündə də olsa, söyüş söymə.
Şirin kişi deyir:
-Get, özaa, yeri gəlsə, söyəcəm.
Nəbi nə qədər xahiş-minnət edir, kişi razılaşmır ki, razılaşmır. Axırda əmisioğlu üç manat pulla onun ağzını bağlamaq istəyir. Şirin kişi pulu alıb bildirir ki, daa səin xətraa söyüş söymərəm.
Qonaqlıq başlayır. Bəy özünü çox ağır aparır. Danışıb eləmir. Ortaya aş gəlir, aşın üstündə də xoruz. Adətən, qaranı bəy bölüşdürür, sonra iştahla yeyirlər. Ancaq bəy bismillah eləməmiş, qız öyünnən olan göynüklü əl atıb bişmiş xoruzu götürür, sağ budunu qoparıb qabağına qoyur və başlayır dişinə çəkməyə. Əsəbiləşən Şirin kişi əlini salır cibinə, üç manatı çıxarıb verir Nəbiyə.
-Əmioğlu, - deyir, - götür pulunu, maa qismət deyilmiş. Mən bunun anasına söyməsəm, ürəyim partlayar.

20. SÖZÜMÜ DEMƏYƏ İMKAN VERMƏMİSƏN…

Bir cavan satıcı ilə xeyli danışandan sonra arvadı Hacı dayıya şikayət edir:
-A kişi, hunu görürsən? Tərbiyəsiz köpəh uşağınnan allah kəlməsi kəsirəm, elə şonquyuf üzümə baxır, ağzı da qaranquş balası kimi həmişə açıla qalıf. Arvad-zad görmüyüf-nədi?
Hacı dayı ağzını aralayıb istəyir ki, cavab versin, amma arvad imkan verir, oğlanın qarasınca söyür. Axır bir fürsət tapan Hacı deyir:
-Arvad, bəlkə o yazıq da ağzını açırmış ki, sözoo qabağına söz çıxarsın. Yazığa sözünü deyib ağzını bağlamağa imkan verməmisən daa.

21. BALDIZININ BACISIGİLDƏ

Mirzəli kişi təzəcə evlənmiş şagirdini yoxlamaq üçün soruşur:
-Eşitdim qaynının yeznəsinin evində olursan?
Şagird soruşur:
-Usta, bəs onda sən harda olursan?
Mən?
-Yə‘qin baldızının bacısıgildə.

22. GÖRDÜN TOYDU - BİL SOYHASOYDU

Kənddə toy imiş. Hərəyə bircə boşqab yemək verirlər. Əhməd kişinin qarnı doymur. Ayağaa qalxıb məclisin bir başından qışqırır:
-Əə, bu necə toydur, acından qırıldıq. Atalar deyib, «Elə ki, toydu, qarınnar doydu». Barı ulu babalarımızın xətrinə yeməyi doyunca verin daa!
Onun yanında oturan Muxtar baba tez kişinin çiynindən yapışıb yerində oturtdurur. Deyir:
-Habra bax, qonşu, Sən deyəni köhnə atalar deyib. Bular təzə ataların söylədiyi kəlamlarla işlə. Əşi, otur aşağı ! Köhnə atalar deyib:toydu, doydu. Bunar işlərini təzə atalar söyləyən kəlamlarla qurublar.
Əhməd kişi çiynini çəkib dillənir:
-Nə deyiblər təzə atalar.
-Deyiblər ki, «Gördün toydu, bil soyhasoydu».

23. BİR AZ DA SİZ YUBATMAYIN

Evdə qalmış bir qızı axır ki, otuz beş yaşında ərə verirlər. Ata-anası çox dəbdəbəli toy şənliyi qurdurur. Zurnaçı Əlövsət üfürməkdən ordları şişir, nəfəsi çəsilir. Qızın qohum-əqrabası ortadan çıxmır ki, çıxmır. Gecədən xeyli keçənnən sonra gəlini evdən çıxardırlavr. İndi də mərəkə oğlan evinin həyətində başlayır. Qapıya çatıb maşınnan düşürürlər. Oğlanın ana, bacısı gəlinin qabağında o qədər dayanıb xoş-gəldin eləyirlər axırda zurnaçı haldan düşür, nəfəsi gücnən gedib-gəlir.
Bunu görən Əhməd baba qışqırır:
-Sağ olun, ay qızlar, daa bəsdi, hayındı qaçın gəlinin qabağından, onsuz da çox gec ərə gəlib, bir az da siz yubandırmayın. Qoy gedib muradına çatsın.

24. «XƏNGƏLƏO» VER

Layısqılı ilk dəfə şəhərə gəlir. Bərk acır. Eşitmişdi ki, yeməkxanaya girib istədiyini sifariş verirsən gətirirlər. Kişi bir kafeyə girib bir cavan oğlanla yanaşı əyləşir. Onların qabağına menyu gətirirlər. Oğlan götürüb baxır. Kişi fikirləşir ki, mən kəndçi babayam, şəhər qayda-qanunlarını yaxşı bilmirəm, bu oğlan nə eləsə, mən də o qaydaynan gedim.. Afisiant onların stoluna yaxınlaşıb soruşuur:
-Sizə nə gətirim?
Oğlan cavab verir ki, kakao.
Kişi belə xorək adı eşitməmişdi. Elə bilir şəhərlilərin dili belədi. Növbə ona çatanda deyir:
-Bala, maa da xəngəlao ver.

25. DİRİ TUTSUNNAR

Kənddə bir nəfər televizor alır. Qonum-qonşu baxmağa gəlir. Bu zaman xokkey repartajı gedirmiş. Hamı bir-birindən bunun nə olduğunu soruşur. Heç kim bilmir. Deyirlər Cəfəri tapın, o şəhərdə çox olur. Bu kişilərin əyinlərinə qəribə paltap keçirib, başlarına maska taxıb, əllərinə də bir yekə çoban dəyənəyi alıb bu Hannan o yana, o yannan bu yana qaçmalarının səbəbi nədir.
Cəfər gəlib bir xeyli tamaşa etdikdən sonra deyir:
-Vallah, qara şeyin nə olduğun bilmirəm, əmma köpəh uşaqları özdərini öldürüllər, başdarını buza, divara vurullar ki, diri tutsunNar.

26. BİZİM ÖYÜMYZƏ APARILLAR

Ata-oğul yol gedirmişlər, qarşılarına cənazə aparan bir dəstə çıxır. Uşaq atasından soruşur:
-Dədə, görəsən o rəhmətliyi hayındı hara aparırlar?
Atası cavab verir:
-Nə təri deyim, bala, onu elə bir yerə aparırlar, orda nə gün işığı, nə yemah, nə içmah, nə də geyinmah, pal-paltar olur.
Uşaq deyir:
-Daa denən bizim öyümüzə aparıllar da?!

27. ÜRƏK-DİRƏK VERİRDİM

Uşaqlar öz yerlərində əyləşən kimi müəllimlə Əhməd arasında sorğu-sual başlanır:
-Bala, dünən dərsə niyə gəlməmişdin?
-İşim vardı.
-Nə işin?
-Böyük qardaşım ağrıyan dişini çəkdirməyə getmişdi.
-Ondan sənə nə var?
-Mən də həkimin yanındaydım.
-Niyə? Sənin də dişin ağrıyırdı?
-Yox, Qardaşıma ürək-dirək verirdim.

Beğeniler: 1
Favoriler: 0
İzlenmeler: 1035
favori
like
share