Mirzə Babayev

Son güncelleme: 10.07.2009 00:46
  • Mirzə Babayev Qimdir - Mirzə Babayev Haqqında - Mirzə Babayev Hayatı
    noimage

    Yaşı 90-ı haqlasa da, gənclik hərarəti var idi Mirzə müəllimin qəlbində. Oxuyurdu, rəqs edirdi, sifətindəki təbəssüm tamaşaçını ovsunlayırdı. Mirzə Babayev 2003- ci il yanvarın 13-də, ömrünün 90-cı ilində dünyasını dəyişdi. 1913-cü ildə də dünyaya gəlmişdi. Bu istedadlı sənətkarın ömür kitabını vərəqlədikcə Azərbaycanımızın musiqi tarixinin böyük bir dövrü gözlərimiz qarşısında canlanır. Bu tarixin Mirzə Babayevlə bağlı səhifələri daha maraqlı, daha zəngindir. Mirzə Babayevin tərcümeyi-halı bir əsrə yaxın bütöv bir dövrü əhatə edir.

    1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Bülbülün sinfinə daxil olur. Müəllimi hələ o zaman hiss etmişdi ki, Mirzə Babayevin həm də aktyorluq istedadı var. Elə bu istedaddan irəli gəlirdi ki, o, 20-dən artıq filmdə obraz yaratmışdı. Bu gün onun çəkildiyi filmlərə, televiziya verilişlərinə baxdıqca bu böyük sənətkara xalq məhəbbətinin, onun musiqimizin inkişafındakı xidmətlərinin canlı şahidinə çevrilirsən. Bu mötəbər musiqi ocağında dünya və milli musiqimizin elmi əsaslarına yiyələnən Mirzə Babayev tezliklə Azərbaycan estradasının ulduzlarından birinə çevrilmişdi. Harda işləməsindən asılı olmayaraq, M. Babayev milli musiqimizin təbliğatçısı idi. Onu yaxşı tanıyır və sevirdilər.

    Tamaşaçılarla hər görüşü böyük bir bayram olardı. Müğənninin oxuduğu elə mahnılar var idi ki, ancaq onun adı ilə bağlı idi. "Mirzə müəllimin mahnıları" ifadəsi xalq dilində artıq məxsusi deyimə çevrilmişdi. Mirzə müəllim aktyor-müğənni idi. O, ifa etdiyi mahnının bütöv obrazını yaradırdı. Mahnıları oynaq və şirin idi. Tamaşaçı bu nəğmələri dinləyəndə qəlbini nikbin bir ruh bürüyərdi. "Liman", "Saçlarına gül düzüm", "Sən uzaq, yaşıl ada" mahnılarını onun ifasında dinləmisinizsə, yəqin ki, ruhunuz, qəlbiniz təmizlənib, nəğməli bir dünya yaşamısınız. Doğrusu, bu gün adam Mirzə müəllimin yoxluğuna inana bilmir. Elə hiss edirsən ki, yenə də hansısa konsertdə səhnəyə çıxıb gənclik həvəsiylə öz nəğmələrini oxuyacaq. Yaxşı ki, bu nəğmələrin yazıldığı lentlər, kassetlər saxlanılır və onlar kifayət qədərdir.

    M. Babayev Azərbaycan estrada musiqisini çox-çox yüksəklərə qaldırıb, onu sevdirib, səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaradıb. Oxuduğu mahnıların hər birində nikbin, həyatsevər bir ovqat yaradıb. Yaşının ahıl dövründə belə qəlbində gənclik hərarəti var idi. Tofiq Quliyev, Emin Sabitoğlu kimi bəstəkarların mahnıları onun ifasında ədəbilik qazanmışdı. Mirzə müəllim Azərbaycan musiqi tarixində nadir ifaçılardandır ki, mahnıları uzun illər repertuarında yaşamışdır.

    Mirzə müəllim həm də gözəl kino aktyoru idi. Azərbaycan kinosunda onun yaratdığı rolların özünəməxsus gözəlliyi var. Bu rolların epizodik və yaxud böyük həcmi olmasının o qədər də fərqi yoxdur. Mirzə Babayev yaratdığı obrazı duyur, öz içindən keçirir və tamaşaçıya onu bütöv xarakter kimi təqdim edir. Müsahibələrinin birində demişdi ki, mən 100-dən artıq filmdə çəkilmişəm. Ancaq filmlərdə ifa etdiyi mahnıların sayı, bəlkə də, iki o qədərdir.
    "Dərviş Parisi partladır"da Məstəli şahı oynayır. Kamil Rüstəmbəyovun bu filmində aktyor çox orijinal bir obraz yaradıb. Hətta bu vaxta kimi Məstəli şahın teatrdakı ifaçılarından da çox-çox irəli gedə bilib. Ümumiyyətlə, Mirzə Babayevin kino qəhrəmanları, əsasən, kübar insanlardır. "26-lar", "Sevil", "Yenilməz batalyon" və onlarca digər filmlərdə aktyor yaddaqalan, gözəl obrazlara ekran həyatı vermişdir. Mirzə Babayevin artistizminə nikbin bir ruh hakim idi.

    O çox vaxt, hətta yaşlı dövründə də gənclərlə səhnəyə çıxmağı xoşlayır, şux zarafatları ilə zaldakı tamaşaçıları ələ ala bilirdi. Elə bil kinodakı rollarına da hopmuşdu bu əhval-ruhiyyə. Onunla işləyən rejissorlar deyirdilər ki, Mirzə müəllimlə işləyəndə heç yorulmaq bilmirdik. Çəkiliş meydançasında elə əhval-ruhiyyə yaradırdı ki, hamı məmnun qalırdı. Ekranda görünməsi ilə tamaşaçının ovqatına tamam yeni bir ruh gətirirdi. Bir sözlə, o yaratdığı obrazın əsl memarına çevrilirdi. Hərdən isə obrazlarına şirin, məlahətli mahnıları ilə özgə bir ovqat verirdi. Bizim kinoda Mirzə müəllim qədər mahnı ifa edən ikinci bir müğənni, demək olar ki, yoxdur. "Onu bağışlamaq olarmı?" filmində Tərlanın mahnılarını xatırlayın. "O olmasın, bu olsun" filmində Məşədi İbadın bütün mahnılarını o ifa etmişdir. Mirzə Babayevin müğənni kimi ifaçılığı ilə aktyorluğu ahəngdarlıq təşkil edirdi. "Dəli Kür" filmində Molla Sadığın qurduğu kef məclisini xatırlayın.

    Hamının tanıdığı və sevdiyi Mirzə müəllim haqqında danışmaq o qədər də asan deyil. Ona görə ki, Mirzə müəllim hər gün, hər an tamaşaçıların arasında idi. Onların alqışları altında mahnıları ifa edərdi. Mirzə müəllim milli musiqimizi xarici ölkələrdə çox məharətlə təmsil edirdi. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanımızın musiqi sənətinin təbliğatçısı kimi çıxış etmişdir.
    Mirzə Babayevin yaradıcılığından cild-cild kitablar yazmaq olar. Çünki onun həyat yolu mədəniyyət və incəsənətimizin zəngin bir dövründən keçir. Bu gözəl sənətkar haqqında, yəqin ki, çox dəyərli filmlər çəkiləcək, geniş həcmli monoqrafiyalar yazılacaq. Onun mahnıları, filmləri uzun illər bu xalqın mənəvi yaddaşında ən həzin duyğular kimi yaşayacaq.

    Bəli, zaman keçəcək, nəsillər dəyişəcək, amma mənəvi dəyərlərimiz arasında milli musiqimizin əvəzsiz xadimlərindən biri, "Şöhrət" ordenli Mirzə Əbdülcabbar oğlu Babayevin yaratdığı qənirsiz mahnılar, nəğmələr öz gözəlliyini itirməyəcək. Çünki bu mahnılar bu xalq üçün yaranmışdı və xalq da onların ifaçısını sonsuz məhəbbətlə sevirdi.
#10.07.2009 00:46 0 0 0