Bulut Qaraçorludan Səhənd bir şe'ri - Azerice Şiirler - Bulud Qaraçorlu Səhənd

Mən demirəm üstün nəjaddanam mən
demirəm elim ellərdən başdır

Mənim məsləyimdə, mənim yolumda
millətlər hamısı dostdur, qardaşdır

Çapmaq istəmirəm mən heç milləti
nə dilin nə yurdun nə də əməyin

Təhqir eləmirəm, hədələmirəm
keçmişin, indisin ya gələcəyin

Mən ayırmıram, ayrı salmıram
qardaşı qardaşdan, arvadı ərdən

Ananı baladan, əti dırnaqdan
ürəyi ürəkdən, qanadı pərdən

Pozmaq istəmirəm mən birlikləri
insanlıq birliyi idealımdır

Qardaşlıq, yoldaşlıq, ədəbi barış
dünyada ən böyük arzularımdır

Ancaq bir sözüm var "mən də insanam"
dilim var, xalqım var, yurdum-yuvam var

Yerdən çıxmamışam göbələk kimi
adamam, haqqım var, elim-obam var

Qul yaranmamışam yarananda mən
heç kəsə olmaram nə qul nə əsir

Qurtuluş əsridir insana bu əsr
əsir olanlarda zəncirin kəsir

Bulut Qaraçorlu

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 874
favori
like
share