QUTABLAR

Həvəskar qutabı


Xammalların miqdarı ət qutabında olduğu kimidir. Əlavə olaraq qoyun qarnı və bağırsağı - 150q.
Emal olunmuş qoyun qarnı və bağırsağını qaynar suda pörtüb soğanla ətçəkən maşından keçirirlər. Qiyməyə lavaşana və nar dənələri əlavə edib xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülür. Qutabın hər iki üzü yağda qızardılır. Sumaq ayrıca verilir.




Qabaq qutabı


Qabaq - 250q, nar - 25q, buğda unu - 140q, baş soğan 25q, ərinmiş yağ - 30q, darçın - 0,1q, duz.
Qabaq təmizlənir, kub şəklində doğranıb öz buğunda bişirilir. Ona yağda qızardılmış soğan, duz, darçın və nar dənələri qatılıb qarışdırılır. Həmin qiymə xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülüb hər iki üzü tavada qızardılır. Süfrəyə verildikdə üsütə yağ tökülür.




Göyərti qutabı


İspanaq - 150q, turşəng - 150q, göy soğan - 50q, keşniş və şüyüd - 15q, buğda unu - 140q, ərinmiş yağ - 20q, kərə yağı - 20q, lavaşana - 10q, yumurta - 1/5 əd., qatıq - 50q, istiot - 0,1q, duz.
Göyərti yuyulur, iri doğranır və yağda qızardılmış soğanla öz buğunda pörtülür, duz, istiot və lavaşana vurulub qarışdırılır. Una yumurta, duz qatılıb bərk xəmir yoğrulur. 1-0,5 mm qalınlığında yayılıb dairələr kəsilir. Hazır göyərti qiyməsi xəmir dairələrinin içərisinə qoyulur, aypara şəklində bükülüb hər iki üzü yağsız tavada bişirilir. Süfrəyə verdikdə üzərinə ərinmiş kərə yağı tökülür. Yanına qatıq qoyulur.




Ət qutabı


Qoyun əti - 108q, baş soğan - 20q, lavaşana - 15q və ya nar - 20q, buğda unu - 110q, ərinmiş yağ - 30q, sumaq - 3q, istiot - 0,1q, duz.
Duzlu su ilə undan bərk xəmir yoğrulur, 1- 0,5 mm qalınlığında yayılıb kiçik boşqab ölçüsündə dairələr kəsilir. Ətlə soğandan hazırlanmış qiyməyə nar, lavaşana qatılıb xəmir dairələrinin içinə qoyulur və aypara şəklində bükülür. Qutab yağ içində qızardılır. Süfrəyə verdikdə üstüna sumaq səpilir.




Yabanı göyərtidən qutab


Yabanı göyərti (balva, quşəppəyi, quzuqulağı, gicitikən, cincilim və s.) - 400q, buğda unu - 150q, ərinmiş yağ - 20q, lavaşana - 10q, yumurta - 1/2 əd., maya - 10q, qatıq - 50q, kərə yağı - 20q, istiot, duz.
Göyərti təmizlənir, yuyulur və yağda pörtlədildir. Göyərtiyə duz, istiot və lavaşana qatılıb yaxşıca qarışdırılır. Una yumurta, su, duz və maya qatılıb xəmir yoğrulur. Xəmir gəldikdən sonra kündələnir 2mm qalınlığında kiçik dairələrə yayılır. Arasına göyərti qiyməsi qoyulub aypara şəklində bükülür və qızğın hər iki üzü bişirilir. Süfrəyə verdikdə qutabın üstünə ərinmiş kərə yağı tökülür, yanına isə qatıq qoyulur.




Göyərti ilə kəsmik qutabı


Göyərti 200q, ispanaq - 75q, turşəng - 76q, göy soğan - 25q, keşniş və şüyüd - 25q, kəsmik - 100q, buğda unu - 140q, ərinmiş yağ - 20q, kərə yağı - 20q, yumurta - 1/5 əd., istiot, duz.
Göyərti təmizlənir, yuyulur və yağda qızardılmış soğanla pörtlədilir. Soyuduqdan sonra göyərtiyə kəsmik, istiot və duz qatılıb yaxşıca qarışdırılır. Una duz, yumurta və su qatılıb xəmir yoğrulur, kündələnir, 1mm qalınlığında kiçik dairələrə yayılır. Yayılmış xəmirin arasına göyərti ilə kəsmik qiyməsi qoyulur, ayparaşəklində bükülür və qızğın tavada hər iki üzü bişirilir. Süfrəyə verdikdə qutabın üstünə əridilmiş kərə yağı tökülür.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 2899
favori
like
share