İl sonu - yazqabağı rituallar dünyanın yaranmasında iştirak edən dörd ünsürlə (su, od, hava, torpaq) əlaqələndirilir. Azərbaycanda Müqəddəs İlaxır çərşənbələr adı ilə keçirilən mərasimlər barədə yazılı məlumata XIX yüzilliyin yetmişinci illərində işıq üzü görən ilk Azərbaycan qəzeti «Əkinçi»də rast gəlirik. Lakin sovet imperiyası dövründə xalqın bir sıra qədim adət-ənənəsinə dini don geydirib yaddaşlardan silməyə cəhd edildiyi üçün İlaxır çərşənbələr də folklorşünasların və etnoqrafların diqqətindən kənarda qalmışdır. Bu gün isə Novruz mərasimləri ümümxalq bayramına çevrilmişdir. Yazqabağı rituallar Azərbaycan türklərinin mifik təfəkkürünün izlərini yaşadan qaynaq kimi çox əvəzsizdir.

İlaxır çərşənbələrlə bağlı mülahizələrdə əsas ünsürlərlə əlaqələnən həftələrin ardıcıllığı, düzümü, mahiyyəti və məramı şərh olunur. F.F.Qasımzadə Novruz bayramının mənşəyini əsasən zərdüştlüklə bağlayır və K.Vəliyevin qənaətləri ilə razılaşır: çərşənbələrdən birinci torpaq, ikinci yel, üçüncü su, sonuncu oddur. Onlar fikirlərini belə əsaslandırırlar ki, «Novruzun birinci həftəsi torpaq ayılır. Otlar qalxır, ağaclar yaşıllanır, adamlar çöl işlərinə başlayırlar. İkinci həftə yel ayılır, külək əsir, ağaclar çiçəkləyir. Üçüncü həftə su ayılır, adamlar suyun üstündən tullanıb aydınlığa çıxırlar. Dördüncü həftədə od ayılır. Adamlar qışdan qalan ağırlığı, xəstəliyi od üstünə tökürlər, üstündən tullanıb yüngülləşirlər. Odun istisi azalır, yenə gün başlayır» [60, 25; 113, 200]. Lakin M.Seyidov haqlı olaraq Novruzun mənşəyinin Zərdüştlükdən çox-çox qabaqlarla əlaqələndirərək yazır ki, «Yaz, onunla ilişgəli törən başlıca olaraq maldarlıqla, əkinçiliklə, bir sözlə aqrar təsərrüfatla bağlı yaranmışdır» [89, 95]. Gətirilən sitatdan da Novruzun kökünün çox dərin qatlarda dayandığı, ulu əcdadın təbiətdəki dəyişikləri sezdiyi, təqvim düzümünün ardıcıllığını anlamağa başladığı çağlarla səsləşdiyi açıq-aydın göstərilir. Ancaq oradakı çərşənbələrin növbələşməsi ilə bağlı şərhlərdə bir qədər mübahisəli məqamlar nəzərə çarpır. Əgər Novruzdan (yazın girdiyi ilk gündən - mart ayının 21-dən) dörd həftə çıxsaq, onda əzəl çərşənbə fevral ayının ortalarına düşür. Bu qışın canlı çağıdır. K.Vəliyevin göstərdiyi şəkildə torpağın oyanması, üstəlik də qarın altındakı otların oyanması (cücərməsi), don vurmuş ağacların yarpaqlaması inandırıcı deyil. İkinci çərşənbədə ağacların çiçəkləməsi də yerinə düşmür. Çünki hələ qabaqda dəli mart gəlirdi. Odun axır çərşənbədə oyanması və adamların öz ağırlıqlarını onun üstünə tökməsi ilə istisinin azalması F.Qasımzadənin Novruzu Zərdüştlüklə bağlamaq qənaətini alt-üst edir. Ona görə ki, getdikcə havalar daha da isinir və qızmar yay başlanır. Fikrin özündə də uyğunsuzlur var: çünki torpağın və havanın oyanması, isinməsi üçün səbəb və vasitə olmalıdır. Bu vasitə od çərşənbəsidir; o, axırda deyil, suların buzunun sınmasından sonra gəlir, yəni ikincidir. Onun mütləq şəkildə həmin ünsürlərdən əvvəldə meydana gəlməsi lazımdır.

Bir cəhəti də unutmamalıyıq ki, dünya xalqlarının əksər mifoloji sistemlərində dünyanın yaranmasında dörd ünsürün rolu, demək olar ki, eyni formada açıqlanır, lakin azərbaycanlılardan fərqli olaraq, suya, oda, küləyə, torpağa tapınma ilə bağlanan mərasimlər yazqabağı deyil, ilin müxtəlif fəsillərində keçirilir. C.Frezerin məşhur «Qızıl budaq» kitabında göstərilir ki, Avropanın bütün ölkələrində ilin müxtəlif fəsillərində (Novruz mərasimlərdə olduğu şəkildə) tonqallar qalayıb üstündə tullanır, ətrafında dövrə vurur, mahnı oxuyur, rəqs edirlər [314, 569]. Şərq xalqlarının adət-ənənələrinə həsr olunan müxtəlif mənbələrdə də tonqal çinlilərin, hindlilərin, koreyalıların. yaponların, indoneziyalıların, monqolların və b. ilin ayrı-ayrı çağlarında keçirilən mərasimlərinin əsas atributu kimi verilir [194, 270]. Avropalıların və sadaladığımız Şərq xalqlarının çoxunun heç zərdüştlüklə, atəşpərəstliklə əlaqəsi olmamışdır.

Yurdumuzun bəzi bölgələrində İlaxır çərşənbələrin sayı dörd yox, daha çoxdur (beş, yaxud yeddi), eləcə də adları fərqlidir (məsələn, Torpaq çərşənbəsi kül və ölü adlanır). Eləcə də torpaqla bağlı olan dünya elementlərinə - ağaca, dağa və s. ayrıca çərşənbə həsr olunur. Bu, ilkin inanclarda dağa, ağaca və s. totem, kult kimi yanaşılmadan irəli gəlir. Əslində dörd ünsürə həsr olunan mərasimlərdə məqsəd Allahın dünyanı yaratmaq təşəbbüslərini canlandırmaqdır. Suya, oda, havaya, torpağa (ağaca, dağa, külə və s.) tapınmaqla qədim insanlar həm də dünyanın dərkinə çalışmış və barbarlıqdan (vəhşilikdən) mədəniyyətə doğru həlledici addımlar atmışlar.

Sual oluna bilər: bəs nə səbəbə mifik dünya modelinin qurulmasına aid mifik hadisələri «səhnələşdirən», «canlandıran» mərasimlər sistemi - İlaxır çərşənbələr yaz ərəfəsinə düşür Yayda, payızda və qışda keçirilə, yaxud xristian inancında olduğu kimi il qışda dəyişdirilə bilməzdimi Əlbəttə, yox. Ulularımız yaxşı anlayırdılar ki, təbiətin canlanması, dünyanın təzələnməsi, qanın coşması yazın gəlişi ərəfəsində baş verir.

Beləliklə, İlaxır çərşənbələr Yer üzündə analoqu olmayan rituallar silsiləsidir ki, ilkin təsəvvürlər toplu halında bütün xalq tərəfindən gen yaddaşında yaşadılır. Həmin rituallar sisteminin ümumi məzmunu ondan ibarətdir ki, Allah ilk olaraq, qarmaqarışıq xaosdan suyu ayırır. Başlanğıcda kürreyi–aləm ancaq sudan ibarət olur. Sonra odun köməyi ilə suyun xassələrini dəyişdirir və günəşin şüaları ilə suyun müəyyən hissəsini qurudub torpağı üzə çıxardır. Torpaq meydana gəlməklə dünyanın bir çox elementlərinin doğuşuna şərait yaranır. Çünki bir sıra işlər paralel şəkildə aparılır. İlk insan suyun dibindəki gildən, yaxud Allahın gərgin zəhmət çəkdiyi anlarda alnından düşən tərdən yaranır (ümumiyyətlə, ilk insanın doğulmasına aid təsəvvürlər çoxvariantlığına görə mifik dünya modelinin başqa elementlərindən tamamilə fərqlənir) və s. Ulu Allah Yel vasitəsi ilə ilkin yaranışları bir məkandan, başqa məkana aparır (göydən yerə endirməklə) və hava, nəfəs verməklə (yenə də yel vasitəsi ilə) ruhu meydana gətirir.

Müqəddəs günlərin çərşənbə seçilməsinin isə bir izahı budur ki, tanrı dünyanı yaradanda həftənin ilk günündə hazırlıq işlərini yerinə yetirmiş, ikinci gün (çərşənbə axşamı) yaratmağa başlamışdır: üçüncü gün su, dördüncü gün od, beşinci gün torpaqla bağlanan varlıqları yaratmış; altıncı gün yaranışların hamısına can (ruh) vermiş, yeddinci gün bütün işlərini tamamlayıb istirahət etmişdir. Bu inama görə, bütün yaradıcılıq işlərinin bünövrəsinin qoyulması çərşənbəyə düşür. Qədim türklərdən fərqli olaraq ərəblərdə ən uğurlu gün cümə axşamı, xristianlarda isə İsuss Xristos dirilən gün - bazar günüdür.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1298
favori
like
share