Azərbaycan xalqının çoxəsrli və zəngin tarixinini bu tarixin özü gədər gədim və zəngin olan poeziyasız təsəvvür etmək mümkün deyil.Bu əzəmətli poeziyanın əsas ideya–bədii istigamətini əsrlərdən əsrlərə,nəsillərdən-nəsillərə verilən və müəyyən bir hissəsi bizim dövrümüzədək gəlib çatan ecazkar xalq mahnıları, nağıl və dastanlar,əmək,mövsüm,mərasim nəğmələri,bayatılar və başqa şifahi ədəbiyyat nümunələrindən gələn mövzu,süjet,dil və üslub xüsusiyyətləri təşkil edir.

Azərbaycan ədəbiyyatının qədim və orta əsrlər dövrünə dair ilk tədqiqatlar XX əsrin əvvəllərində aid olsa da, bu işin ardıcıl və sistemli şəkildə aparılması yalnız Böyük Oktyabr sosialist inqilabından sonra başlanmışdır. Azərbaycanda Sovet hakimiyəti qurulmasının ilk illərindən etibarən klassiklərimizin həyat və yaradıcılığına dair materialların toplanmasına başlanmış və bu iş indi də davam etməkdədir.
Bununla belə, təəssüflə qeyd edilməlidir ki, bu dövrdə yaranmış ədəbi əsərlərin xeyli hissəsi müxtəlif səbəblər üzündən tarixin keşməkeşlərində itib-batmış,dövrümüzədək gəlib çatmamışdır. Ən çox sevilən və buna görə də xalq içərisində geniş yayılan əsərlər nüsxələrinin çoxluğu sayəsində saxlanılsa da, bir çox istedadlı şairlərin yaradıcılığından qisa parçalara və ayrı-ayrı şerlərə ancaq cünglərdə və təzkirələrdə rast gəlmək olur. Bütün bunlar klassik ədəbiyyatımızın mükəmməl və sistemli tədqiqini,ayrı-ayrı gedən ədəbi prosesləri,onların qarşılıqlı və ziddiyyətli cəhətlərini və s. öyrənməyə mane olur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, son otuz il ərzində bu sahədə xeyli işlər görülmüş, bir sıra ciddi monoqrafiyalar yazılmışdır ki, bunlar Azərbaycan ədəbiyyatının müxtılif dövrlərini daha dərindən işıqlandırmağa və ümumi mənzərəsini müəyyənləşdırməyə imkan vermişdir. Lakin ədəbi prosesin ümumi inkişafını, ədəbi ənələrin ardıcıllığını müəyyənləşdirmək, ədəbiyyatda ideya və estetik prinsiplər mübarizəsini hərtərəfli işıqlandırmaq və onun obrazlı sistemini yaratmaq üçün Azərbaycan ədəbiyyatşunasları hələ bundan sonra da xeyli tədqiqat işləri aparmalıdılar.
XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı çətin və mürəkkəb bir ictimai-iqtisadi şəraitdə inkişaf etmişdir. XIII əsrin əvvəllərində başlayan ağır monqol əsarəti bir müddət ədəbiyyat, incəsənət və elmin inkişafını ləngitdi.Lakin işğalçılar da tarixi zərurətlə hesablaşmaya bilməzdilər.Yerli əhali ilə müqayisidə maddi və mənəvə inkişaf səviyyəsi xeyli aşağı olan monqollar azərbaycanlıları dövlət idarələrinə cəlb etməyə, onların mədəniyyət və həyat tərzini qəbul etməyə məcbur oldular. Bələliklə, monqollar nəinki Azərbaycan mədəniyyətinə və dilinə təsir göstərə bilmədilər, əksinə özləri tezliklə assimilyasiyaya uğrayıb, yerli əhaliyə qarışdılar.
Məlum olduğu kimi, XI-XII əsrlər Azərbaycan yazılı ədəbiyyatı əsasən fars, qismən də ərəb dilində yaranmışdır.XII əsrdə farsdilli ədəbiyyat ideya-bədii dəyəri baxımından son dərəcə yüksək zirvəyə qalxsa da, təbiidir ki, savadsız və fars dilini bilməyən geniş xalq kütlələri onun nailiyyətlərindən bəhrələnə bilməzdi. Bu ədəbiyyatdan ancaq fars dilini bilən feodal hakimləri və əyanları, həmçinən şəhər əhalisinin bəzi təbəqələri (tacirlər,rühanilər,sənəykarlar,məmurlar və s) istifadə edə bilərdilər.Təsadüfi deyil ki, şahlara baş əyməyən bəzi böyük şairlar istisna olmaqla, farsca yazan müəlliflərin əksəriyyəti özlərinini ədəbiyyat və incəsənətin hamisi sayan feodal hakimlərinin saraylarında yaşayırdılar. Saraya yol tapmayan şairlər çox çətinliklə yaşamaq üçün vəsait qazana bilirdilər. Buna görə də XI-XII əsrlərdə yaranan farsdilli ədəbiyyatın böyük bir hissəsini saray ədəbiyyatı, şahları, sultanları tərifləyən mədhiyyələr təşkil edirdi.
Qeyd etmək lazımdır ki, anadilli yazılı ədəbiyyatımızın yaranması heç də birdən-birə baş verməmiş, uzunmüddətli və təkamüllü bir inkişaf yolu keçmişdir. Bu ədəbiyyatın formalaşmasının səciyyəvi xüsusiyətləri və ərəb-fars poeziyasının ona təsiri məsələləri ədəbiyatşunaslığımızda ətraflı danışmalı olacağıq.
Yazılı ədəbiyyatdan əvvəl Azərbaycan dilində çox zəngin şifahi xalq ədəbiyyatı nümunələri yaranması faktı təkzibedilməzdir. Bunu həm “Kitabi-Dədə Qorqud” dastanı, həm də görkəmli türk xalqlarının ümumi abidəsi sayılan “Divani-lüğət it-türk” əsərindəki çoxlu misra və beytlər, nəğmələr, epik məzmunlu parçalar təsdiq edir. Sözsüz ki, bu qüvvətli folklor ədəbiyyatı türkdilli yazılı poeziyamızın yazılması və formalaşmasına təsir göstərməyə bilməzdi.
Azərbaycan şerində dəqiq qafiyə sisteminin yaranmasında da ərəb-fars şerinin təsiri az olmamışdı. Qədim türk yazılarında, yuxarıda deyildiyi kimi, qafiyənin misralar daxilində eyni samit səslərin təkrarınından yaranan alliterasiya, həmçinin sait səslərin təkrarını nəzərdə tutan assonas hadisələri əvəz edirdi. Bununla yanaşı, həmin abidələrdə sətirlərin axırında qafiyə yaratmaq meylləri də get-gedə güclənirdi. Bunu “Kitabi-Dədə Qorqud” dastanında aydın görmək olur. Ancaq dəqiq qafiyə sisteminə əsaslanan ərəb-fars poeziyasının təsiri Azərbaycan şerinin dəqiq qafiyəyə keçməsi prosesini xeyli sürətləndirirdi. Əgər əruz vəzni folklor şerimizə çox az sirayət etmişsə, dəqiq qafiyə növlərindən Azərbaycan şifahi xalq şerində də çox geniş, lakin yaradıcı sürətdə istifadə olunurdu.
Klassik dövr poeziyamızın əsasını şifahi xalq ədəbiyyatından alan məcaz və bədii ifadə vasitələri sistemi də ərəb-fars poetik fiqurları ilə daha da zənginləşdi. Janr baxımından isə türkdilli yazılı ədəbiyatımız ərəb-fars şerindən məsnəvi, qəsidə, qəzəl, rubai, qitə və s. şer şəkillərini mənimsəmişdir. Ərəb-fars sözlərindən Azərbaycan şerinin qafiyə imkanlarını genişləndirmək məqsədilə də istifadə olunurdu. Bu baxımdan ilk azərbaycan yazılı abidələrinin dilinin klassik Azərbaycan poeziyyasının ən yüksək zirvəsi olan XVI əsr şerinin dili ilə müqayisəsi çox səciyyəvidir.Əgər Həsənoğlunun
Hecəsən,gəl,ey yüzü ağım bənim!
Sən əritdin odlara yağım bənim.
bəytinin leksikasını yalnız doğma Azərbaycan sözləri təşkil edirsə, Füzulinin aşagıdakı misralarında bunun əksini görürük:
Mey nəfyəni eyləyir şüar, ey vaiz,
Tutdun rəhi-təni-eşqi-yar, ey vaiz!
Göründüyü kimi, burada “tutdun” felindən başqa, beytdə işlədilən leksik vahidlərin hamısı ərəb-fars sözlərindən ibarətdir.
XIII-XIV əsrlərdə Azərbaycan dilində yazılmış bir sıra əsərlərdə tez-tez vəzh və qafiyə pozğunluqlarına rast gəlinir. Bu haqda “Dastani-Əhməd Hərami” poemasının tədqiqatçıları yazırlar: “Dastani-Əhməd Hərami” dil və üslubca əski abidələrlə, daha çox isə “Kitabi-Dədə Qorqud” ilə yaxından səsləşir. Məsnəvi əruzun həzəc bəhrindədir.
Azərbaycan dilində yazılmış və bizim dövrümüzədək saxlanılmış ilk qəzəllər İzzəddin Həsənoğluya məxsusdur. XIII əsrin ikinci yarısında Əsfəraində yazılıb-yaratmış bu görkəmli sənətkarın hələlik üç qəzəli üzə çıxarılmışdır.Şairin Nizami qəzələrindən birinə nəzirə yazdığı və məzmun dərinliyi, forma kamilliyi ilə seçilən
Apardı gönlümü bir xoş qəməruz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahid-sərvər

-mətləli qəzəlində açıq-aşkar iki bədii mənbənin-klassik farsdilli poeziyamızın və türkdilli şifahi xalq yaradıcılığın təsiri hiss olunur.
XIII əsrdə Azərbaycan dilində yaranmış qiymətli abidələrdən biri də “Dastani-Əhməd Hərami” poemasıdır. Bu poema Azərbaycan dilində yazılmış ilk məsnəvidir.Əsərin süjet xətti şər qüvvələrin timsalı olan Əhməd Hərami ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı konflikt üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam edən konflikt Güləndamın qələbəsi ilə nəticələnir. Əsərdə zülmə, ədalətsizliyə qarşı dərin nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır.
XIII əsrin sonlarından ölkədə başlayan nisbi sakitlik Azərbaycan xalqının ictimai-iqtisadi həyatında olduğu kimi, ədəbiyyatında da canlanmaya və onun daha sürətli inkişafına səbəb oldu. XIV əsr Azərbaycan ədəbiyyatı tarixində həyatı daha geniş əks etdirən epik janrının çiçəklənməsi dövrüdür. Bununla yanaşı, mövcud həyatdan narazılıq, məyusluq və ümüdsizlik meylərinin güclənməsi dövrün ədəbiyyatında da öz əksini tapır, bəzi şair və alimlərin sufi-panteist və hürufilik ideyalarına meyl etməsinə səbəb olur. XIV əsr Azərbaycan şairlərinin əksəriyyətinin yaradıcılığında sufi və hurifilik fəlsəfi nəzəriyyələrin bir çox mütərəqqi cəhətləri və ideyaları öz əksini tapmışdır. Bu dövr ədəbiyyatın ən mühüm xüsusiyyətlərindən və aparıcı istiqamətlərindən biri Nizami məktəbinin qiymətli ənənələrinin–humanizm, insana məhəbbət, cəməyyətdəki eyiblərin tənqidi və b. Motivlərin davam və inkişaf etdirilməsi idi. Lakin şerdə nəsihətçilik, didaktik-tərbiyəvi motivlər siyasi-ictimai amillərin təsiri ilə fəlsəfi boyalarla tündləşir,sufi-panteistik formalarda təzahür edirdi.
Romantik-lirik poema olan “Dəhnamə” əsərində iki gəncin eşq sərgüzəşti, təmiz məhəbbəti təsvir olunur. Şair göstərir ki, insan öz məqsədinə çatmaq üçün tələsməli, ruhdan düşməməli, uzun müddət əzab-əziyətlərə dözməlidir. Real insan sevgisini tərənnüm edən bu əsərin yığcam forması, lirik vüsəti və başqa bədii keyfiyyətləri “Dəhnamə” janrının sonrakı əsrlərdə də Şərq poeziyasında davam etdirilməsinə səbəb olmuşdur.
XİV əsrdə Nizami ədəbi məktəbinin humanizm, dostluq və məhəbbət ideyalarını yeni şəkildə davam və inkişaf etdirən ən görkəmli şairlərdən biri də Şəmsəddin Məhəmməd Əssar Təbrizi (1325-1390) olmuşdur. Gözəl astronom, görkəmli ədəbiyyatşünas və mahir bir şair olan Əssar lirik şerlərində və bütün Yaxın Şərqdə tanınan “Mehr və Müştəri” poemasında irəli sürdüyü hümanist ideyalar və demokratik fikirlər baxımından sələfi Nizamiyə və müasiri Əvhədiyə çox yaxındır.
XIV əsrin başqa bi tanınmış şairi Arif Ərdəbili “Fərhadnamə” poemasını bilavasitə Nizaminin “Xosrov və Şirin” əsərinin təsiri ilə yazmışdır. Arifin poemasında Fərhad və Şirin haqqında Azərbaycanda yayılmış şifahi xalq ədəbiyyatı motivləri üstünlük təşkil edir. Şirin və Xosrov sürətləri isə burada Nizaminin poemasına nisbətən çox zəif verilmişdir. Arif həyatiliyə, reallığa daha çox meyl edir. Nizamidən fərqli olaraq, o, ciddi ictimai, fəlsəfi ümumiləşdirmələr yolu ilə getmir, əsərindəki surətləri adi insanlar səviyyəsinə endirir.
XIV əsr anadilli poeziyamızda yaranan epik əsərlər arasında Sulu Fəqihin “Yusif və Züleyxa”, Yusif Meddahın “Vərqa və Gülşah” poemaları xüsusi yer tutur. ”Yusif və Züleyxa” poemasının mövzusu Tövrat və Qurandan alınsa da, əsərdəki bir sıra motivlər xalq ədəbiyyatı və folklorla səsləşir.
XIV əsr Azərbaycan poeziyasında lirika janrı da mühüm yer tutur. Bu janrda yaranmış əsərlər də bir tərəfdən, XII-XIII əsrlər yazılı ədəbiyyatın, digər tərəfdən isə şifahi xalq yaradıcılığın təsiri altında inkişaf edirdi. Bununla yanaşı, bu dövrdə çox geniş yayılmış sufi-panteist cərəyanlar, xüsusilə hürufilik tərəqəti lirik şerlər yazan şairlərin də elmi-fəlsəfi görüşlərində silinməz izlər buraxmışdır. Ona görə də bu şairlərin fəlsəfi lirikasında feodal zülmünə, soyğunçu müharibələrə, ədalətsizliyə etiraz motivləri öz bədii ifadəsini mistik formada tapır.
Lirik janrda yazan sufi şairlər sırasında XIII əsrin axırı XIV əsrin əvvəllərində yaşayan Nəcməddin Əbubəkir Zərkub Təbrizini və onun müasir Hümam Təbrizini də göstərmək lazımdır. Əgər birinci şairin yaradıcılığının ideya mənbəyi Nizami lirikası ilə bağlı idisə,ikincisi bəyük məharətlə Sədi qəzəllərini təqlid edir.
Farsca yazan şairlər arasında epik şerdə olduğu kimi,lirika janrında da marağalı Əvhədinin əsərləri öz xəlqiliyi və humanist ideyaları ilə seçilirdi. Onun qəzəl, qəsidə, rubai və tərcibəndlərdən ibarət olan lirik şerlər divanında ictimai-fəlsəfi, əxlaqi fikirlər əsas yer tutur. Bu şerlərdə dövrün ağrılarından, hakimlərin ədalətsizliyindən doğan dərin ictimai kədər, insanları gözəlliyə və səadətə çağırış sədaları hiss olunur, dünyəvi məhəbbət insanı həyata bağlayan nəcib bir hiss kimi təsvir edilir.
XIV əsr Azərbaycan poeziyasında ikidillik-yəni həm fars, həm də Azərbaycan dillərində şer yazmaq ənənənəsi də davam edir. Görkəmli şair və sufi filosof Şah Qasım Ənvar(1356-1434) bir sıra qəzəllərini həm Azərbaycan həm də fars dillərindən istifadə etməklə yazaraq, sanki bu ədəbi hadısənin simvolik formasını yaratmaq istəmişdir. Ənvarın istər divanında toplanan fars və Azərbaycan dilində yazdığı şerlər, istərsə də “Ənis-ül-arifin” əsəri mahiyyət etibarilə sırf ürfani-fəlsəfi məzmun daşıyır. Dövrünün sultanlarından qorxmayan şair öz şerlərində, həmçinin sufi təlimində insanları qardaşlığa və bərabərliyə çağırırdı. Əbdürrəhman Caminin yazdığına görə, Şah Qasım Ənvarın müridləri islam dini ehkamlarına etinasız yanaşır və bərabərlişdirici cəmiyyət ideyaları yayırdılar.
XIV əsrdə doğma ana dilində yazıb-yaradan şairlər içərisində görkəmli ədib və dövlət xadimi Qazi Bürhanəddinin əsərləri xüsusi yer tutur. Qazi Bürhanəddinin əsərləri həm insanpərvərliyi, nikbinliyi, mənəvi əxlaqi keyfiyyətləri, həm də forma, bədii dil baxımından orta əsrlərin sxolastik şer normalarına zidd idi. Onun ruhoxşayan cazibədar şerlərində xalq yaradıcılığına məxsus bir gözəllik, səmimiyət və təravət vardır.
Şairin lirik qəhrəmanı öz mənəviyyatını, etibarlı, sədaqəti, həyatı, gözəlliyi duyması, mənliyini, vüqarını yüksək tutması ilə seçilir.
XIV əsrin sonlarında Azərbaycan yeni bir dəhşətli istilaya-Teymurləng istilasına məruz qalır.Ancaq 1405-ci ildə,bu amansız fatehin ölümündən sonra,onun sağ qalan iki oğlu və on yeddi nəvəsi arasında hakimiyyət uğrunda gedən daxili müharibələr Azərbaycan feodallarına ölkənin istiqlaliyyətini bərpa edib, öz müstəqil hakimiyyətlərini yaratmağa imkan verdi.Azərbaycanın şimalında müstəqil Şirvanşahlar,cənubda Qaraqoyunlular,daha sonra isə(1467-ci ildən) Ağqoyunlular dövlətləri yarandı.Yaranmış vəziyyət ölkənin iqtisadi cəhətdən bir qədər dinc inkişafına,təsərrüfatın bərpasına,elmin və mədəniyyət yüksəlməsinə kömək etdi.İncəsənətin müxtəlif sahələrində,xüsusilə rəssamlıq və memarlıqda müəyyən nailiyyətlər qazanılır.Böyük şəhərlərdə elmin müxtəlif sahələrində fəaliyyət göstərən yeni ziyalılar nəsli yetişir.
XV əsr Azərbaycan ədəbiyyatı tarixində türkdilli poeziyanın daha da inkişafı və çiçəklənməsi dövrüdür.Yerli Azərbaycan feodal dövlətlərinin yaranması,bu dövlətlərin Azərbaycan dilinə əhəmiyyət verməsi ədəbiyyatda da öz əksini tapır.Poeziyada Şərq şerinin bütün nəvlərini əhatə edən bir çox lirik və epik əsərlər meydana çıxır.Məhz bu dövrdən etibarən Azərbaycan ədəbiyyatında məhəbbət lirikası üstünlük təşkil etməyə başlayır.
Məhəbbət məfhumundan hakim təbəqələrin mənafeyini müdafiə edən və feodal-ruhani görüşlü şairlərdə geniş istifadə edirlər.Lakin onlar bəşəri məhəbbəti ilahi məhəbbətlə,daha sonralar isə “dinə və din xadimlərinə olan məhəbbətlə” əvəz edirdilər.
Qaraqoyunlular dövlətinin banisi Qara Yusifin oğlu mirzə Cahanşah Həqiqi(1397-1467) bacarıqlı bir dövlət xadimi olduğu kimi,istedadlı şair kimi də şöhrət qazanmışdır.Onun Divanı Azərbaycan və fars dillərində yazdığı qəzəl və rübailərdən ibarətdir. Şerlərindən görünür ki, şairin dünya görüşünün və sənətkarlıq xüsusiyyətlərinin formalaşmasında Nəsimi şerinin böyük təsiri olmuşdur.
Bu dövrdə epik əsərlər yaratmaq ənənəsi də davam edir. Nizami “Xəmsə”sinin təsiri ilə fars dilində yazılan poemalarla (Əşrəfin “Xəmsə”, Salim Təbrizinin “Leyli və Məcnunu” əsərləri) yanaşı,Azərbaycan dilində də bir neçə epik əsərlər yaranır.Azərbaycan şairləri Şərqdə geniş yayılmış “Yusif və Züleyxa” mövzusuna daha çox müraciət edirlər.Bu mövzuda yazan şairlərdən Xətai Təbrizi,Şəms,Xəlifə Təbrizi və Salim Təbrizini göstərmək olar.
Bütün bu deyilənlər göstərir ki, XV əsrdə Azərbaycan poeziyası keyfiyyət etibarilə yeni bir pillə qalxır,həm lirika,həm epik şer sahəsində bir sıra gözəl sənət yaranır. Bununla yanaşı,ölkənin daxilində hakimiyyət uğrunda gedən mübarizələr və başqa hadisələr poeziyanın inkişafına mənfi təsir göstərir, onun vüsətinin məhdudlaşdırırdı.
XV əsrin ikinci yarısında Azərbaycanda feodal dövlətlərinin zəifləməsi, feodal pərakəndəliyinin və ara müharibələrinin güclənməsi müşahidə olunur. Xalq kütlələrinin antifeodal hərəkatı genişlənməkdə idi. Bu hərəkat obyektiv əhalinin daxili müharibələrdə və feodalların özbaşınalığına son qoymaq, mərkəzləşmiş qüvvətli dövlət yaratmaq tələbatını əks etdirirdi.
XVI əsrin əvvəllərində ölkədə vahid Azərbaycan dövləti qurmaq üçün əlverişli şərait yaranmışdı. Bu şəraitdən bacarıqla istifadə edən Səfəvidlər sülaləsi XVI əsrin əvvəllərindən hakimiyyəti öz əllərinə alıb, qüdrətli vahid Azərbaycan dövləti yaratmağa müvəffəq oldular. XVI əsr Azərbaycan poeziyası bundan qabaqkı əsr şerinin mütərəqqi ənənə və meyllərinin bilavasitə davamı və daha yüksək mərhələsi kimi meydana çıxır. Sənətkarlığın, xüsusilə şer texnikasının son dərəcə güclənməsi, zəngin, çoxcəhətli obrazların yaranması, fəlsəfi fikrin, dünyəvi ideyaların və ictimai motivlərin daha da inkişafı bu dövr poeziyasının başlıca cəhətləridir. Səfəvilər dövlətinin Azərbaycan dilinidə dövlət dili kimi istifadə etməsi, xüsusilə bu dövlətin banisi Şah İsmayılın öz ana dilində gözəl şerlər yazması poeziya sahəsində də Azərbaycan dilinin hakim mövge tutmasını təmin edir.
XVI əsrdə Azərbaycan xalqının başqa türk xalqları ilə ədəbi əlagələri genişlənir. Hələ XV əsrin ikinci yarısında özbək intibah mədəniyyətinin qüvvətli təzahürü və Nəvai ədəbi məktəbinin geniş şöhrət tapdığı zamanda herata gələn azərbaycanlı şairlər Səfəvilər dövründə vətənə qayıtdıqdan sonra öz əsərlərində özbək mədəniyyətinin nailiyyətlərindən , Nəvai irsindən bacarıqla istifadə edirdilər. Bələ şairlərdən Ziyayi, Xülqi, Allahi, Bəsərini göstərmək olar.
Bütün bu yuxarıda deyilənlər aydın göstərir ki, XIII-XVI əsrlər Azərbaycan poeziyası özünəməxsus spesifik, mürəkkəb bir inkişaf yolu keçərək yüksək təkamül nöqtəsinə çatmışdır. Əgər farsdilli poeziyamız hələ XII əsrdə Nizami dühası ilə öz yüksək inkişaf zirvəsinə çatmışdırsa, ana dilli şerimiz həmin səviyyəyə XVI əsrdə Füzuli sənətinin qüdrəti ilə yüksəlmişdir. XIII-XV əsrlər Azərbaycan şeri özünə məxsus bütün xüsusiyyətlərinə baxmayaraq, əsasən klassik farsdilli poeziyanın təcrübəsini münimsədiyi halda, XVI əsrdən etibarən bu ədəbiyyat öz milli çərçivəsində kənara çıxmağa və artıq Yaxın Şərq xalqrarının şer sənətinə təsir göstərməyə başlayır. Əgər bu ədəiyyat öz kenetik kökləri ilə qədim türk xalqrarını şifahi xalq yaradıcılığı ilə,rabitə əlaqəsi ilə isə Yaxın Şərq xalqları ədəbiyyatı ilə bağlı idisə, tipoloji baxımdan İntibah mədəniyyətinə uyğun gəlirdi. Məhz bu xüsusiyyətlərinə görədir ki, orta əsrlər Azərbaycan poeziyası bu gün belə öz ecazkar təsir qüvvəsini, gözəllik və təravətini itirməmiş, sovet adamlarının ideya-estetik tərbayəsində mühüm rol oynamaqdadır.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 485
favori
like
share