Azərbaycanın dövlətçilik tarixi - dövlət tarixi - Azərbaycan dövlət tarixi - tarixi Azərbaycan dövləti - Azərbaycan - Azerbaycan Devlet Tarihi - Tarihi Azerbaycan - Azerbaycan Milli Tarihi - AzerBaycan KuruLuşu



ƏN QƏDİM ZAMANLARDAN İSLAM DİNİNİN QƏBULUNA QƏDƏRKİ DÖVRDƏ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ



Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin
həyata keçirilməsi tariximizin bir çox qaranlıq
səhifələrini açmaqla kimliyimizi tam müəyyən
etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc
nəsil yetişidirilməsini zəruri edir. Keçid dövrünün
çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz
tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir
müddətdə aça bilmiş və xalqa göstərməyə nail
olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi
keçmişini, varisi olduğu mədəni irsi daha dərindən
öyrənərək böyük qürur hissi duymağa başlayır və
sözsüz ki, bununla fəxr edir.

Heydər Əliyev




XX yüzilin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir.
Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ildə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Hazırda Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.

Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan
vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir
tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək
mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu
gününə, həm də gələcəyinə dərin bir məsuliyyət
hissi ilə yanaşmalıdır.
Heydər Əliyev



Xalqımızın ulu babalarının yaşadığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyanın ayaq açıb yeriməyə başladığı Xəzər-Aralıq dənizi - İran körfəzi regionuna daxil idi.



Azıx adamının alt çənə





sümüyünün bir hissəsi Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mədəniyyətinin formalaşmasında, həmçinin bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Bunu ölkəmizdə və xaricdə aparılan elmi axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın sübut edir.
Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.

Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.


Azərbaycan insanın, bəşəriyyətin beşiyi
olan nadir ölkələrdən biridir. Burada həyat çox
erkən yaranmışdır və Azıx mağarasında
tapılmış azıxantrop Azərbaycanın ən qədim
ibtidai insan məskənlərindən biri olmasını
sübut edir. Qobustandakı və Gəmiqayadakı
qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və
Xocalı mədəniyyətlərinə aid maddi mədəniyyət
nümunələri, Kurqan tapıntıları sübut edir ki,
hətta miladdan əvvəlki minilliklərdə də
Azərbaycanda inkişaf etmiş mədəniyyət
mövcud olmuşdur.

Heydər Əliyev




Qayaüstü təsvir. (Gəmiqaya)


Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi hələ qədim daş dövründən (paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır. Orta daş dövrü (mezolit) və yeni daş dövrlərində (neolit) Azərbaycan əhalisi oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət sahələri ilə məşğul olmağa başlamışdır. Azərbaycan ərazisindəki mədəni-iqtisadi tərəqqinin təsir dairəsi getdikcə genişlənməkdə idi. E.ə. IV minilliyin sonu - III minillikdə təşəkkül etmiş Kür-Araz mədəniyyəti Cənubi Qafqazın digər regionlarına, Şərqi Anadoluya və Şimali Qafqaza da yayılmışdı.
Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri, xüsusilə taxıl qalıqları, əkinçiliklə bağlı əmək alətləri və məişət avadanlığı, müxtəlif növ sənətkarlıq məhsulları Azərbaycan xalqının dünyanın ən qədim oturaq mədəniyyət yaratmış xalqlarından biri olduğunu göstərir.
Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.
Fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını xarici təcavüzlərdən uğurla qoruyurdular. Qədim Azərbaycan tayfa birliyi olan Qutilər, hətta, özlərinin qüdrətli qonşuları olan Akkard dövlətini məğlub etmiş, öz dövlətlərinin sərhədlərini İran körfəzinə qədər genişləndirmiş, bu ərazidə yüz ilə qədər bir müddət ərzində hökmranlıq etmişdilər. Onlar özlərindən asılı hala saldıqları Akkard və Şumerin dövlət idarəçiliyi qaydalarından faydanlandıqları kimi qədim Azərbaycanın mütərəqqi idarəçilik mədəniyyətini də həmin ölkələrə yaymışdılar.
Urmiya ətrafından başlayaraq, zaman-zaman Dəclə və Fərat vadiləri də daxil olmaqla, İran körfəzinə qədərki ərazilərdə ağalıq edən qədim Azərbaycan dövlət qurumları Lullubi və Qutilər təkcə Azərbaycanın deyil, ümumiyyətlə qədim Şərq dövlətçiliyinin tarixində də dərin iz qoymuşlar.
Qonşuluqdakı digər qədim Şərq dövlətlərindən fərqli olaraq qutilərdə hökmdarların seçilməsi qaydası vardı. Hakimiyyət irsi keçmirdi. Quti hökmdarları məmləkəti öz canişinləri vasitəsilə idarə edirdilər. Canişinlər idarəçilik sahəsində geniş müstəqilliyə malik idilər. Görünür, bütün bunlar qədim Azərbaycan dövlətlərinin Dəclə və Fərat vadiləri də daxil olmaqla İran körfəzinə qədərki geniş ərazilərdə uzun müddət hökmranlıq etmələrində az rol oynamamışdı.
Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş, ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər yaranmışdır.
Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı olan və eramızdan əvvəl I minilliyin əvvəllərində meydana gələn Manna dövləti Azərbaycanın dövlətçilik taixində mühüm mərhələ oldu. Azərbaycanın ən qədim dövlətçilik məkanı olan Urmiya hövzəsində yaranmış bu dövlət təkcə qədimliyinə görə deyil, təkamül dərəcəsinə görə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur.

Urmiya hövzəsindəki bütün digər xırda yerli dövlətləri də öz hakimiyyəti altında birləşdirən Manna şimalda - Araz çayına (bəzən də ondan şimala doğru) və şimal-şərqdə - Xəzər dənizinə qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi.
Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına - Aşşur və Urartu dövlətlərinə qarşı uğurla mübarizə aparırdı. Aşşur və Urartu təcavüzünə qarşı mübarizədə o zaman Azərbaycanda məskunlaşmış iskitlər (skiflər) və kimmerlər də fəal iştirak edirdilər.
Manna hökmdarları irsi və qeyri-məhdud hakimiyyətə malik idilər. Lakin buna baxmayaraq onlar ölkəni ağsaqqallar şurasının köməyi ilə idarə edirdilər ki, bu da Azərbaycanın dövlət idarəçiliyi sahəsində qədim məşvərət mədəniyyətinə malik olduğunu sübut edir.
Yurdumuzun cənub bölgələrində üç yüz ilə yaxın bir müddət ərzində davam etmiş və qüdrətli qonşuların aramsız hücumlarına duruş gətirmiş Manna Azərbaycanda ən qədim zamanlardan başlayaraq güclü dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edən çox qiymətli tarixi faktdır.
Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni toplumdan olan saklar və massagetlər mühüm rol oynamağa başladılar. Avrasiyanın qədim sakinləri olan və müxtəlif tarixi dövrlərdə Baş Qafqazın cənub aşırımlarından və Dərbənd keçidindən cənuba axın edən bu tayfalar Böyük Qafqazın cənub ətəklərində - Şimali Azərbaycan torpaqlarında möhkəmləndikdən sonra buradan cənuba doğru - Manna ərazisinə və Anadolunun şərqinə də yayılmışdılar.





Kimmer-İskit-Sak toplumunun tərkibində digər köklərdən olan tayfalarla yanaşı güclü türk toplumları da vardı. "Tarixin atası" Herodotun (e.ə.V əsr) öz şəxsi müşahidələrinə əsaslanan məlumatları da bunu sübut edir. Herodotun yazdığına görə, iskitlər at südü ilə qidalanırdılar; iskitlərlə qohum olan massagetlər də onlar kimi geyinir və onlarınkına bənzər həyat sürürdülər. Onlar yeganə bir allaha - Günəş allahına sitayiş edir, göydə sürətlə hərəkət edən Günəş allahına Yerdə ən sürətli canlıdan - atdan qurban verirdilər.
İskitlər Mannadan şimaldakı Azərbaycan torpaqlarında qüdrətli İskit şahlığı yaratmış, ölkə ərazisində vahid xalqın təşəkkül prosesində iştirak etmişdilər. İskit-Massaget hökmdarları da Azərbaycan torpaqlarını yadelli təcavüzlərində uğurla müdafiə etmişdilər.
Massaget şahlığı o dövrün ən qüdrətli imperiyalarından biri olan İran - Əhəməni imperiyasını ağır məğlubiyyətə uğratmışdı. Yaxın və Orta Şərqdə geniş işğallar həyata keçirmiş Əhəməni hökmdarı II Kir Azərbaycanın cənub torpaqlarını zəbt etdikdən sonra ölkəmizin şimalını da ələ keçirməyə cəhd göstərmiş və bu məqsədlə Massaget hökmdarının dul qadını Tomirisə izdivac təklif etmişdi. Lakin II Kirin hiyləsini başa düşən, Vətən torpağının şərəfini və ölkənin müstəqilliyini uca tutan Tomiris İran hökmdarının təklifini rədd etmiş, Günəş allahına and içərək döyüşə atılmış, özündən qat-qat güclü olan yadelli qoşunlarını e.ə. 530-cu ildə darmadağın etmişdi. "Məğluğedilməz" Kirin özü də bu döyüşdə öldürülmüşdü. Midiya imperiyası, Lidiya, Babilistan kimi qüdrətli dövlətləri aradan qaldıraraq, Parfiya torpaqları da daxil olmaqla, Mərkəzi Asiyadan Misir hüdudlarına qədər çox geniş əraziləri ələ keçirmiş və bütün bu işğallara görə "Böyük Kir" ləqəbi qazanmış II Kir üzərində bu qələbə Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biridir.
İskit şahlığı dövründə Azərbaycan mədəniyyəti ilə Avrasiyanın çox geniş ərazilərində yayılmış iskit mədəniyyəti arasında qarşılıqlı əlaqə üçün də əlverişli şərait yarandı.

Atropat


Qədim Azərbaycan mədəniyyəti daha da inkişaf etdi və zənginləşdi. Arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri, habelə Azərbaycan ərazilərində İskit-Sak-Massaget dövründən qalmış çoxlu yer adları buna parlaq sübutdur.
Yaxın və Orta Şərqdə çox mürəkkəb hərbi-siyasi hadisələrin cərəyan etməsinə, qonşu dövlətlərin təbii sərvətlərlə çox zəngin olan və hərbi-strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən Azərbaycan torpaqlarını ələ keçirmək siyasətinə baxmayaraq dövlətçilik ənənələrimiz davam etməkdə və zənginləşməkdə idi. Odur ki, nə Əhəməni-İran imperiyasının uzunsüoən işğal rejimi, nə də Makedoniyalı İskəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyəti məhv edə bilmədi.
Makedoniyalı İskəndərin ölümündən dərhal sonra Azərbaycan dövlətçiliyi yenidən dirçəldi. Ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəldi. Azərbaycanın bütün tarixi torpaqları bu iki yerli dövlətin tərkibində cəmləşdi.
Atropatena dövləti ölkənin cənub vilayətini əhatə edirdi. Burada müstəqil Azərbaycan dövlətçiliyinin dirçəlişi əslində hələ İskəndərin yürüşündən xeyli əvvəl baş vermişdi. Süquta uğramış keçmiş Midiya imperiyasının digər əraziləri ilə birlikdə ayrıca satraplığa çevrilmiş Azərbaycanın cənub torpaqlarını Əhəməni satrapı Atropat hələ Əhəmənilərin hakimiyyəti dövründə müstəqil surətdə idarə edirdi. Azərbaycanın bu hissəsi o zaman Midiya-Atropatena, Kiçik Midiya və Atropatın adı ilə Atropat Midiyası, bəzən də Atropatiya və ya Atropatena adlanırdı.
Uzaqgörən siyasətçi və məşhur sərkərdə olan Atropat III Daranın İskəndərə qarşı çıxardığı Əhəməni qoşunlarının ön dəstələrinə - əsas zərbə qüvvəsinə başçılıq edidi. Bu qüvvələr əsasən Azərbaycanın şimal və cənub torpaqlarından toplanmış hərbi dəstələrdən ibarət idi. III Daraya qalib gəldikdən sonra Atropatın sərkərdəlik istedadına və hərbi-siyasi nüfuzuna bələd olan İskəndər onunla toqquşmaq fikrindən daşındı və Azərbaycan hakimi ilə yaxınlaşmağı daha üstün tutdu. Beləliklə, Makedoniyalı İskəndərin işğalları Azərbaycan yan keçdi. Sonralar Atropat Makedoniya hökmdarı ilə bu yaxınlaşmanı daha da dərinləşdirərək onun ən yaxın adamlarından biri ilə qohumluq əlaqəsi yaratdı və nəhayət, bütün Şərqdə ilk dəfə olaraq, öz yurdunu - Atropatenanı yunan-Makedoniya asılılığından azad olmuş ilk müstəqil dövlətə çevirdi.
Müstəqil dövlətçilik ənənələrinin dirçəlişi Azərbaycanın cənub rayonlarında iqtisadi və mədəni həyatın bütün sahələrində böyük yüksəlişə səbəb oldu. Qüdrətli Atropatena dövləti bütün regionun beynəlxalq münasibətlərində mühüm rol oynayır, Qafqaz, Volqaboyu, Orta Asiya, Hindistan, Kiçik Asiya, Mesopotamiya, Qara dəniz və Aralıq dənizi hövzələri ilə geniş ticarət əlaqələri saxlayırdı. Daxili ticarətdə dövlətin öz pulları mühüm rol oynayırdı.
Şərq və yunan dövlət sistemləri arasındakı qarşılıqlı əlaqə və təsir Atropatenada idarəçilik mədəniyyətinin də yüksəlişinə müsbət təsir göstərirdi. Ölkədə yunan dilindən geniş istifadə olunması, başqa sahələrlə yanaşı, hüquq normlarının da təkmilləşməsinə səbəb olurdu. Dövlət idarəçiliyi qaydaları daha da təkmilləşirdi.

Azərbaycanın, həmçinin Qədim Şərqin və Yunanıstanın dövlət idarəçiliyi ənənələrindən bəhrələnən Atropatena hökmdarları öz hakimiyyətlərini daha da qüvvətləndirə bildilər. Nəticədə Atropatena Parfiya və Selevki dövlətlərinə qarşı mübarizədə öz müstəqilliyini qoruyub saxlaya bildi, ölkənin ərazisinə soxulmuş Roma qoşunlarını parfiyalılarla birləşərək darmadağın etdi. O zaman Atropatena qoşunları bütün regionda ən güclü şərbi qüvvələrdən biri hesab olunurdu. Roma təcavüzkarları ilə döyüşə Atropatena 40 min piyada və 10 min suvari çıxarmışdı.
Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvə olan Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaranmışdı. Roma imperiyası özünün şərq siyasətində Atropatenaya xüsusi əhəmiyyət verirdi. Atropatena elçiləri Romaya gedib imperator Oktavian Avqustla (e.ə. 27 - eramızın 14-cü illərri) diplomatik danışıqlar aparmışdılar. Roma imperatoru Kiçik Asiyadakı qonşu erməni çarlığının idarə olunmasını da Atropatena hökmadarlarına tapşırmışdı. Atropatenanın hərbi-siyasi qüdrətindən ehtiyat edən erməni çarları bu dövlətlə münasibətləri pozmağa çalışırdılar. Bu məqsədlə də hələ eməni çarı Tiqran öz qızını Atropatena hökmdarı Mitridata vermişdi. Sonralar erməni çarlığı Atropatenadan asılı hala düşmüş və Atropatena hökmdarları tərəfindən idarə olunmuşdu.
Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafları ilə birlikdə) da daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda - Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şərqə doğru - Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi.
Albaniya dövründə Azərbaycanın şimal torpaqlarında maddi və mənəvi mədəniyyət daha da inkişaf etmişdi. Bu dövrdə elmi ədəbiyyatda alban əlifbası adlanan Azərbaycan əlifbası yaradılmış, məktəblər açılmışdı. Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi olan 30-dan çox şəhər vardı.
Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında yerləşən və müxtəlif etnosların, dinlərin, mədəniyyətlərin qarşılaşıb təmasa girdiyi Albaniyada özünəməxsus və zəngin mədəniyyət formalaşmaqda idi.
Ölkədə yaşayan və sayları getdiycə atmaqda olan türk etnosları dövlətin həyatında mühüm rol oynamışdır. Aya, Göyə, Günəşə, tək Allaha - Tanrıya sitayişlə yanaşı xristianlıq da yayılmaqda idi. Müstəqil Alban kilsəsi dini cəhətdən birbaşa Romaya tabe idi.
Albaniya dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəlmişdi. Alban hökmdarları ölkənin dünyəvi və dini başçısı idilər. Onlar, eyni zamanda, qanunlar verir, ölkənin hərbi qüvvələrinə başçılıq edirdilər. Dövlətin hərbi qüvvələri 80 min nəfəri (60 min piyada, 22 min süvari) aşmışdı.
Albaniya hökmadarlarının sarayında məşvərət şurası fəaliyyət göstərirdi.


Cavanşir


Məşvərət şurasına və ruhani yığıncaqlarına Albaniya hökmdarlarının özləri rəhbərlik edirdilər. Atropatena kimi Albaniya dövlətinin də öz pulları vardı. Öz dövrü üçün möhkəm və təkmil dövlət idarəçiliyi sisteminə malik olan Albaniya dövləti ölkənin müstəqilliyi üçün təhlükə törədən Parfiyaya və Roma imperiyasına qarşı uğurla mübarizə aparmışdı. Ölkəyə müdaxilə edən Roma imperiyasının qoşunları Alban cəngavərləri tərəfindən dəfələrlə ağır məğlubiyyətə uğradılmışdı. Roma imperiyası Albaniyanın hərbi-siyasi qüdrəti ilə hesablaşmağa məcbur olmuş, iki ölkə arasında qarşılıqlı əlaqələr yaranmışdı. Atropatena kimi Albaniya elçiləri də Romaya gedib imperator Oktavian Avqustla danışıqlar aparmışdılar.
Ölkə başqa dövlətlərlə də geniş ticarət əlaqələrinə və siyasi münasibətlərə malik idi.
Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir ölkəni ələ keçirməyə çalışan Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi qüdrətli qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət yeritmiş, özünün sərkərdəlik məharəti və döyüş şücaəti ilə Vətənin müstəqilliyini qoruyub saxlaya bilmşdi.


Cavanşir və Babək kimi sərkərdələrin
qəhrəmanlıqları böyük vətənpərvərlik
məktəbinə çevrilmiş, Vətənin bütövlüyü,
xalqın birliyinin təcəssümü olmuşdur.

Heydər Əliyev





Babək


Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi və mədəni təsir gücünə, region ölkələri ilə sıx qarşılıqlı münasibətlərə malik olan Albaniya Aralıq dənizi hövzəsi ölkələri ilə, o cümlədən Roma imperiyası ilə də geniş əlaqələr saxlayırdı. İlk mənbələr, o cümlədən arxeoloji qazıntılar zamanı aşkar olunmuş zəngin maddi mədəniyyət nümunələri Albaniya dövründə Azərbaycanın şimal torpaqlarının xarici ölkələrlə geniş əlaqələr saxladığını sübut edir. Yaxın və Orta Şərq ölkələrini Xəzər xaqanlığı və Şərqi Avropa ilə birləşdirən beynəlxalq yollarının Albaniyadan keçməsi ölkənin xarici ticarət əlaqələrinə müsbət təsir göstərirdi.
Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.

Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi. Onlara geniş imtiyazlar verildi. Yadellilər Azərbaycanın yerli əhalisini əridib yox etmək siyasəti yeritməyə başladılar. Lakin, təqribən 600 il davam etmiş İran və ərəb zülmü Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi. Dözülməz işğal rejimi və təqiblər şəraitində Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi.
İşğalçıların yerli əhalini assimilyasiyaya uğratmaq siyasətinə baxmayaraq, uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyanın tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi. İran və ərəb işğalçılarına qarşı uzun sürən birgə qaynayıb-qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi sürətləndi.
Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.

İlk oğuzlar, başqa türk tayfaları kimi, ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə qədim türklərin "Dəmir qapı" adlandırdıqları Dərbənd keçidi vasitəsilə, habelə Böyük Qafqazın başqa dağ aşırımlarından (Azərbaycan Respublikasının Qax rayonundakı dağ aşırımlarından birini yerli əhali indi də Hun beli adlandırır - Y.M.) keçərək yayılmışdılar.Oğuz müqəddəs Dədə Qorqudun qəbrinin Dərbənddə olması barədə ilk mənbələrin məlumatı, Dərbəndin qala qapılarından birinin Dədə Qorqudun mənsub olduğu Bayat elinin (oğuz tayfası bayatların) adı ilə "Bayat qapısı" adlanması bunu sübut edir.
Avrasiyanın geniş ərazilərində məskunlaşmış qədim türklər, o cümlədən oğuzlar ümumtürk məkanının şimalı ilə cənuunu, yəni Qıpçaq düzü ilə Cənubi Qafqazı əlaqələndirən bu mühüm keçidi - "Dəmir qapı"nı daim əllərində saxlamağa çalışırdılar.
Başqa ilk mənbələrlə yanaşı, Oğuz türklərindən olan ağqoyunluların ən qüdrətli hökmdarı Uzun Həsənin (1454-1478) hökmü ilə Əbu Bəkr əl-Tehrani əl-İsfahaninin yazdığı "Kitabi-Diyarbəkriyyə" adlanan oğuznamədə verilən faktlar da oğuz türklərinin, o cümlədən xalqımızın soykökündə duran ağqoyunlu və qaraqoyunluların Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın və Ön Asiyanın ən qədim sakinlərindən biri olduğunu sübut edir. Göstərilən müəllif Uzun Həsənin böyük babası - Ağqoyunlu dövlətinin banisi Qara Yuluk Osman bəyin nəsil şəcərəsini bir-bir araşdıraraq, nəhayət, Oğuz xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi böyük türk dövlətinin tərkibinə daxil olan əraziləri sadalayır və bütün oğuz türklərinin kökündə duran bu böyük hökmdarın, yəni Oğuz xaqanın Göyçə dənizi ətrafında vəfat etdiyini göstərir. Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin tərkibinə daxil olması və böyük xaqanın özünün də burada - Göyçə dənizi ətrafında vəfat etməsi faktı bu diyarın ən qədim oğuz-türk məskənlərindən biri olduğunu sübut edir.


Dədə Qorqud


"Kitabi-Diyabəkriyyə"nin müəllifi Oğuzun nəvəsi Xanlar xanıBayandır xaqanında "Qarabağ qışlağı və Göyçə dənizi yaylaqlarında ömür sürdüyünü", burada "böyük bir qurultay çağırıb, məmələkəti oğlanları arasında qabiliyyətlərinə görə bölüşdürdükdən sonra Allahın dəvətini qəbul etdiyini" yazır. Əbu Bəkr əl-Tehrani əl-İsfahani təsdiq edirdi ki, ağqoyunlu Qara Yuluk Osman bəyin 20-ci babası Sunqur bəy Məhəmməd peyğəmbərin müasiri idi. O, Alagöz və Göyçə dənizi yaylaqları tərəfdəki sərhədlərdə "kafirlərlə müharibə etmiş" və döyüşlərdən birində həlak olmuşdu. Qara Yuluk Osman bəyin 14-cü babası Şəktur xan isə Əlincə qalası uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, onu "kafirlərin" əlindən geri almışdı. Xəlifə Harun ər-Rəşidin müasiri olan Qıpçaq xan da Əlincə qalası uğrunda "kafirlər"lə müharibələr aparmış, onları məğlubiyyətə uğradaraq qalanı azad etmişdi.
"Kitabi-Dədə Qorqud" boyları ilə səsləşən, Məhəmməd peyğəmbərin dövründə və Xilafət işğalları zamanı cərəyan etmiş hadisələrlə üst-üstə düşən bütün bu faktlar tarixi reallıq olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın öz güclü dövlətçilik və müstəqillik ənənələrini qoruyub çaxladığını da sübut edir.
Türk tayfaları, başqa xalqlar və etnik qruplardan fərqli olaraq, Azərbaycanın bütün ərazisinə - həm şimalına, həm də cənubuna yayılmışdılar və çoxluq təşkil edirdilər. Buna görə də, eramızın ilk yüzilliklərindən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş - təkallahlı din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.
Bu mürəkkəb tarixi şəraitdə güclü və aparıcı hərbi-siyasi qüvvəyə çevrilən çoxsaylı türk etnosları Azərbaycan dövlətçiliyinin əsas daşıyıcıları idilər. Hələ vahid təkallahlı Dinin olmadığı bir dövrdə məhz türk etnosları və türk dili, şimallı-cənblu, bütün ölkə ərazisində birləşdirici rol oynayırdı. Türk etnosları Azərbaycan dövlətçiliyinin və ölkənin müstəqillik ənənələrinin qorunub saxlanmasında da aparıcı rol oynayırdılar.

Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 577
favori
like
share
YaSMiN Tarih: 04.10.2009 12:09
Cox gozel movzudu .Paylasdiginiz ucun tesekkur edirem.