Saç üçün maskalar və losyonlar

Son güncelleme: 06.10.2009 08:26
  • SAÇI MÖHKƏMLƏDƏN VASİTƏLƏR.
    Gənəgərçək yağı qədimdən saçı möhkəmlədən və saç bitirən vasitə kimi istifadə edilir. Tərkibi: 1 yumurta, 4 çay qaşığı gənəgərçək yağı, ½ xorək qaşığı üzüm sirkəsi, 1 çay qaşığı qliserin. Komponentləri qarışdırın və, yaxşıca çalaraq saçın dibinə sürtün. Sonra başınızı dəsmala bürüyürsünüz və, müəyyən vaxt buxar üzərində tutduqdan sonra, başınızı yuyursunuz. Bu proseduradan sonra sizin saçlarınınz daha da sıx, parlaq yumşaq və daha da düzümlü olacaq.

    ƏZVAY, ALOE (maska). Qədim Azərbaycanda əzvayın səbur adlı qəliz şirəsi dərman və ətriyyat kimi geniş istifadə edilirdi. Əzvayla maska qurumuş və bozarmış saçlar üçün məsləhət görülür. O, həmçinin saçların tökülməsinin qarşısını alır. Tətbiqi sadədir: ½ xorək qaşığı əzvay şirəsi, 2 çay qaşığı bal və ½ xorək qaşığı gənəgərçək yağını başı yumazdan 30 dəqiqə qabaq saçların köklərinə sürtürlər. Sonra başı yuyurlar və çobanyastığı çiçəyi və gicitkan otunun dəmi və ya həlimi ilə yaxalayırlar. Sonda başınızı təmiz su ilə yuyun. Bu proseduranı hər 4-7 gündən bir təkrar edin.

    noimage

    ZƏNCƏFİL KƏPƏYİ YOX EDİR. Zəncəfil sadəcə ətirli ədviyyə deyil, o, həmdə effektli antiseptik vasitədir, saçın diblərini qanla təchiz edir, başın dərisini rütubətləşdirir, saçları yümşaq və parlaq edir. Kosmetik məqsədlərlə zəncəfilin təzə sıxılmış şirəsi istifadə olunur. Şirəyni güncüt yağı ilənı qarışdıraraq saçın diblərinə sürtün. Bir qədər masaj etdikdən sonra, həmin vəziyyətdə 10 dəqiqə saxlayın. Sonra başınızı yuyun.

    PITRAQ KƏPƏKLƏ MÜBARİZƏ APARIR. Bu bitki kəpək və saç tökülməyə qarşı əla vasitələrdən biridir. Bir xorək qaşığı pıtraq kökünün üzərinə qaynar su tökərək, onun yarısı buxarlanana qədər bişirirlər. Sonra bu həlimə bir qədər qoyunun iç piyindən qatırlar və qarışdıraraq zəif odda isidirlər. Sonra bu tərkibi bir saxsı qaba tökərək (piti qabını götürmək olar) ağızını xəmirlə bağlayıb, bir neçə saatlıq duxovkaya qoyurlar. Əmələ gəlmiş tərkibi başı yumamışdan əvvəl onun dərisinə sürtürlər.

    YAĞLI SAÇLAR ÜÇÜN LOSYON. Tərkibi: 4 çay qaşığı çökə ağacı çiçəklərinin üzərinə 2 stəkan qaynar su tökürlər. Bu qarışığı 2-3 dəqiqə od üzərində saxlayırlar, sonra soyudurlar və süzgecdən keçirirlər. Bu həlimə 1 ədəd limonun şirəsi və ¼ stəkan əsməçiçəyi tinkturasını əlavə edirlər. Əmələ gələn losyonu saçın uzunluğu boyunca sürtmək lazımdır.

    SAÇIN TÖKÜLMƏSİNƏ QARŞI VASİTƏ. Bu, saç tökülməsinin qarşısını almaq onun gözəlliyini və qüvvəsini bərpa etmək üçün sınaqdan keçmiş bir vasitədir. "Tibbnamə" (1712) saça qulluq etmək üçün soğandan istifadə etməyi məsləhət görür. Müasir kosmetoloqlar da həmin fikirdədir. Tərkibi: 1 baş soğanın şirəsi - 1 hissə, gənəgərçək yağı - 1 hissə, yumurta sarısı - 1 ədəd. Bunların hamısını yaxşıça qarışdırmaq lazımdır. Gənəgərçək yağını zeytun yağı ilə əvəz etmək olar. Bu qarışığı saçlarınızı yumamışdan 45 dəqiqə əvvəl saça sürtün, sonra başınızı selofanla örtüb, üstündən dəsmalla bağlayın. Proseduranı ayda 1 dəfə yerinə yetirmək lazımdır.

    KƏKLİKOTU MASKASI. Yarım stəkan quru kəklikotunu toz halına gətirib, üzərinə iki stəkan qaynar mineral suyu əlavə edin. Qarışıq dəmlənib soyuyandan sonra, onu süzğəsdən keçirin. Başınızı yuyun və dəmləməni başın dərisinə sürtüb, masaj edin. Başınızı dəsmalla bağlayın və15 dəqiqə saxladıqdan sonra, saçlarınızı yaxalayın. Kəklikotunun efir yağları saçları möhkəmləndirməklə yanaşı, onları həm də ətirləndirir. Kəklikotu qədim Şərq prarfümeriyasında müstəsna yer tuturdu.

    YUMURTA MASKASI (bütün saçlar üçün). Bu tərkibi hazırlamaq üçün 4 çay qaşığı yaxşı konyakı 1 ədəd yumurtaya əlavə edin və yaxşıca çalın. Sonra qarışığı diqqətlə başın dərisinə sürtün və 15 dəqiqə saxladıqdan sonra yuyun.(Şərqin min-bir sirri)
#06.10.2009 08:26 0 0 0