Azerbaycan-Qebele

Son güncelleme: 14.10.2009 10:57
  • Azerbaycan cografiyasi -Qebele-Azerbaycan rayonlari-Qebele rayonu

    Qəbələ rayonu indiki rayon mərkəzindən 20 km cənub-qərbdə yerləşən IX əsrdə Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim Qəbələ şəhərinin adını daşıyır. Qədim Qəbələ dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdu


    1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası şəhərin daha qədim və böyük hissəsini aşkara çıxardı və buranın e.ə. IV - b.e. I əsrlərinə aid olduğunu müəyyənləşdirdi. Müxtəlif tarixi hadisələrlə əlaqədar şəhər bir neçə dəfə dağıntılara məruz qalmışdır. Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də, Qəbələni işğal edə bilməmişlər. Sasanilər dövründə Qəbələ çox böyük ticarət və sənətkarlıq mərkəzi olmuşdur. Xilafət dövründə də Qəbələ ticarət və sənətkarlıq mərkəzi kimi əhəmiyyətini qoruyub saxlamışdır. XIII əsrdə Monqolların hücumu zamanı Qəbələ tənəzzülə uğrasa da, sonralar yenidən dirçəlmişdir.

    XVIII əsrin ortalarında Qəbələ öz əvvəlki əzəmət və əhəmiyyətini itirmiş, əhali tədricən buradan köçmüşdür. XVIII əsrin ortalarında Qəbələ ərazisində kiçik feodal dövləti olan Qutqaşın sultanlığı yaradılmışdır. Qutqaşın sonralar mahal kimi Şəki xanlığının tərkibinə daxil olmuş, Şəki xanları tərəfindən təyin olunan naiblər tərəfindən idarə edilmişdir. Şəki xanlığının süqutundan sonra Qutqaşın mahal kimi Şəki qəzasının tərkibinə daxil olmuşdur. 1930-cu ildə Qutqaşın rayonu yaradılmışdır. 1991-ci ilin martında rayonun adı dəyişdirilərək rayon ərazisində yerləşən qədim Qəbələ şəhərinin adı ilə adlanmışdır.


    Abidələri
    Qəbələ rayonunun ən məşhur tarixi-mədəni abidəsi - eramızın I əsrinə aid yazılı mənbələrdə (Pliniy və b.) adı çəkilən qədim Qəbələ şəhəridir. 1800 ildən çox mövcud olmuş Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə yerləşir. Qəbələ rayonunda tütün, buğda və arpa yetişdirilir, barama saxlanılır. Rayonun inzibati mərkəzi - Qəbələ şəhəri Dəmiraparançayın sağ sahilində yerləşir. Aydın havada bu şəhərdən baxanda Azərbaycanın ən uca zirvəsi - Bazardüzü dağını görmək olar. Tikanlıçay, Qumçay, Dəmiraparançay və Vəndam çayları bu rayonun ərazisindən axır.

    Rayonda yüzlərlə tarix və mədəniyyət abidəsi var. Onlara misal olaraq Əmili kəndində IV-VIII əsrlərə aid alban məbədini, Bum kəndində XIX əsrə aid məscidi, Bayramkoxa kəndində IX-XIV əsrlərə aid Ustacan qalasını, Şəfili kəndində XVII əsrə aid məqbərəni, Həmzəli kəndində XVI əsrə aid Şıxbaba pirini, Komrad dağının zirvəsindəki Komrad pirini, Nic kəndində Hacı Qərib məscidini və XIX əsrdə yaşamış Bolu bəyin yaşayış evini göstərmək olar. Həzrə kəndində Şeyx Bədrəddin və Şeyx Mansur məqbərələri XV əsrə aid edilir.

    Nic kəndinin yaxınlığında Yalovlu dağda eramızdan əvvəl III-I əsrlərdə insan məskənləri olmuşdur. Bu ərazidə dəmir bıçaqlar, xəncərlər, qılınclar, tuncdan hazırlanmış üzüklər, qızıl sırğalar, dəyirman daşları və başqa əşyalar aşkar edilmişdir. Azərbaycanın şimal ərazisində dağlıq və Aran rayonlarda həmin dövrə aid arxeoloci mədəniyyət elmdə Yaloylu mədəniyyəti adlanır.
    Qəsəbələr / Kəndlər
    Küsnət, Bum, Mıxlıqovaq, Solquca, Kötüklü, Nic, Mirzəbəyli, Corlu, İmamlı, Böyük Pirəlli, Kiçik Pirəlli, Soltan Nuxa, Tüntiil, Nohurqışlaq, Yengicə, Vəndam, Zalam, Mollaşıxalı, Kiçik Əmili, Bayramkoxa, Kurd, Qaradeyn, Hacallı, Böyük Əmili, Şamlı, Çarxana, Şəfili, Mamaylı, Ovuclu, Quşlar, Savalan, Beyli, Laza, Çırt-Yengica, Qəmərvan, Məlikli, Bılıx, Sileyli, Əmirvan, Dızaxlı, Nəsimi, Ziring, Sarı Hacılı, Zarağan, Aydınqışlaq, Daşğıca, Həmzəlli, Cığatelli, Xırxatala, Tikanlı, Abrıx, Uludaş, Yemişanlı, Dandıq, Bunud, Həzrə, Seyidqışlaq, Məmmədağalı, Çuxur Qəbələ, Tola, Yenikənd, Topbağ.


    Qoruqlar
    Qəbələ rayonunda Qəbələ Dövlət Tarix - Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin 27.03.1978-ci il 101-5 RS #8470; -li qərarına əsasən yaradılmışdır. Qoruq e.ə. IV - b.e. V əsrinədək qədim Qafqaz Albaniyasının ilk paytaxtı olmuş qədim Qəbələ şəhərinin yerləşdiyi ərazini əhatə edir və Qəbələ rayonunun cənub-qərbində, Çuxur Qəbələ kəndi yaxınlığında yerləşir. Qoruq üç əsas hissədən ibarətdir:
    Çaqqalı
    Səlbir
    Qala
    Qoruğun ərazisi 480 hektardır.
#14.10.2009 10:57 0 0 0