Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində cərrah-həkim ailəsində anadan olmuşdur. Nigar xanımın atası Xudadat bəy Rəfibəyov əsrimizin əvvəllərində Avropada oxumuş ziyalılarımızdan biri, ali təhsilli ilk azərbaycanlı cərrah idi.



1919-cu ildə, gələcək şairə altı yaşında olanda, Xudadat bəy Azərbaycan Demokratik Cumhuriyyəti rəhbərliyinin təklifi və Gəncə ictimaiyyətinin təkidli xahişləri əsasında quberniyanın valisi vəzifəsini qəbul etmiş və bir il müddətində bu vəzifəni layiqincə icra etmişdi. Azərbaycanın zorla şuralaşdırıldığı ilk günlərdə isə Gəncədə hakimiyyətə doluşan daşnaklar Xudadat bəyi həbs etmiş, tələm-tələsik Bakıya göndərərək Nargin adasında güllələnməsini təşkil etmişdilər.


İbtidai təhsilini Gəncədə almış Nigar xanım sonralar Bakı pedaqoji texnikumunda təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə müəllimliklə başlamış Nigar Rəfibəyli həm də bu illərdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun ilk şeirləri də elə bu vaxtlar dövrü mətbuatda çap olunmuşdur. Nigar Rəfibəylinin “Çadra” adlı ilk şeiri 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc olunmuşdur. 1930-1932-ci illərdə Nigar Rəfibəyli Bakı kinostudiyasında sonralar isə fəhlə-gənclər məktəbində işləmişdir. “Zəfər nəğməsi”(1943), “Şeirlər”(1949), “Anaların səsi” (1951), “Yol xatirələri” (1957), “Dənizin səsi gəlir”(1964) və başqa kitabları nəşr olunmuşdur. 1931-ci ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor kimi fəaliyyətə başlayan Nigar Rəfibəyli sonradan Moskvada pedaqoji institutunda təhsilini davam etdirmişdir. Orada təhsil alarkən Bakıda ilk şeirlər məcmuəsi (1934) çapdan çıxmışdır.

Nigar Rəfibəyli 1937-1939-cu illərdə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsində çalışmışdır. 1940-cı ildən ömrünün sonunadək bütün qüvvəsini yaradıcılıq işinə həsr etmiş, qardaş xalqlar ədəbiyyatından (Nəvai, Şiller, Puşkin, Lermantov, Çexov, Şevçenko və başqaları) bədii tərcümələr etməklə milli mədəniyyət xəzinəmizi zənginləşdirmişdir. Yaradıcılıq dövründə Nigar Rəfibəyli xidmətlərinə görə “Şərəf” nişanı ordeni və medallarla təltif olunmuşdur.
Gözəl insan, unudulmaz şairəmiz Nigar xanım Rəfibəyli 1981-ci il iyulun 9-da Bakıda vəfat etmişdir. Hal-hazırda Bakı küçələrindən biri onun adını daşıyır.
Mən könül mülkünün tacidarıyam,
Xəyal dünyasının şah nigarıyam.
Vətən torpağında iftixar olan
Şanlı nəsillərin yadigarıyam.
Zərif duyğularının poetik şəkildə təsirli ifadəsinə, həyatın adilikləri içərisində heyrətedici məqamları görə bilməsinə və bunun da nəticəsində qələmə aldığı şeirlərində insanın ruhunu dilə gətirən, ona romantik duyğular aşılayan, düşündürən Nigar Rəfibəyli Azərbaycan poeziyasında öz dəst-xəttinə malik unudulmaz söz sahiblərindən biridir.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1999
favori
like
share