Adı Azərbaycan dövlətçilik tarixinə ilk xanım diplomat kimi daxil olan, Sara Xatunun adını fəxrlə çəkə biləcəyimiz bir qadındır.



Osmanlı mənbələrinin yazdığına görə, onun əsl adı Gövhərşah xatundur. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası, demək olar ki, bütün Şərqdə dövrünün yeganə istedadlı diplomat qadını kimi tanınan Sara Xatun böyük ağıl və mətanət, müdriklik və cəsarət sahibi idi.
Sara Xatun Ağqoyunlu dövlətinin möhkəmləndirilməsində, onun xarici siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində mühüm rol oynayıb. O, Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını böyük səylə və müvəffəqiyyətlə həyata keçirirdi. Elə buna görə, həmin dövrdə kiçik Ağqoyunlu dövləti, Osmanlı Türkiyəsi və Qaraqoyunlu kimi iki qüvvətli rəqib arasında müstəqilliyini saxlaya bilmişdi. Olduqca ağıllı, tədbirli qadın olan Sara Xatun dövlətin idarəçilik işlərində oğluna yaxından kömək edirdi.

Türkiyə, Ağqoyunlu dövlətinin müttəfiqi və Aralıq dənizi sahilində əlverişli strateji mövqeyə malik Qaraman əmirliyini aradan qaldırmaq istədikdə Osmanlı imperatoru II Mehmetlə danışıqlar aparmaq üçün Sara Xatun göndərilmişdi. Sara Xatun Osmanlı imperatoru II Mehmetle bağladığı Yassıçəmən müqaviləsi (1461) Ağqoyunluların dövlət müstəqilliyinin saxıanmasında böyük əhəmiyyətə malik idi. Uzun Həsən Sara Xatunu Sultan II Mehmetin hərbi düşərgəsinə göndərərkən onun qarşısına iki mürəkkəb vəzifə qoymuşdu. Əvvəla, o, Osmanlı sultanını ağqoyunlular üzərinə hücum etmək fikrindən daşındırmalı, ikincisi, Sultanı mümkün qədər Trabzonu fəth etmək fikrindən də döndərməli idi. Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Sara Xatun Osmanlı sultanının hərbi düşərgəsində yaxşı qarşılandı. Mənbələrin məlumatına görə diplomatik danışıqlar zamanı Sara Xatun və II Mehmet bir-birinə “ana”,“oğul” deyə müraciət etmişlər. Sara Xatun bu danışıqlar zamanı özünün bütün diplomatik ustalığından istifadə edərək Uzun Həsənin birinci tapşırığını yerinə yetirə bildi. Bu sülhün o zaman Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti olmuşdur. Lakin, Sara Xatun ona tapşırılan ikinci vəzifəni yerinə yetirə bilmədi. Sultanı Trabzon-yunan dövlətini Türkiyəyə qatmaq fikrindən döndərə bilmədi. Sultan II Mehmet Trabzon imperatorluğuna son qoyduqda, Sara Xatunun gəlini, Uzun Həsənin həyat yoldaşı Dəspinə Xatunun vərəsəliyini irəli sürüb, Trabzon xəzinəsini bölüşdürməyə müvəffəq olmuş, bununla da öz dövlətinin xəzinəsini xeyli zənginləşdirmişdi. Bu, onun böyük məharət və dərrakə sahibi olmasından xəbər verir.

Teymuri hökmdarı Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə də Sara Xatun başçılıq etmişdir (1468). Avropa ölkələri də bu Azərbaycanlı xanımı çox yaxşı tanıyır, ona böyük ehtiramla yanaşırlar. Azərbaycana göndərilən Avropa, xüsusilə də, Venesiya elçilərinə verilən məxfi məlumatlarda mütləq Sara Xatunla görüşmək və öz məqsədləri üçün onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı. Sara Xatun diplomat və dövlət xadimi olamqla bərabər, böyük hərbi sərkərdəlik bacarığına və hərbi intuisiyaya malik qadın olmuşdur. Onun əqli çevikliyi dar məqamlarda tez qərar çıxarmağa imkan vermişdir. Sara Xatun qeyrətli qadın, diplomat və hərbi istedada qadir bir insan olmuşdur.

Ağqoyunlu dövrünün ən görkəmli tarixçisi Əbubəkr Tehrani yazır ki, Sara Xatun Qaraqoyunlu Cahanşahla danışıqlar aparmaq məqsədi ilə onun yanına gəlmiş, bu zaman Rüstəm Tərxanın düşərgəsində olmuşdur. Onun ordusu Sara Xatuna o qədər də əzəmətli görünmədiyindən Cahangir Mirzə və Uzun Həsənə sifariş göndərir ki, “Əgər gəlsəniz, qələbə sizin olacaq. Bu işi təxirə salmaq olmaz”. Sara Xatun orduya sadəcə bir nəzər salmaqla ağqoyunlular arasındakı qüvvələr nisbətinin Ağqoyunlu dövlətinin xeyrinə olduğunu düzgün qiymətləndirməsi onun hərbi intuisiya və səriştəsində xəbər verir. Həqiqətən də, bundan sonra Uzun Həsənin kəşfiyyat dəstəsi Rüstəm Tərxanın ordularına hücum edərək onları damadağın etmiş, qaraqoyunluları bərk qorxuya salmışdı.

Qadınların kişilərə nisbətən həyatın bütün sahələrində hüquqsuz bir vəziyyətdə olduğu bir dövrdə, Azərbaycan tarixində belə mərd və cəsarətli, diplomat qadınlarımızın mövcudluğu təqdirə layiq haldır. Sara Xatun uzaq tarixi keçmişimizdə yaşasada onun siyasi mədəniyyəti, diplomatik fəaliyyəti və şəxsi şücaəti gələcək nəsillər üçün də örnəkdir.

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 1087
favori
like
share