Dostlar, badələri qaldırın içək!
Gecə, ulduzludur, hava da sərin.
Demirəm məst olub dünyadan keçək
Deyirəm mehriban düşüncələrin
İsti qücağında qızınaq bir az
Qoy uzansın gecə, geciksin səhər,
Yuxuya getməsin məclisdəkilər -
Mənim söhbətimdən yorulmaq olmaz.
Hələ yer üstündə, insan yanında
Deyib danışmaqdan doymamışam mən
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən
Bu aylı gecədə, bu dağ döşündə,
Bu sazlı, söhbətli bulaq başında
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm!
Sevgilim, qolunu boynuma dola!
Demə ki, yorğunam, ya qocalmışam.
Mən hələ dünyadan nə zövq almışam?
Dur, bütün aləmi gəzək qol-qola!
Yenə də fikrimin səyyar yelkəni
Dənizdən - dənizə atsa da məni,
Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»
Dur, bütün aləmi gəzək qol - qola,
Sellərdən, sulardan yeyin axsam da,
Şimşəklə yanaşı göydə çaxsam da,
Nə şadlıq səyirtsin atını, nə qəm,
Heç yana, heç yerə mən tələsmirəm!
Sən də, ovçu dostum, tələsmə sən də,
Bu qəlbi dağları qoy asta aşaq.
O çay yanındakı yaşıl çəməndə
Asta addımlayıb ağır dolaşaq.
Hər güllə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən - dən
Odur ki, yel olub çöldə əsmirəm,
Heç yana, heç yerə mən tələsmirəm!
Bulud tez keçməsin başımın üstdən,
Çay da yavaş axsınsular boyunca.
Baxım hər zərrəyə, baxım doyunca
Ürək tərpənməyir ötərgi səsdən,
Nə çıxar bir anlıq yanan həvəsdən?
Elə zənn etmə ki, ağırlaşmışam,
Ayağı sarıqlı şikəst bir quşam
Qoy dünya böyüsün, zaman uzansın,
Bir günün ərzində aylarla yansın
Al günəş üzündən nur yağa - yağa..
Ömrün kitabını tamamlamağa
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm
Quşlar qatar-qatar ellərdən keçər,
Bəşər nəsil-nəsil dünyadan köçər;
İnsanlıq gah zəhər, gah şərbət içər
Əzəldən belədir hökmü zamanın -
Düyümlü bir sirri var asimanın!
Çarxını qurduqça dövranın əli
Bəzən ağlar olur, bəzən gülməli
İnsanın ən böyük eşqi, əməli
Bəzən aslan kimi çırpınır darda,
Bəzən də qərq olur fırtınalarda
Dəyişir səmtini daima sular,
Dəyişir fikirlər, dönür duyğular.
Kainat tutmayır bir yerdə qərar:
- Çarpır sinəsini qayalıqlara-
O gah qışa çıxır, gah da bahara!
Dünya binasını qurandan bəri
Səadət adlanan o gözəl pəri
Gəl! - deyə səsləmiş qərinələri;
Yazıqlar olsun ki, hələ insanlıq
Gəlib qovuşmamış ona bir anlıq.
Ey dünya gözəli, qaçma bəşərdən!
İnsandır ayıran xeyiri bəşərdən!
Gəl onun eşqini ücüz tutma sən, -
Qəlbi var, hissi var hər məhəbbətin,
Qaralmaz ulduzu əbədiyyatın!
Ölüm bir iblisdir, həyat bir mələk!
Varlığı izləyir heçlik kölgə tək
İşıq qaranlıqla pəncələşərək
Yaşatmaq istəyir cahanda bizi,
Günəş salamlayır iradəmizi!
Yamanlıq, yaxşılıq durmuş üz-üzə,
Dilsiz əsrlərdən mirasdır bizə.
Əsir bahar yeli qəlblərimizə,
Lakin arxasınca kəfən geyir qış,
Təbiət varlığa belə qarğamış.
Bir bayram sözü var, bir də ki, matəm,
Nəşə bir aləmdir, qüssə bir aləm.
Həyat öz atını sürür dəmadəm;
Odlar içində də hər bir mənzərə
Yenə qanad verir düşüncələrə!
Yenə də insanın xəyal şəhpəri
Gəzir fəzaları, göy dənizləri.
Sən ey səadətin gözəl pak əməlini,
Uzat yer üzünə hünər əlini!
Zamandır, bəşərin imdadına gəl!
Xəstə bir gözəldir hünərsiz əməl
Hünər söylədiyim o qüdrətli əl
Bütün kainata qoy qanad gərsin,
Bəşər karvanına o yol göstərsin.
Hünər qanad versin torpağa, daşa,
Dənizlər çatılıb gəlsin baş-başa
Azadlıq ordusu varsın birbaşa,
Hər zəfər dastanı yadigar olsun,
Ölüm təslim olsun, həyat var olsun!
Dünyaya bir şöhrət yaranmışıq biz,
Günəş çökməmişdir qaranlığa diz.
Qoy ölsün yamanlıq, o xain iblis!
Yaxşılıq çağırsın hər qəlbin neyi,
Qurtaraq zəncirdən Prometeyi
Fəlakət qocalmışqartdır o köpək.
Onun sümükləri tez çürüyəcək
Səadət - gənclikdir, adı - gələcək!
Onun gözlərində həyat eşqi var-
Var olsun gələcək! Var olsun bahar!
Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!
Ovçuluğa meyil saldım,
Gecə - gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə - süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?
Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!