Şıxbabalı Türbəsi

Son güncelleme: 15.01.2010 14:20
  • Şıxbabalı Türbə - Türbələr
    Yaradılma tarixi etibarilə ən qədim binalardan birisi Füzuli bölgəsinin Şıxbabalı kəndindəki türbədir.Abidənin üzərindəki kitabədən onun 1272-ci ildə tikildiyi aydınlaşır.Bu türbə səkkizbucaqlı,yuxarısı çatmatağ şəkilli günbəzlə örtülmüş abidədir.Türbənin yeraltı sərdabə hissəsi də vardır.

    Şıxbabalı türbəsi özünəməxsus səciyyəvi memarlıq cəhətinə malik olaqla bərabər,çox az memarlıq abidəsi məlum olan dövrə aid olması cəhətdən də diqqəti cəlb edir.Türbənin günbəzinin quruluşu xüsusilə maraqlıdır.Ümumiyyətlə,Azərbaycan türbələrində günbəzlər ikiqat olduğu halda Babı günbəzi bir qatdır və özü də yalnız bir sıra daşdan düzülmüşdür.

    Nəticədə də Şıxbabalı türbəsinin günbəzi olduqca yüngül,adətən müasir konstruksiyaları xatırladan şəkildədir.Maraqlıdır ki,ikiqatlı və çox sadə şəkildə qurulmuş bir çox türbələrin günbəzləri bizim zamana qədər tamamilə dağıldığı halda Şıxbabalı türbəsinin bu yüngül quruluşlu günbəzi dövrümüzə qədər öz quruluşunu mühafizə edə bilmişdir.

    Türbənin xarici səthlərində memarlıq bölgüləri tətbiq edilmişdir.Bu səthlərdə düzbucaqların yuxarı hissəsi stalaktitli taxçaların kənar cizgisini xatırladan bir boğaz şəklində verilmişdir.Şübəsiz ki,bu forma ancaq Möminə Xatun türbəsinin səthində olan stalaktitli batıqların kənar xəttinə oxşadılması yolu ilə meydana çıxmışdır.

    Ümumiyyətlə,Şıxbabalı türbəsinin xarici görünüşündə kərpic memarlığının təsiri görünür.Qeyd etdiyimiz türbənin oturacaq hissəsindəki bəzi daşların hörgüdə yerləşdirilməsi kərpicdə quraşdırılan naxışlı hörgünü xatırladır.
#15.01.2010 14:20 0 0 0