Avropa Azərbaycan Cəmiyyəti operanın yeni quruluşda səhnələşdirilməsinə yardım edib


Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan mədəniyyəti və incəsənətinin beynəlxalq miqyasda təbliğinə daha bir töhfə verərək, “Leyli və Məcnun” operasının yeni quruluşda səhnələşdirilməsinə yardım edib. Cəmiyyətdən APA-ya verilən məlumata görə, tamaşanın premyerası Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Rurtriennale Musiqi və İncəsənət Festivalı çərçivəsində baş tutub. Şimali Reyn-Vestfaliya torpağının Ailə, Uşaq, Gənclər, Mədəniyyət və İdman Naziri Ute Şefer və Şimali Reyn-Vestfaliyanın baş naziri Hanelore Kraft da tamaşaçılar arasında olub.

Opera Nizaminin əsərinin motivləri əsasında şair-dramaturq Albert Ostermeyer və Fələstin-İsrail bəstəkarı Samir Odeh-Tamimi tərəfindən hazırlanıb. Tamaşaya Uilli Dekker quruluş verib. Baş dramaturq Eva-Mariya Voytlender əsərin səhnələşdirilməsinə yardım edib.

Bu ilki Rurtriennale Musiqi və İncəsənət Festivalının mövzusu “Miqrasiya – Yol Axtarışında” adlanır. Festival dünya islam təfəkkürünün, qədim islam mistisizmindən müasirliyədək olan bir yolun tədqiqinə həsr olunub. Bu hekayə Şərqdə ilk operanın – böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 1908-ci ildə yazdığı “Leyli və Məcnun” operasının da əsasını təşkil edir.

Premyerada orkestrə Piter Rundel dirijorluq edib, Məcnun rolunda Nils Kuper, Leyli rolunda İren Kuqler çıxış ediblər.

Tamaşadan sonrakı qəbulda artistlər, qonaqlar və sponsorlar, təşkilatçılar Avropa Azərbaycan Cəmiyyətinə tamaşaya verdiyi dəstəyə görə təşəkkür ediblər. Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxışında Şərqdə ilk opera və baletin Azərbaycanda yarandığını xatırladıb. O, “Leyli və Məcnun”un yeni versiyasını Şərqin “Romeo və Cülyetta”sının dünya miqyaslı tamaşası adlandırıb. O, tədbirdə iştirak edənləri Üzeyir Hacıbəyovun operasına baxmaq üçün Azərbaycana dəvət edib. Tale Heydərov həmçinin Şimali Reyn-Vestfaliyanın baş naziri Hanelore Kraft da görüşüb.

“Leyli və Məcnun” festival çərçivəsində daha yeddi dəfə nümayiş etdiriləcək. Oxucular ətraflı məlumatı [url]www.ruhrtriennale.de[/url] saytından, Avropa Azərbaycan Cəmiyyətinin fəaliyyəti barədə məlumatı isə [url]www.teas.eu[/url] saytından əldə edə bilərlər.

Beğeniler: 1
Favoriler: 0
İzlenmeler: 518
favori
like
share