Körpənin düzgün qidalanması

Son güncelleme: 27.05.2012 22:22
  • Körpənin düzgün qidalanması üçün ne etmeli?

    Anaları ən çox narahat edən, gündəlik qarşılaşdıqları bir mövzuya toxunacağıq. Körpə uşaq üçün ən xeyirli qida sayılan ana südündən sonra uşağın menyüsünü müəyyənləşdirməklə, uşağın yeməklə bağlı problemlərini həll etməklə bağlı suallara cavab axtaracağıq. Mövzuya ...keçməzdən əvvəl nəzərinizə çatdırım ki, körpə uşaqların yeməyini ayrıca bişirmək lazımdır.

    Bəzi analar uşaq bir qədər böyüyən kimi, ona ailənin böyük üzvləri üçün hazırlanmış xörəkdən verməyə başlayırlar. Bu, uşaq üçün çox zərərlidir. Bu cür yemək yeyən uşaqlar bir qayda olaraq, solğun, xəstə görkəmində olurlar. Bundan başqa, uşağın qab-qacağı ayrı olmalıdır. Bu qabdan böyüklər istifadə etməməlidir.
    Südəmər uşağın birinci yeməyi, ilk baxışda qəribə görünsə də, çaydır. Uşağa itburnu çayı, ya da adi çay vermək lazımdır. İtburnu dəmləməsini aşağıdakı qaydada hazırlamağınız məsləhətdir. Quru itburnu meyvələrini yaxşıca yuyun, çaydana töküb 5 dəqiqə qaynadın. Ya da termosa töküb, üstünə qaynar su əlavə edib, 6-7 saat saxlayın. İlk növbədə qeyd edək ki, uşağı yeməyə tədricən öyrəşdirmək lazımdır. Nəzərə alın ki, uşağa yeməyi 3 ayından sonra vermək lazımdır. Həmin müddətə qədər isə yalnız ana südü ilə qidalanması məsləhətdir. İlk növbədə vitaminli və yüngül sayılan, tez həzm olunan qidalara üstünlük verin. Məsələn, həkimlə məsləhətləşərək, alma, armud, yerkökü, pomidor şirəsi verə bilərsiniz. Əlavə yeməyi qaşıqla verməyiniz məsləhətdir. Bundan başqa, uşaq yeməyi kimi, kartof püresi və manna məsləhət görülür.
    Bəs yeni yemək uşağın xoşuna gəlmədiyi halda nə etməli? Körpənin ilk gündən xoşu gəlmədiyi yeməyi bir daha ona vermək olarmı? Yaxud uşağın xoşlamadığı yeməyi ona zorla yedizdirmək olarmı? Heç vaxt uşağa yeməyi zorla verməyin. Lakin uşağın hər hansı bir yeməyi birinci dəfə rədd etdiyini görüb bu fikirdən birdəfəlik daşınmayın. Nəzərə alın ki, həssas uşaqlar yeni yeməyi adətən qəti surətdə rədd edirlər. Uşağın nə üçün bu yeməyi istəmədiyini aydınlaşdırın və mümkün qədər həmin səbəbi aradan qaldırın. Yeməyin nəinki hazırlanması qaydasının, habelə fərdi zövqün də əhəmiyyəti böyükdür.
    Böyüklər bu və ya digər yeməkdə nəyin xoşuna gəlib-gəlmədiyini bilirlər. Odur ki, ana yeməyin nə üçün uşağın xoşuna gəlmədiyini özü təyin etməlidir.

    Uşaq yeməyi nə üçün çox vaxt rədd edir? Bəzən südəmər uşaqlar şirin yeməkləri xoşlayırlar. Şirin olmayan hər şeyi ağızdan çıxarır (məsələn, çay şirin olmadıqda içməkdən imtina edirlər) və yaxud körpəlikdən azca turş qidanı (məsələn, bir-iki damcı limon şirəsi tökülmüş çayı) xoşlayırlar.
    Bəzən uşaq müəyyən yeməyin dadını xoşlamır. Məsələn, yerkökünü çiy halda xoşlayır, bişirdikdə isə bəyənmir. Bəzən də uşaq yeni yeməyi ona görə xoşlamır ki, o, yaxşı əzilmədiyindən ağzına iri tikə düşüb ürəyini bulandırır və ya qusdurur. Uşağı həmişəki vaxtda yedizdirmədikdə, yaxud onu anası yox, başqa bir adam yedizdirdikdə də yemək istəmir və s.
    Adətən, südəmər uşaqlar yeni yeməyi görəndə şıltaqlıq edirlər. Lakin uşaq almanın dadına öyrəşibsə, sonralar almanı, həmçinin qalan meyvə və tərəvəzi də həvəslə yeyəcək. Ana yeməyin uşağın yaşına uyğun hazırlanmasına ciddi fikir verməlidir. Südəmər uşağa sıyıq vermək vaxtı çatanda, onu həm qatı, həm də duru bişirmək olar, lakin çox durulaşdırmaq olmaz.
    Bir çox analar bəzi yeməkləri uşaq böyüyəndə də ancaq şirin olduqda yeyəcəyini nəzərə alıb, şəkər qatırlar. Lakin ana şəkəri tədricən azaltdıqda südəmər uşaq şəkər qatılmış yeməkdən asanlıqla əl çəkir. Uşaqlar çox nadir hallarda ailənin başqa üzvlərindən fərqli olaraq, şirin yeməyi xoşlayırlar. Bu, xalis fərdi zövqdür və buna mane olmaq lazım deyil. Böyük adamın, ümumiyyətlə, şirin yeməyi xoşlamaması və yeməməsindənsə, uşağın onu iştahla yeməsi daha faydalıdır. Ana yadda saxlamalıdır ki, şəkərin normada verilməsi uşağa heç bir zərər yetirməz.
    Bəzi analar uşağın istədiyi yeməyi ona verməyə qorxurlar ki, onun istəyinə əməl etsələr, gələcəkdə şıltaq və vasvası olar. Həm də ana belə güman edir ki, südəmər uşaq dad bilmir, bu, onun ancaq şıltaqlığıdır.
    Hər bir uşağın özünün anadangəlmə dadbilmə qabiliyyəti olduğu ilk gündən özünü göstərir: yeni doğulmuş uşaqlardan biri çayı şəkərsiz içir, o biri isə şirin xoşlayır. Bu xüsusiyyəti nəzərə almaq lazımdır. Həm də uşaq düzgün tərbiyə olunarsa, o yeməyə qarşı vasvası olmayacaq. Anadangəlmə dadbilmə daimi və dəyişməyən xüsusiyyət deyil; dadbilmə qabiliyyətinə təsir edib onu inkişaf etdirmək olar. Uşağın gələcəkdə hansı yeməyi xoşlayacağı tərbiyədən asılıdır. Uşağı düzgün tərbiyə etmədikdə və ya onu zorla yedizdirdikdə onda bəzi yeməklərə qarşı ikrah hissi əmələ gəlir.

    Təzə yeməkdən istifadə etməyin qaydasına gəlincə isə, onu əvvəlcə əlavə yemək kimi vermək lazımdır. Uşağa həmişəki yeməkdən verərkən bir qaşıq da təzə yeməkdən verin. Belə edərsinizsə, təzə yemək uşağın xoşuna gəlmədikdə belə o, ac qalmaz. Uşaq təzə yeməkdən bir qaşıq yeyənə qədər bu cür yemək qaydasını davam etdirmək lazımdır.
    Anaları çox zaman uşağın iştahası narahat edir. Bu problemlə qarşılaşan analar ilk növbədə bilməlidirlər ki, uşağı zorla yedirtmək olmaz. Nəzərə almaq lazımdır ki, yeməyə can atmaq anadangəlmə ən güclü instinktlərdən biridir. Deməli, iştahanın olması anadangəlmə deyil. Bu, çox zaman valideynlərlə bağlı olur. Onların bu sahədə uşağı düzgün anlamamasının nəticəsidir.
    Əksər analar uşaq həddən artıq çox yedikdə rahatlanırlar. Və hesab edirlər ki, onların övladları sağlam böyüyür. Əslində isə bu, belə deyil. Uşaq lazım olduğundan artıq yedikdə, orqanizmə çox yük düşür və uşaq pis inkişaf edir. Bundan başqa, xəstə uşağa zorla yemək verməkdən çəkinin. Uşaq xəstələnəndə yalnız meyvə və kəmşirin çayla da ötüşmək olar.
    Uşağa müstəqil yeməyi öyrədin. Bunu uşaq stol arxasında müstəqil oturmağı bacaranda edin. Belə ki, uşağı müvafiq hündürlükdə stulda əyləşdirin. İmkan daxilində qaşığı uşağın əlinə verin. Düzgün yeməyi göstərərək, nəzarət edin. Bir müddət anasının müşahidəsi altında yemək yedikdən sonra uşaq sərbəst və düzgün qidalanmaq vərdişinə yiyələnəcək.
    Nəhayət, uşağı stolun arxasında düzgün oturmağı öyrədin. Bunun üçün lap əvvəldən ona lazımi vərdişlər aşılamaq lazımdır. Əvvəla, uşağa öyrətmək lazımdır ki, yemək yeyəndə stoldan durmaq, yaxud ayaq üstə yemək olmaz. Uşaqdan stolun arxasında tərpənməyib oturmağı birdən-birə tələb etmək olmaz, lakin o, yemək yeyəndə bir neçə dəfə stolun arxasından durarsa və anasının sözünə baxmayıb təzədən stola qayıtmırsa, yeməyi götürmək lazımdır. Uşağa stoldan durub başqa yerdə yemək üçün xörəyi özü ilə aparmasına, oynaya-oynaya yeməsinə icazə vermək olmaz.
    Uşaq lap əvvəldən qaşığı düzgün tutmalıdır. Uşaq qaşığı əlinə düzgün götürməyibsə, çox incəliklə əlində düzəltmək lazımdır. Doğrudur, ilk günlər uşaq stolun arxasında düz oturanda bəzən yeməyi qaşıqdan yerə salsa da, bu vəziyyətdə səliqəli yeməyə tez öyrəşir. Uşağı kasaya və ya boşqaba tərəf çox əyilmiş vəziyyətdə oturmağa qoymaq olmaz.

    Alıntı..
#27.05.2012 22:22 0 0 0