Məsxərə və ya istehza — kimlərinsə əxlaqi və cismi xüsusiyyətlərinə gülmək və ya güldürmək məqsədilə qeyri-adi tərzdə bəyan və ya təqlid olunmasına deyilir.
Möminlərin şəxsiyyət və mənəviyyatına xələl gəlməsinə və onların təhqir olunmasına səbəb olduğu üçün islam dinində kiminsə məsxərə və ya istehza olunması qətiyyətlə pislənilir. Qurani-Kərimdə möminlərə etinasız yanaşanlar və onları xar və rüsvay etmək istəyən şəxslər haqda deyilir:
«...Şərəf-şan da, qüvvət və qələbə də yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur...»
Başqa bir ayədə deyilir:
«İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır».
Peyğəmbər (s) buyurur:
Allah-taala buyurur: And olsun Öz izzəti-cəlalıma! Elə bir məxluq yaratmadım ki, onu mömin bəndələrimdən çox sevmiş olum.
Cabir ibni Abdullah deyir: Bir gün Peyğəmbər (s) Kəbəyə nəzər salıb buyurdu:
Mərhaba sənə ey Kəbə! Allah yanında nə qədər hörmətin var. And içirəm ki, Allah yanında möminlərin hörməti səndən çoxdur. Çünki, Allah-taala səni bir, möminləri isə üç şeyə görə hörmət sahibi etmişdir. Onların malı, canı və haqlarında kimsəyə bədbin olmaq halal edilməmişdir.
İmam Baqir (ə) buyurur:
Möminlərin hörməti Kəbədən daha çoxdur.
Allah-taala möminlər üçün olduqca böyük hörmət və ehtiram müəyyən etmişdir. İmam Sadiq (ə) bu haqda buyurur: Allah-taala buyurur:
Mömin bəndəmi xar və rüsvay edən kəslər Mənimlə müharibəyə hazır olsunlar. Mömin bəndələrimi əziz tutan kəslər isə özlərini qəzəbimdən amanda qalacaqlarına əmin olsunlar.
Məsxərə və istehza möminlərin mənəviyyatına böyük zərbə vurduğu üçün Quran və nəql olunmuş hədis və rəvayətlərdə bu xoşagəlməz xüsusiyyətin tərk olunmasına qətiyyətlə təkid olunur.
Hucurat surəsinin 11-ci ayəsində deyilir:
«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan [Allah yanında] daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd etməsinlər. Bəlkə, rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar...»
Başqa bir ayədə möminlərin məsxərə olunması münafiqlərə xas olan xüsusiyyətlərdən biri kimi göstərilir:
«Onlar möminlərlə qarşılaşdıqları zaman: Biz də [sizin kimi] iman gətirdik, — deyirlər. Halbuki öz şeytanları ilə [onları aldadan dostları ilə] təkbətək qalanda: Biz də sizinləyik, biz ancaq [möminlərə] istehza edirik, — deyirlər».
Tövbə surəsinin 79-cu ayəsində isə möminləri istehza edən kəslərə kəskin cavab verilərək axirət günü böyük əzaba düçar olacaqlarına xəbərdarlıq edilir:
«Könüllü surətdə [bollu] sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!»

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 354
favori
like
share