Uşaqlara işatahaaçıcı dərman verməyin - Valideynlərə xəbərdarlıq

Son güncelleme: 17.02.2017 13:47
  • İştah nədir? Bu, insanda ac olduğu zaman yemək yeməyə olan həvəsidir.
    Tam nevroloji sağlam uşaqlarda iştahasızlıq 25%, nevroloji problemi olan uşaqlarda isə 80% hallarda rast gələ bilir. Aşırı iştahasızlıq anoreksiya adlanır. Uşaqlarda ən çox 6-36 ay arasında rast gəlinir.
    İştahasızlıq - uşağın böyümə və inkişafı üçün lazım olan qidalardan hər hansı səbəbə görə imtina etməsidir. Bəs bu səbəblər nədir? Ümumiyyətlə uşaqlarda 1-2 % hallarında ciddi iştahasızlıq səbəbləri vardır.

    Risk faktorları bunlardır:

    - vaxtından əvvəl doğulma
    - ailədə ilk uşaq
    - nevroloji və və ya anatomik problemlərin olması
    - işləyən ana-atanın olması
    - düzgün olmayan qidalanma
    - baxımın düzgün olmaması
    - ailə içi psixoloji problemlərin olması.

    İştahasızlıq səbəblərini bu cür sıralamaq olar: orqanik, psixoloji, qidalandırma xətaları.

    Orqanik: İştahasızlığın səbəbi mədə-bağırsaq sisteminin xəstəlikləri (kəskin qastroenterit, ishal, qastroezofaqal reflü və s.), onların patologiyaları ola bilər. Məsələn, udma aktının normal olmaması, ağızda yaraların və çürük dişlərin olması və s.
    Xroniki xəstəliklər, məsələn, vərəm zamanı uşaqda iştahasızlıq ola bilər.
    Uşaqda dəmir defisitli anemiyalar zamanı "grelin" adlı maddənin sintezinin pozulması nəticəsində iştahasızlıq əmələ gəlir. Bu defisiti aradan qaldırdıqda isə iştahasızlıq şikayəti də aradan qalxmış olur.

    Psixoloji: Qidalanmaya təsir edən hər hansı bir mental xəstəliklər (autizim, bəzi psixi xəstəliklər).

    Qidalandırma xətaları: Sadə də olsa, bəzi səbəblər vardır ki, onlar məhz iştahsızlığı yarada bilər. Məsələn, ananın uşağı zorla yedirtməsi, daima onun ağzının kobud şəkildə silinməsi, vaxtından əvvəl qatı qidalara başlanması, aşırı cəza verilməsi və ya qiymətləndirilməsi.
    Uşaq tərəfdən hansı səbəblər ola bilər:

    - hələ bu kimi qidalanma üçün tam inkişaf etməməsi,
    - "neofobi" - hər hansı yeni qidanı qəbul etməkdən imtina,
    - travmatik qida verdikdən sonra uşaqda əmələ gələn qaşıq qorxusu,
    - uşağın hədsiz dərəcədə aktiv və ya fikrinin dağınıq olması.

    Ümumiyyətlə, yemək verən zaman uşağa görə davranmaq lazımdı. Belə ki, adi uşaqda bu şikayətlər yoxdur. Onlar aktivdirlər və xəstələndikdə və ya hər hansı narahatçılıqları olan zaman iştahasızdırlar.
    Çox hərəkətli uşaq. Onlar gün ərzində 2 dəfə yaxşı yeyib sonrakı hallarda isə az yeyirlər. Buna görə narahat olmaq lazım deyil.
    Çox qapalı uşaqlar isə sevdikləri tərəfindən yedizdirilmələrini istərlər və qidaya qarşı çox seçicidirlər.
    Diqqət əskikliyi olan uşaqlar. Onlar səssiz və sakit şəraitdə yeməyi sevirlər.
    Əgər uşaq yeməyə qarşı seçicidirsə, onun da dərmanı yoxdur.

    Bundan başqa uşaqlarda iştahasızlığa səbəb kimi səliqəsiz yemək yemə, televizorla yedirtmə, səs-küylü şərait, yeməyin hədsiz duzlu, istiotlu olması, böyük qaşıqla, kobud yedirdilməsi və s. göstərilir.

    Uşaqda əlavə qidaya keçən zaman mütləq oturma, udma, bağını dik tutma kimi funksiyaları yerinə yetirməlidir.
    1 yaşa kimi uşaqlarda son illərdə "neofobi" deyilən bir hal qeyd edilir. Hansı ki, bu halda yeni qidaları uşaq qəbul etmir və ya etmək istəmir. Bu haldan qorxmaq lazım deyil. Zamanla uşaq bu hala alışacaqdır.

    Uşağın boyu və çəkisi normalara uyğundursa, o zaman uşağın yediyi ona yetir. Ümumiyyətlə, yersiz verilən vitaminlərdən qaçmaq lazımdır. Belə ki, bu zaman onların toksiki təsiri də qeyd edilir. Bundan əlavə fol turşusu və niasin preparatlarının verilməsi də uşağın iştahanı normallaşdıra bilər. Lakin sonradan yenə əvvəlki vəziyyətə qayıdacaq.

    Sizin uşaqlara sevə-sevə verdiyiniz vitaminlər ağır xərçəng xəstəliyi zamanı əmələ gələn kaxeksiya üçün nəzərdə tutulmuşdur. Məsələn, omega-3, siproheptadin, megestral asetat və s. kimi tərkibli dərmanlar bu siyahıya aiddir.
    Niasin adlı iştahaaçıcı dərmanın isə çox istifadə edildikdə uşaqda 2-ci tip şəkərli diabetin əmələ gəldiyi sübuta yetirilib.
    İştahaaçıcı qidalara acı bibər, istiot, adaçayı, nanə, darçın, qırmızı bibər aiddir.

    Uşaqlarda iştahasızlıq olduqda mütləq 1-ci növbədə orqanik və psixoloji səbəblər aradan qaldırılmalıdır. Əgər bu səbəblər qeyd edilmirsə, onda digər səbəbləri araşdırmaq və aradan qaldırmaq lazımdır. İşatahaaçıcı dərmanlardan istifadə edilməməlidir!

    Pediatr Gülnar Abdullayeva
#17.02.2017 13:47 0 0 0