FHN Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd edib

Son güncelleme: 09.05.2017 21:42
  • noimage

    Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.

    APA-nın məlumatına görə, tədbirdən öncə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, nazirliyin əməkdaşları və tədbir iştirakçıları Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi önünə gül dəstələri qoyublar.

    Tədbir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş sənədli filmin nümayişi ilə başlayıb.

    Sonra çıxış edən nazir Kəmaləddin Heydərov bildirib ki, Heydər Əliyevlə eyni dövrdə yaşamaq xoşbəxtlikdir: "Keçmiş 15 sovet respublikası müstəqillik əldə etsə də, Azərbaycan tam müstəqil deyildi. Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, səriştəsiz şəxslərin hakimiyyətdə vəzifə bölgüsü uğrunda mübarizəsi, məhv olan iqtisadiyyat müstəqil dövlət parametrlərinə uyğun gəlmir. Ümummilli lider hakimiyyətə gələndən sonra müstəqil dövlət parametrlərini bərpa etdi. Konstitusiyaya Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi Heydər Əliyevin xalqımız qarşısında böyük xidmətlərindən biridir. O, 1994, 1995-ci illərdə baş qaldıran ünsürlərin bəd niyyətlərinin qarşısı alındı. Daha sonra torpaq islahatı başladı, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı. Bütün bunlar Azərbaycanın gələcək inkişafının əsasını qoydu. Baxmayaraq ki, neftin qiyməti düşüb, iqtisadi sahədə müəyyən zəifləmələr var, bu gün Azərbaycan inkişaf edir, digər dövlətlərə yardım göstərir".

    K. Heydərov deyib ki, Heydər Əliyevin qəlbində Azərbaycan alovu, sevgisi vardı: "Heydər Əliyevin yolu, gördüyü işlər bu gün uğurla davam etdirilir. Azərbaycan hazırda çoxlu sayda möhtəşəm beynəlxalq tədbirlər keçirir, belə tədbirlərin mərkəzinə çevrilib. Azərbaycanı sevən insanlar Heydər Əliyevin ideyalarını yaşatmalı, hər kəs bu ideyaları özü üçün istinad nöqtəsi, dayaq bilməlidir. Bu halda Azərbaycanın inkişafı daha da sürətli olacaq".

    Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, zaman keçdikcə Heydər Əliyevin böyüklüyü daha çox dərk edilir: "Hər bir sahədə Heydər Əliyevin atdığı addımları, işləri görürük. Heydər Əliyevin azərbaycançılıqla bağlı atdığı addımlar Azərbaycanı dünyaya bir xalq, dövlət kimi tanıdıb. Heydər Əliyev 1995-ci ildə qəbul edilən Konstitusiyaya Azərbaycan dilini dövlət dili kimi daxil etdi, ölkədə parçalanmanın qarşısını aldı, respublikada yaşayan müxtəlif xalqları azərbaycançılıq ideologiyası altında birləşdirdi. Heydər Əliyev türkçülüyü, islamçılığı və qafqazçılığı bir yerdə götürərək, azərbaycançılıq ideologiyasını irəli sürdü. 15 sovet respublikası içərisində müstəqillik elan olunanda ən pis vəziyyət Azərbaycanda idi. Azərbaycan 15 sovet respublikası arasında müstəqilliyi 14-cü elan edən dövlət oldu. Bu, həmin dövrdə ölkəyə rəhbərlik edən insanlarla bağlı idi. İmperiyanı qorumaqda daha çox maraqlı sayılmalı olan Rusiya iyun ayında, Azərbaycan oktyabr ayında müstəqilliyini bərpa etdi. Bu, həmin dövrdə ölkəyə rəhbərlik edən insanların səriştəsizliyi, mərkəzdən asılı olması ilə bağlı idi. Heydər Əliyev həmin vaxt Azərbaycanın birinci şəxsi olsaydı, nə torpaqlarımız işğal olunar, nə də 1 milyondan çox qaçqın və məcburi köçkün olardı. 20 Yanvar kimi faciələr Baltikyanı ölkələrdə, Gürcüstanda da baş verdi. Həmin ölkələrin rəhbərliyi istefa verdi. Azərbaycanda isə 20 Yanvar faciəsindən sonra hakimiyyət uğrunda mübarizə başladı. Yalnız Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, cəsarətlə faciəni pisləyən bəyanatla çıxış etdi".

    S. Novruzov qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələn dövrdə Azərbaycanın əksər qonşularla, Rusiya və İranla, hətta Orta Asiya ölkələri ilə münasibətləri çox pis olub: "Heydər Əliyev bu münasibətləri normallaşdırdı. Ulu öndər onu da bildirirdi ki, Azərbaycan üçün neft məqsəd deyil, inkişafa nail olmaq üçün vasitədir. Bu gün Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir. Heydər Əliyev vurğulayırdı ki, iqtisadi inkişafın birinci şərti ictimai-siyasi sabitlikdir. Bunun nəticəsidir ki, Azərbaycan inkişaf edir, beynəlxalq tədbirlər keçirilir, bir neçə gün sonra İslam Həmrəyliyi Oyunları başlayacaq. Azərbaycan qlobal oyunçuya çevrilib. Təsadüfi deyil ki, Rusiya və Türkiyə prezidentləri iki ölkə arasında münasibətlərin normallaşmasında roluna görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdi. Bu, Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir".

    Daha sonra regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdən danışan K. Heydərov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir: "Biz də çalışmalıyıq ki, Azərbaycan insanı rahat yaşasın. Bir vaxt Bayılda sürüşmə olmuşdu, ora Heydər Əliyev də getmişdi. O zaman elə texnikalarımız, imkanlarımız yox idi ki, vəziyyət təhlil edilsin, sürüşmənin nəticələri aradan qaldırılsın. Dövlət başçısı vəsait ayırdı, xarici mütəxəssislər dəvət edildi, biz o ərazidə fəaliyyətə başladıq. İndi görürsünüz ki, o ərazidə nələr tikilib. Bizim Dağlıq Qarabağ problemimiz var. Bu problem Azərbaycana qarşı yaradılıb. Münaqişənin həlli üçün danışıqlar aparılır, eyni zamanda ordu quruculuğu uğurla davam etdirilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan güclüdür, bundan sonra daha güclü olacaq. Biz Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı azad edəcəyik. Biz dövlət başçımıza daim dəstək verməyə hazırıq".

    Fövqəladə hallar naziri Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına toxunub: "Kifayət qədər neftlə zəngin, bizdən öncə müstəqil olan ölkələr var. Ancaq məhz Azərbaycan bu böyük idman oyununa ev sahibliyi etmək təşəbbüsü ilə çıxış etdi. Çünki Azərbaycan uğurla inkişaf edir. Ölkəmizə turistlərin axını da təsadüfi deyil. Bu, ictimai-siyasi sabitliyin, buna əsaslanan inkişafın nəticəsidir. Bununla yanaşı, neftin qiymətinin düşməsi kimi ümumi problemlər var. Ancaq bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib. Hər bir insanın həyatında da müəyyən problemlər olur. Biz inanırıq ki, Azərbaycanın gələcəyi çox gözəl olacaq. Biz Heydər Əliyevçi olmağımızla fəxr edirik. Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar əldə edəcək".

    noimage

    noimage

    noimage

    noimage

    APA

    alıntı..
#09.05.2017 21:42 0 0 0