Novruz Nəğmələri

Son güncelleme: 01.07.2009 15:19
  • Novruz nəğmələri - nəğmələri
    1

    Novruz, novruz bahara,
    Açır növruz bahara.
    Novruz gəlir, yaz gəlir.
    Nəğmə gəlir, saz gəlir.

    Gün çıxır saçlı qızla,
    Uzun saçaqlı qızla.
    Bağçamızda gün olsun,
    Gün gəlsin, hər gün olsun.
    Bağçamızda gül olsun,
    Gül üstə, bülbül olsun.

    Növruz günü yaz olar,
    Qırx kötük də az olar.
    Novruz, novruz bahara,
    Güllər gülər bahara.
    Novruz gəlir, yaz gəlir.
    Nəğmə gəlir, saz gəlir.

    2

    Xonçaya qoydum balığı,
    Gülə tutdum ortalığı.
    Üzünnən aç çalmalığı,
    Erkən banladı xoruz,
    Deyir gəlibdir Novruz.

    Ortaya qoydum çırağı,
    Abad gördüm yolu, bağı.
    Təmiz-tarıx hər otağı.
    Erkən banladı xoruz,
    Deyir gəlibdir Novruz.

    Xonçanı qoyun mizə,
    Kim istəyir gəlsin bizə.
    Gül səpmişəm evimizə.
    Erkən banladı xoruz,
    Deyir gəlibdir Novruz.

    НOVRUZ ELÇILƏRI

    Qaranquş

    Qaranquşam, qaranquş,
    Mənəm gözəl, zərif quş.
    Belimdə ağ kəmərim,
    Hər evdə yuvam, yerim.
    Yazın müjdəsi məndə,
    Ot cücərib çəməndə.

    Qaranquşam, qaranquş,
    Mənəm gözəl, zərif quş.
    Qanadım ayrınc-ayrınc,
    Məni vuran xan oğlu
    Qan qussun ovuc-ovuc

    Uçmağa taqətim var,
    Sizə sədaqətim var.
    Noğulu uşaq yesin,
    Şirin bir nəğmə desin:
    Qaranquşam, qaranquş,
    Mənəm gözəl, zərif quş.

    Bənövşə

    Bənövşəyəm, bənövşə,
    Yaza qonaq həmişə.
    Dağda, çöldə itmişəm,
    Novruzda yetişmişəm.
    Qızılgüldən utanıb
    Boynu əyri bitmişəm.

    Çıxdım qarlı dağlardan,
    Axtardılar bağlardan.
    Qızıl güllə calağam
    Qorxmuram soyuq, qardan.
    Novruzda yetişmişəm.
    Kol dibində bitmişəm.
    Bənövşəyəm, bənövşə,
    Yaza qonaq həmişə.

    Müəllif: Anonim
#01.07.2009 15:19 0 0 0