Memar Ecemi

Son güncelleme: 21.02.2013 19:17
  • Əcəmi Əbubəkr oğlu Naxçıvani (12-ci əsrin 20-ci illəri - 12-ci əsrin sonu) - memar. Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi. Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Əcəminin adı Azərbaycan ictimai fıkrində intibah, humanizm ideyalarının yayıldığı 12-ci əsrin görkəmli simaları arasında şərəfli yer tutur. Eyni zamanda, dövrünün memarları içərisində Əcəmi daha çox yaratdıqlarının elmə bəlli olması ilə seçilir. Yaratdığı abidələrin üzərindəki kitabələrdə özünü "Əbubəkr oğlu Əcəmi, Naxçıvanlı memar" adlandıran sənətkarın təsviri sənəti, mühəndisliyi memarlıqla sintetik şəkildə birləşdirdiyi aydın görünür. Şərqin böyük dühaları ona "Şeyxül-mühəndis" (mühəndislərin başçısı) fəxri adı vermişdilər.
    Əcəminin yaradıcılığı 12-ci əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Əcəminin yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında "Atababa günbəzi" adı ilə tanınan bu türbə 1162-ci ildə tikilmişdir. Abidənin giriş qapısından soldakı kitabədə memarın adı yazılmışdır: "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli". Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə kompozisiyalı türbələrindən sayılan Mömünə xatun türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında "Atabəy günbəzi" adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Mömünə xatunun şərəfinə tikilmişdir. Türbə özünün iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Memarlıq prinsiplərinin təkmilləşməsi və mürəkkəbləşməsi əsasında yaradılmış onguşəli Mömünə xatun türbəsi monumental abidədir.
    Əcəmi yaradıcılığı Azərbaycan və Yaxın Şərq ölkələri memarlığına böyük təsir göstərmişdir - Marağadakı Göy günbəz (1196), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsi (13 əsr), Qarabağlar türbəsi (12-14 əsrlər), Bərdə və Səlma türbələri (14 əsr), türk memarı Sinanın (16 əsr) İstanbulda tikdiyi türbələrdə Əcəmi ənənələri yaşayır. 1926-ci ildə Gəncədə Nizaminin məzarı üstündə abidə qoyularkən Əcəmi irsindən istifadə edilmiş, Nizami türbəsi Əcəmi dühası ruhunda tikilmişdir.
    H. İbrahimovun "Əsrin onda biri" romanı, Kəmalənin "O bizim dağların oğlu idi" pyesi Əcəmiyə həsr edilmişdir. 1976-cı ildə anadan olmasının 850 illiyi geniş qeyd olunmuşdur. Naxçıvan şəhərində Əcəmi Naxçıvanskinin büstü ucaldılmışdır.
    Tanınmış sənətşünas Əbdülvahab Salamzadə onun sənəti haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks etdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmus bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmayan sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun "şeyx-ül-mühəndis" (mühəndislərin başçısı) rütbəsi daşıdığından xəbər verir. Hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrarolunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünun nəhəngi kimi canlanır".
    Yazılı mənbələr göstərir ki, Əcəmi dövrundə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Ehtimal olunur ki, Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəm arxitektura kompleksi ucaldılmışdır. Nəhəng bir ərazidə Eldənizlərin sarayı, Cümə məscidi, xatirə abidələri, mədrəsə, karvansara və digər hökumət tikililəri də inşa edilmişdir. Həmin tikililərdən dövrümüzə yalnız iki məqbərə gəlib çatsa da, Naxçıvanda saray ansamblının mövcudluğu XIII əsrdə anonim bir müəllif tərəfindən farsca yazılmış "Əcaib əd-dünya" adlı əsərdə də müəyyən dərəcədə təsdiq edilir. Həmin əsərdə bu cümlələri oxumaq olar: "Naxçıvan Azərbaycanda yüksək bir yerdə salınmış və möhkəmləndirilmiş, əhalisi gur olan iri şəhərdir. Burada çoxlu saraylar, şəhərətrafı qalalar, malikanələr (köşk) və parad təyinatlı tikililər qurulmuşdur. Şəhərin yaxınlığında daşdan qalalar, qalanın içində isə mədrəsə və məscidlər tikilib. Qalanın içində həmçinin gözəl bir bulaq var. Deyilənə görə, dünyada bundan çox məskunlaşmış şəhər yoxdur. Bütün inşaat kirəcdən və bişmiş kərpicdən aparılırdı. Üc və dördmərtəbəli köşklərin əksər qismi əslində qalalardır. Şəhərin ətrafındakı kəndlər olduqca gözəldir və axar suları var. Çoxlu bağ-bağat salınıb, göz oxşayan çəmənliklər var. Araz çayı şəhərin içindən keçir... Eldənizin mübarək zamanında Naxçıvan tamamilə əzəmətli bir görkəm aldı. Burada şah iqamətgahı ("dar-ül-mülk") və hökumət binaları (dövlətxanalar) tikildi..."
    Marağadakı Göy günbəzdə (1196-cı il), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsində (XIII əsr), Qarabağlar, Bərdə və Salmas türbələrində (XIV əsr), türk memarı Sinanın (XVI əsr) və İstanbulda ucaltdığı türbələrdə Əcəmi sənətinin ənənələri yasayır.
    Bakıda Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şərəfinə Bakı metropoliteninin stansiyalarından biri "Memar Əcəmi" adlandırılmışdır.
#06.08.2009 12:29 0 0 0
#21.02.2013 19:17 0 0 0