Səni unutsam...

Son güncelleme: 22.07.2009 20:16
  • Səni unutsam...

    Mən səni unuda bilmirəm, axı

    unutsam nələri unudam gərək

    göylərə baxmışıq aylı gecədə

    unutsam göyləri unudam gərək!

    ----

    Dənizi unudum, ya dalğaları

    xatirən yadımdan çıxaydı barı

    payızda xəzanı, qışdasa qarı

    baharda gülləri unudam gərək!

    ----


    De necə unudum mən səni necə?

    sevgi durna dəyil payızda köçə

    yuxuma gəlirsən mənim hər gecə

    ayları, illəri unudam gərək!

    ----

    Sənin xəyalındır həsrətlə baxan

    adındır hər saat qarşıma çıxan

    qarışıb şəklinə gözümdən axan

    yağışı, selləri unudam gərək!

    ----

    Sinəmdə pəşiman ürəyim qaldı

    uçdun əllərimdə lələyim qaldı

    nələri itirib, bax nəyim qaldı

    nələri, nələri unudam gərək!
#22.07.2009 20:16 0 0 0