Sair ne tez qocaldin sen..

Son güncelleme: 23.07.2009 16:33
  • Şair, nə tez qocaldın sən...!

    Nemətsə də gözəl şer,
    Şair olan qəm də yeyir.
    Ömrü keçir bu adətlə,
    Uğurlu bir səadətlə.
    Görən məni nədir deyir:
    Saçlarına düşən bu dən?
    Şair, nə tez qocaldın sən!

    Dünən mənə öz əlində
    Gül gətirən bir gəlin də
    Gözlərində min bir sual
    Heykəl kimi dayandı lal
    O bəxtəvər gözəlin də
    Mən oxudum gözlərindən:
    Şair, nə tez qocaldın sən!

    Ovçuluğa meyil saldım,
    Gecə - gündüz çöldə qaldım,
    Dağ başından enib düzə
    Bir ox kimi süzə - süzə
    Neçə ceyran nişan aldım;
    Cavab gəldi güllələrdən:
    Şair, nə tez qocaldın sən?

    Bəzən uca, bəzən asta,
    Ötür sazım min sim üstə.
    Andı yalan, eşqi yalan,
    Dostluğu da rüşvət olan,
    Ürək yıxan bir iblis də
    Üzəvari deyir hərdən:
    Şair, nə tez qocaldın sən!

    Saç ağardı, ancaq ürək
    Alovludur əvvəlki tək.
    Saç ağardı, ancaq nə qəm!
    Əlimdədir hələ qələm
    Bilirəm ki, deməyəcək
    Bir sevgilim , bir də Vətən:
    -Şair, nə tez qocaldın sən!

    (Semed Vurgun)
#23.07.2009 16:33 0 0 0