Xalq reqsleri

Son güncelleme: 04.08.2009 20:19
  • Xalq arasında geniş yayılmış, sevimli mahnı janrı ilə bərabər Azərbaycan xalqının milli folklor musiqisinin vacib hissəsini rəqs musiqisi təşkil edir. Xalq rəqsləri Azərbaycan milli instrumental musiqimizin əsasıdır. Rəqslər xalq tərəfindən yaranıb əsrlərdən bəri şifahi halda nəsildən nəslə keçmişdi. Azərbaycan instrumental xalq rəqs musiqisi üçün melodiya zənginliyi, quruluşunun simmetrikliyi, diapozon müxtəlifliyi, tədrici inkişaf, təkrar, variasiya və sekvensiya metodu səciyyəvidir. Rəqslər özünəməxsus lad əsası, metro-ritmik xüsusiyyətləri və rəngarəng formaları ilə seçilirlər. Xalq mahnılarında olduğu kimi rəqslərdə də xalqın hissləri, duyğuları, xasiyyəti, temperamenti əks olunmuşdu.
    Xalq rəqsləri arasında qadın rəqsləri özünün lirikliyi, zərifliyi, incəliyi ilə seçilirlər, məsələn: «Vağzalı», «Uzundərə». Elə rəqslər var ki, ancaq qadınlar tərəfindən ifa edilir, «Nəlbəki», «Ceyranı» kimi. Kişi rəqsləri üçün isə coşğun hisslər, cəld ritm, güc, temperament xasdır. Məsələn, «Qaytağı», «Cəngi», «Qazağı», «Xançobanı» və b.
    Xalq arasında kollektiv rəqslər də mövcuddur. Onlardan çoxu əmək prosesini və məişət mərasimlərini müşayiət edirlər. Məsələn, «Halay» rəqsləri bu qəbildəndir. «Vağzalı» rəqsi isə adətən toy mərasimini müşayiət edir. Qadınlar və kişilər ilə birgə ifa olunan rəqslərdən «Yordu-yordu» rəqsidir. Qədim kollektiv rəqslərdən isə ən geniş yayılanı «Yallı»dır ki, öz kökü və rişaləri ilə çox qədim dövrlərə gedib çıxır.
#04.08.2009 20:19 0 0 0