M.Ə.Rəsulzadənin məqaləsi

Son güncelleme: 24.11.2009 09:40
  • „Rzeczpospolita Azerbejdżańska" -
    Rəsulzadənin polyak dilində çıxmış "Azərbaycan Respublikası" adlı məqaləsi haqqında

    "Azərbaycan mətbuatı əlli il bundan əvvəl yaranıb, son illər ərzində isə xüsusilə inkişaf etmişdir. Azərbaycanlı Həsən Bəy Zərdabi Rusiyada ilk dəfə olaraq "Əkinçi" adlı türkdilli qəzetini buraxmağa başlamışdır.
    Rusiya tərəfindən işğal olunduğu dövrdə Azərbaycan çoxsaylı və feodal üsulla idarə olunan xanlıqlardan ibarət idi. Fəqət mədəni, siyasi və iqtisadi baxımdan məmləkətimizin vahidliyi mövcud idi. Ədəbiyyat, mətbuat, incəsənət həmin vəhdətin ifadəsi olaraq xalqımızda azadlığa və müstəqilliyinə sevgisinin əsasını qoymuşdur.
    Bu əminlik hansısa romantik düşüncələrinə əsaslanmır, onun bünövrəsində əsl vəziyyətin təhlili durur. Bu aspektdə ölkənin təbii zənginliyi xüsusi rol oynayır. Eyni zamanda, Azərbaycanın zənginliyi şimal qonşunun ona qarşı apardığı qəsbkar siyasətinin əsas səbəbi idi..."
    (M.E.Ressul-zade: "Rzeczpospolita Azerbejdżańska", "Wschód" Nr 12 Rok I, Varşava 1930)

    Azərbaycan ideyasının müəllifi və müasir Azərbaycan dövlətinin yaradıcısı Məmmədəmin Rəsulzadənin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıbdır. Mirzə Fətəli Axundzadə kimi simaların ilk dəfə söylədiyi fikir və məsləklərin davamçısı Məmmədəmin Rəsulzadə XIX əsrin sonundan bəri Azərbaycan xalqının milli-mədəni azadlığı uğrunda apardığı mübarizəni təşkil edənlərdən idi. Rəsulzadə 1918-ci ilin mayında yaranmış milli dövlətimizə rəhbərlik etmişdir. Onun və digər Azərbaycan siyasilərinin səylərinə baxmıyaraq, artıq 1920-ci ilin aprel ayında Azərbaycan bolşeviklərin qırmızı ordusu tərəfindən işğal olunur, Rəsulzadə tez bir müddətdə ölkəni tərk etməli olur. Beləliklə, ta vəfatına qədər (1955-ci ildə) ilk respublikamızın banisi Avropada mühacir həyatını sürməyə başlayır. Finlandiyadan sonra Polşaya gələn Rəsulzadə burada həyatının bir neçə ilini keçirdir. Onun Polşaya gəlməsi təsadüfi deyildi. Polyak xalqı XVIII əsrin sonunda Prussiya, Avstriya-Macarıstan və Rusiya arasında bölüşdürülmüşdür. Buna da baxmayaraq, polyaklar öz milli dövlətinin bərpası uğrunda mübarizə aparmış, öz mədəniyyətlərini qoruyub saxlamışdılar. Məhz buna görə hələ o dövrdə polyak və qafqazlı ziyalılar arasında həmrəylik və qarşılıqlı simpatiya hissləri yaranır, xalqlar özlərini "məğlub edilmiş və yadelli işğala düçar olmuş millətlər" kimi hiss etməyə başlayırlar. 1921-ci ildə Polşa bolşevik Rusiyanı məğlub edib öz müstəqilliyini qoruyub saxlaya bilmiş bir ölkə idi. Qafqazı da istiqlal durumda görmək arzusunda olan Polşa hökuməti Rəsulzadənin bu ölkədə fəaliyyətinə imkan yaradır. 1920-ci illərdən bəri Polşanın paytaxtı Varşava şəhərində "Wschód" ("Wschód" polyak dilində "Şərq" deməkdir) adlı jurnal buraxılmışdı. Bu jurnal Polşanın Şərqdəki mənafelərinin, onun sovet Rusiyası ilə münasibətlərinin təhlilinə həsr olunmuşdur. 1920-ci illərin ikinci hissəsindən bəri "Wschód"un məqalələrinin çoxusu Qafqaz məsələlərinə həsr olunur. Qafqaz mühacirləri bu jurnal vasitəsilə öz fikirlərini Polşa oxucusu ilə bölüşməyə başlayırlar. Rəsulzadə 1920-ci illərin ortalarından başlayaraq, demək olar ki, mütəmadi şəkildə məqalələri bu jurnalın səhifələrində çap etdirmişdir. O, Azərbaycan ədəbiyyatı, 1918-1920-ci illərdə qısa həyat sürmüş Azərbaycan Xalq Cümhuriyyəti və sovet işğalından sonra Azərbaycanda gedən proseslər ilə bağlı təhlil materialları dərc etdirirdi.
    1930-cu ilin yanvar ayında "Wschód"un 12-ci nömrəsində "Azərbaycan Respublikası" adlı dörd səhifəlik məqaləsində Məmmədəmin Rəsulzadə Azərbaycan xalqının mədəni-ədəbi inkişafını və azadsevərliyini qısaca təsvir edir. Azərbaycanda teatrı və ədəbiyyat ənənələrini, iqtisadı potensialını və komunizm ideologiyasının Azərbaycan xalqının dəyərlər sisteminə zidd olduğunu polyak oxucusuna təqdim edən Rəsulzadə Azərbaycanın yalnız müstəqil durumunda inkişafının tərəfdarı olduğunu bir daha sübut etmişdir. Beləliklə, Rəsulzadə işğal olunmuş Azərbaycanın Avropadakı şərəfli səfirinə çevrilir, boğulmuş Azərbaycanın səsi və həqiqətləri Rəsulzadənin səsi və yazar fəaliyyəti vasitəsilə Avropa ictimaiyyətinə çatdırılır.
    Həmin məqalədə Rəsulzadə yazır: "Azərbaycanlılar, sözün əsl mənasında, çağdaş bir xalqdır. Azərbaycanın öz ədəbiyyatı, mətbuatı, teatrları, bir sözlə, milli mədəniyyət anlayışına məxsus hər şey vardır." Bu onu göstərir ki, Rəsulzadə üçün Azərbaycan milləti digər Avropa millətləri kimi yekdil milli ədəbiyyatın, ədəbi dilin ortaya çıxması sayəsində təşkil olunmuş millət idi.
    Öz məqaləsində Rəsulzadə ədəbiyyatımızın dahilərinə xüsusi diqqət yetirir. "Vəfatından dörd yüzüncü ildönümünü qeyd etdiyimiz böyük türkdilli şair Füzuli Azərbaycan şairlərinin atası sayılır. İngilis şərqşünas Kipə görə, Füzulinin əsərləri Şərq şairlərin arasında ən böyük səmimiyyətə və məharətinə sahib idi. Bu dahinin şeirləri islam dünyasının digər məmləkətlərindən fərqli olaraq, məhz Azərbaycanda kütləvi şəkildə intişar olunmuşdu. Elə indi də müasir Azərbaycan şairləri Füzulinin poeziyasının cazibədar təsiri altındadırlar. Füzulinin "Leyli və Məcnun" adlı (öz mətləbinə görə "Romeo və Julyetta" bənzəyən) məhəbbət epopeyası ilk Azərbaycan operasının əsasını təşkil etmişdir."
    Beləliklə, Rəsulzadəyə görə, Füzulinin ədəbi irsinin güclü mənəvi və mədəni təsiri var idi.
    Azərbaycan şairlərinin milli oyanış hərəkatındakı roluna toxunaraq Rəsulzadə yazır ki, Azərbaycan poeziyası hətta ən uçqar kəndlərimizdə yayılıb, məşhur şairlərimizin yazdıqlarını adi kənd camaatı arasında tanıtdırır: "Bu dahilərin arasında Sabirin adını xüsusi bir diqqətlə çəkmək lazımdır. Onun satirik janrda yazılmış əsərləri əhali tərəfindən böyük rəğbətlə qarşılanırdı. Azərbaycan teatrının ənənəsi olduqça məşhurdur."
    Azərbaycanda milli teatrın inkişafından bəhs edən Rəsulzadə ölkəmizdə teatrşünaslığın yaranmasına və teatr ənənələrinə toxunur. Rəsulzadəyə görə, "türk teatrının intibahı və inkişafı məhz Azərbaycan səhnəsinə təsadüf etmişdir. Qırx il öncə əbədiyyətlə qovuşmuş azərbaycanlı Mirzə Fətəli türk dramaturgiyasının əsasını qoymuşdur. Onu "türk Molyeri" adlandırmışlar. Onun adi insanların həyatından bəhs edən gözəl komediyaları bir neçə Avropa və Şərq dillərinə tərcümə edilmişdir. Azərbaycan xalqı teatrsız həyatını təsəvvür edə bilməz, Azərbaycan teatrlarında Şekspir, Rasin, Molyer, Şiller, İbsen və Korney kimi xarici müəlliflərin əsərləri də təqdim edilməkdədir."
    Bu minvalla Rəsulzadə qısa bir məcmuədə Azərbaycan milli mədəniyyəti və tarixi ilə bağlı bilgiləri əcnəbilərə çatdırmışdır. Bu məqalə Azərbaycanın və onun əhalisinin milli-mədəni, iqtisadi, siyasi və digər sahələrdə əldə etdiyi nailiyyətlərini göstərərək Azərbaycan xalqının tarixi inkişafını və məfkurəvi dirçəlişini təhlil edir. Bu məqalə məqalələr silsiləsinin bir parçası, Rəsulzadə irsinin bir hissəsidir.
    "Azərbaycan Respublikası" adlı məqalə düz 78 il bundan öncə yazılıb, tarixi sənəd kimi çox qiymətlidir. O, Rəsulzadənin Polşadakı fəaliyyətini işıqlandıraraq Azərbaycan mühacirlərinin qürbətdə Azərbaycanın müstəqilliyi uğrunda apardığı məslək mübarizəsinin bir təzahürüdür. Beləliklə, azərbaycanlılar gürcülər və şimali qafqazlılarla birlikdə Polşa höküməti tərəfindən verildiyi azadlıqlardan və imkanlardan səmərəli istifadə edərək öz ölkələrinin istiqlalı uğrunda intelektual mücadələyə qovuşmuşlar...

    Zaur QASIMOV
    Almaniya, doktorant
#24.11.2009 09:40 0 0 0