Eyni evdə ayrı dünyalar qurmayın

Son güncelleme: 27.11.2009 01:15
  • İstəsən də-istəməsən də, işdəki bir problemi, qanqaralığı yaddan çıxara bilmirsən. Özünü nə qədər ələ almağa çalışsan da, içindəki bu "əzginliyin" təsiri altında qalırsan. Bəli, işdən evə, evdən işə gələndə insan özünü təzələsə yaxşıdır. Yəni hər yerin dərdini elə oradaca qoyub, yeni bir insan kimi küçəyə çıxmağı bacarmalısan.

    Ancaq həmişə belə olmur. Bir anlıq zəif davranırsan və həyat yoldaşın narahatlığını hiss edir. Danışmaq istəmirsən, səni məyus edən mövzuları dilinə gətirməyi belə arzulamırsan, ancaq qarşı tərəfin üst-üstə gələn suallarını da cavabsız qoya bilmirsən.
    Ailə birlikdir, bütövlükdür, iki fərdin arasında qurulmuş bir dünyadır. Ona görə də tərəflərin bir-birilərini dinləməsi, qayğılarını, ağrılarını bölüşməsi təbiidir. Ancaq insan da var ki, el arasında deyildiyi kimi, qapalıdır, hər sözünü, hər dərdini üzə vurmur. Halbuki ailə qayğıları, ağrıları bölüşmək üçündür, yüngülləşdirmək üçündür.

    Doğrudur, bəziləri kişinin hər dərdini evdəkilərlə bölüşməsini yaxşı qarşılamırlar. Ancaq bəzən elə olur ki, insanın bir uşağın verdiyi təsəlliyə də ehtiyacı olur. Əgər bir evdə hər kəs öz sevinci, öz dərdi ilə baş-başadırsa, demək, siz ayrı-ayrı dünyaların insanlarısınız.
    Əgər evdə kişinin ağrısına qadın da kədərlənirsə və sevincini ürəkdən gələn bir səmimiyyətlə öz ruhunda hiss edirsə, demək, bunlar eyni dünyanın vətəndaşlarıdır.

    El arasında deyildiyi kimi, "evlənəndə tayını tapmaq" ifadəsinin altında duran ən böyük mətləb də, bəlkə, elə budur: insanı dərdindən anlamaq...
    Deyirlər ki, Firdovsi "Şahnamə" əsərini yazmaq istəmir. Buna görə də şah qəzəblənərək onu zindana salır. Arada adam göndərir, çoxlu var-dövlət vəd edir, ancaq şair dediyindən dönmür. Elə olur ki, o vədədə bir çoban da zindana düşür, onu da gətirib şairin yanına atırlar.

    Firdovsi artıq kifayət qədər yaşlanmış, ürəyi kövrəlmiş bir şair idi və arabir sakit-sakit gözlərindən yaş axıdırdı. Hər dəfə o, ağlayanda çoban da gəlib onunla üzbəüz oturur və ağlamağa başlayırdı. Bir gün belə, iki gün belə, nəhayət, şair çobandan soruşur:
    - Oğlum, mən yaşlı bir adamam. Arabir dünyanın gərdişini düşünüb, taleyimi yada salıb ağlayıram. Sən cavan oğlansan, bu gün-səhər çıxacaqsan, əvvəlki həyatına davam edəcəksən, sən niyə ağlayırsan?

    Çoban da nə desə yaxşıdır...
    - Şair, sən ağladıqca saqqalın tərpənir və mən də sənə baxanda keçim yadıma düşür, ona görə ağlayıram...

    Deyirlər ki, Firdovsi çobanın bu sözündən sonra şaha xəbər göndərir ki, ona "Şahnamə" də yazaram, hələ soynamə də, təki məni bu nadanın əlindən qurtarsın.

    Bəzən ailədə də belə olur: birinin dərdi başqasına keçini xatırladır. Çünki onlar ayrı-ayrı dünyaların insanlarıdır. Sizə bir-birinizi yaxından tanımağı, eyni dünyanın vətəndaşları olmağı arzulayırıq...

    Qaynak:e- Kataloq
#27.11.2009 01:15 0 0 0