Azərbaycanda 8507 kitabxana var

Son güncelleme: 30.11.2009 10:04
  • Onların 2322-si şəhər, 6185-i isə kənd yerlərində fəaliyyət göstərir

    Dövlət Statistika Komitəsi tərəfindən cari ilin sentyabrın 1-i vəziyyətinə "Kitabxanaların fəaliyyəti haqqında" statistik müayinə keçirib. Müayinə ilə əhatə olunmuş kütləvi, uşaq, gənclər, elmi, elmi-texniki, digər ixtisaslaşdırılmış, həmçinin müəssisələrin nəzdində olan 8507 kitabxananın 2322-si (27,3 faizi) şəhər yerlərində, 6185-i (72,7 faizi) kənd yerlərindədir.


    Dövlət Statistika Komitəsindən Lent.az-a bildiriblər ki, tabeçilik baxımından kitabxanaların 50,7 faizi Təhsil Nazirliyinin (48,0 faizi ümumtəhsil, 2,7 faizi ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində), 46,6 faizi Mədəniyyət və Turizm Nazirliyinin (44,8 faizi kütləvi kitabxanalarda, 1,8 faizi musiqi məktəblərində) 2,7 faizi isə digər müəssisələrin nəzdində fəaliyyət göstərir.


    Kitabxanaların 23,4 faizi Aran, 14,9 faizi Gəncə-Qazax, 11,7 faizi Lənkəran, 9 faizi Şəki-Zaqatala, 8,4 faizi Bakı şəhəri, 8,2 faizi Quba-Xaçmaz, 7,1 faizi Yuxarı Qarabağ, 5,8 faizi Naxçıvan, 4,9 faizi Dağlıq Şirvan, 4,5 faizi Kəlbəcər-Laçın və 2,1 faizi Abşeron iqtisadi rayonlarındadır. Kitabxanaların 111,0 milyon nüsxədən ibarət olan fondunun 80,5 faizini kitablar, 5,4 faizini qəzet və jurnallar, 14,1 faizini isə digər materiallar təşkil edir ki, onların da 72,8 faizi şəhər, 27,2 faizi isə kənd yerlərində fəaliyyət göstərən kitabxanaların payına düşür.


    Kitabxana fondunun 34,6 faizi ümumtəhsil məktəblərində, 32,0 faizi Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan kitabxanalarda, 21,4 faizi elmi və elmi-texniki kitabxanalarda, 12,0 faizi isə digər müəssisə və təşkilatların kitabxanalarındadır. Kitabxanalarda olan fondun 65,5 faizi azərbaycan, 31,1 faizi rus, 2 faizi ingilis dillərində, 1,4 faizi digər dillərdədir. Azərbaycan dilində olan ümumi fondun 71,9 faizi latın, 28,1 faizi isə kiril əlifbasındadır.


    Azərbaycan dilinin latın qrafikasında olan fondun xüsusi çəkisi şəhər yerlərində 81,6 faiz, kənd yerlərində 56,8 faizdir. 2009-cu ilin I yarısında kitabxanalara 4,8 milyon müraciət olub, 53,4 milyon kitab və ya digər informasiya mənbələrindən istifadə edilib. Müraciətlərin 39,6 faizi 18 yaşınadək uşaqlar tərəfindən olub. Kitabxanalardakı 1695 kompüterdən 94,2 faizi şəhər, 5,8 faizi isə kənd yerlərinin payına düşür. Müayinənin nəticələrinə görə mövcud kompüterlərin 56,5 faizi istifadəçilər üçün, 43,5 faizi isə kitabxana əməkdaşları üçündür. Kitabxanalarda mövcud olan kompüterlərin 705-i və ya 41,6 faizi internetə qoşulub, 86 kitabxanada elektron poçt, 30 kitabxanada isə elektron kataloq mövcuddur.


    İnternetə çıxışı, elektron poçtu və elektron kataloqu olan bütün kitabxanalar şəhər yerlərində yerləşir. Kitabxanaların ştatında olan 8727 nəfər mütəxəssisdən cəmi 3346 nəfəri və ya 38,3 faizi kitabxana üzrə ali və orta ixtisas təhsili, 2579 nəfəri, yaxud 29,6 faizi digər sahələr üzrə ali və orta ixtisas təhsili, 2802 nəfəri və ya 32,1 faizi isə ümumi orta təhsili olan şəxslərdir.

    Elxan SALAHOV
#30.11.2009 10:04 0 0 0