Qonağımız Alim Qasımovdu. O Alim Qasımov ki təqdimatına bu fikirləri yetərli saymaq olar: "Şeiriyyatın, qəzəlin özü bir musiqidir. İfaçı mətnlə ahəngin arasındadır. İki musiqinin təqdimatçısıdır. Dinləyicinin həsrət dünyasını dinləyiciyə qovuşdurmaqdadır. O, iki aləmin sevdasındadır. Bu aləmlə o aləmin arasındadır. İfası fəlsəfənin özündə kainata səslənməsindədir. "Öz aləmində" bizə bizim aləmi açmasındadır".
Güman edirik ki, Alim Qasımovun özünü bizə özündən yaxşı tanıdan olmaz. Tanış olaq yaşantılarıyla, duyğularıyla.
"Atam anamı istəməsə də, anam ona ərə getməyi bacarıb"
Anam danışardı ki, atanız məni sevmirdi. Mən də bitirdim yolunun üstündə, gözümdən qoymurdum ki, gözü məndən başqasını tutmasın, bir növ, məcbur getmişəm ona, amma
Amma anam damarlı, qeyrətli, həyatı, dünyanı başa düşən, çətinliyi aradan qaldırmağa özündə güc hiss edən qadın olub. Allaha yalvarırmış ki, iki oğlumdan biri oxuyan olsun. Ritmli, musiqisevər, eyni zamanda, höcət qadın olub. Nə istəsək, bizim üçün eliyən idi. Ancaq bir orası da var idi ki, səsini qaldırardı - qaz ovlamağa, göldə çimməyə, dərələrdə atılıb-düşməyə gedəndə, təbii ki, üst-baş, sir-sifət yerində olmayanda
"Evdəkilər mənim halıma uyğunlaşırdılar"
Elə uşaqlıqda da, böyüyəndən sonra da gəlib görəndə ki, evdə dava-şavadı, götürürdüm estulu, bir çal-çağır yaradırdım, gəl görəsən. Hamının əhvalı olurdu mənim əhvalım. Hirs-hikkədən əsər-əlamət qalmırdı.
"Yetimin də günahını öz üstümə götürmüşəm"
Evimizdə özümüzdən başqa iki yetim də saxlanılıb. Məni evdə çox istəyirdilər deyə, nə şuluqluq eləsəydilər, deyirdim deyin ki, Alim eləyib - qab sındırmaqdan tutmuş ta nəyisə dağıtmağacan.
"Seçdiklərim qəlbnəndi, ağılnan yox ki"
İstər qəzəlləri seçəndə, istərsə də onları oxuyanda qəlbnən seçirəm. Elmnən yox. Mənim bir elə də elmim yoxdu. Savadım da eləcə. Bunlar hissiyyatnandı, istəknəndi. Əvvəllər ustadların, ələlxüsus da Hacıbaba Hüseynovun oxuduqlarını oxumuşam. Sonra yavaş-yavaş cızdan çıxmışam, qəzəlləri seçməyə başlamışam. Ağılnan yox, ürəknən seçdiyimə görə oxuduqlarımı indi cavanlar oxuyur.
"Hərdən oxumaqlarıma qulaq asanda "bərəkallah" dediyim də olur"
Əsas məsələ odu ki, adam gərək özü öz yaratdığından zövq ala bilsin. Hə-ə, sənin zövq aldığın məqama biri gəlib çata bilirsə, sən də görürsən ki, bu adam o zirvəni görür, duyur, onda düşürsən dalınca. "İlahi qəlb" deyirlər də Əgər o ilahi qəlb varsa, dəyər. Arada elə olur ki, öz oxumaqlarıma baxıram, bir də görürsən ki, özümdən asılı olmadan deyirəm: "bərəkallah".
Yaponlar ifamızda muğamı dinləyəndə etiraf etmişdilər ki, muğamı dinləyəndə cənnət musiqisini eşidiblər.
"Cabbardan da, məndən də yaxşı "Vilayəti-şikəstə"ni oxuyan olar"
Elə oxumaqlar var ki, yüz ildən bir olur. Mən razı deyiləm o fikirlə ki, filankəs filan ifasıyla möhürünü vurub. Cabbarın da, mənim də oxuduğum «Vilayəti-şikəstə»ni ondan da, məndən də yaxşı oxuyanlar olar.
Bu oxumaqları Allah öz məqamımızda bizə pay verib. Yenə oxuyacaqlar
"Gözləməyi bacarmaq lazımdı"
O məqama çatmaq üçün Allah-təala mənə bu zülmü verdi, ağlaya-ağlaya getdim toylara, ağlaya-ağlaya qayıtdım. Toylarda da başladım ağlaya-ağlaya oxumağa, camaatı ağlatmağa. Toydan qayıdanda da o lent yazılarını qoyurduq, qulaq asırdıq, evə qədər də ağlaya-ağlaya gəlirdik - oxuduqlarımda hiss olunurdu «nəsə» var. Bununla bahəm deyirəm, «mən-mən» deyə bilmərəm, demək də düz deyil.
Düzdür, oxuduğumda qeyri-adi hallara düşəndə daha çox zövq alıram, lakin adi oxumaqlar olanda, çox enerji itirirəm. Özü də biz bilmirik ki, nə vaxt gəldik o hala
Bəzən elə olur ki, həyati məsələlər işləməyə qoymur, ancaq işləməyə ki, başladım, hər şey yaddan çıxır. Səhnəyə, tamaşaçılar qarşısına çıxıram, bir-iki avazdan sonra həyati problemlər yox olur. Canımnan-qanımnan oxuyuram.
Özümə aid olan məsələlərdə gözləmirəm. Amma ailə-uşaqla bağlı məsələlərdə lap ölənə qədər də gözləyərəm.
"Mənim olmayan mənim deyil!"
Mənim ağlım çatmayan şeyləri belə Allah mənə verib. Ona görə də məndə olmayan nəyisə arzulamamışam. YUNESKO-nun mükafatını istəsəydim, necə alardım ki?
"Olmaz"ı "olar" etmişəm
Şıltaqlıqlarım olub - elə şeylər var ki, etməməliydim. Etmişəm. Vaxtını xatırladım - uşaqlıqda Düzdü, deyirlər «olmaz», olmaz da, amma mənim içimdə istək varsa, gedirəm. Özü də nə əldə eləmişəmsə, deyim ki, bunu nə talantımla, nə savadımla, nə də bicliyimlə əldə etməmişəm. Gördüyün-bildiyin nəyim varsa, qismətdi, nə yoxdusa, mən korlamışam. Mənə İlahi çoxdan çox verib.
"Nəfsə axıracan "yox" demək olmur"
Nəfsi ayaqlayıb ayaq altında saxlamağa hünər lazımdı - bəzən bu hünər çatmayıb. Bala, ata-ana, ailə, ya da ümumiyyətlə nəyinsə xatirinə "yox" deyə bilmirik. Ancaq onu da deyim ki, nəfsnən bir yerdə olsa da, müəyyən şeylərdən imtina bacarığım da var. Nə qədər əziyyət versə də, imtina etməyi bacarıram.
Bir də ki, bir məsələni deyim: insan tam kamilləşəndən sonra Allah-Təala onu bu aləmdə yaşamağa qoymur. Aparır. Ona görə, guya «xatirlər xatirinə» biz «yox» deyə bilmirik. Məsələn, mənə elə gəlir ki, mən işlərimi görüb qurtarmamışam. Tamamlamadığıma görə də o işləri görürəm. Halbuki, ağılnan, dərrakəynən, qismətnən mən işlərimi görüb qurtarmışam.
"Evdə uşaqlarla yumşağam, məhəbbətliyəm"
Mənim nəzərimdə belədi ki, evin xanımı adamı başa düşsə də, özün başadüşməməzliyə qoyar - (oxucular bunu mütləq və mütləq ustad sənətkarın usta zarafatı kimi qəbul etsinlər - A.C.).
Uşaqlara gəlincə onlarla çox yumşağam, məhəbbətliyəm yalvarıram, hərdən isə səsimin zilin eşitdirirəm. Nadir hallarda!!! Azadlıq, sərbəstlik uşaqlar üçün çox böyük sərvətdi.
Qızım özü seçdi yolunu, səhnəyə çıxmamışdan da məsləhətləşdim, çıxandan sonra da - evdə oturub xörək bişirə-bişirə mahnıları yazdırıb da oxuya bilərsən, səhnədə döyüşə-döyüşə də oxuya bilərsən.
Fərqanənin oxumaqlarında razı qaldığım öz yolu, öz ifası var. Özü bir aləm oxuyar sərbəst olsa.
Duet oxuyanda, səhnədə birgə ifamız olanda düşmənçilik başlayır - həm ustad kimi, həm tərəf-müqabil kimi
Mən onunla düşmən kimi oxuyuram.
Fərqanəni öz yanımda görməsəydim, deyərdim, bir az çalışmaq lazımdı. Amma yanımda olduğundan, o sözü demirəm - görürəm o nələrə əl atır öyrənmək üçün.
Özünə qapılıb oxumaqlarına, muğamın içində xallar vurmağına şahidəm.
"Məqsədli şəkildə Allahın xoşuna gəlmək üçün addım atmamışam"
Həyatda elə addımlarım olub ki, sonralar nəticəsini görəndə razı qalmışam ki, gör, Allaha xoş gedəcək necə iş görmüşəm. Olub ki, arada şeytanın da dediklərinə qulaq asmışam. Səndən asılı olmayan elə işlər var ki, Allaha xatir görürsən, elə işlər də var, heç bilmirsən edirsən və nə boyda savab qazanmağın məlum olur. Allahı düşünmədən, - yəni «bax ha, Sənə xatir edirəm» minnəti qoymamaq mənasında, - ovsanaya düşən işləri görmüşəm.
"Adam var əliylə istəyir haralarasa çatsın"
Ağlım kəsəndən həmişə dua eləmişəm ki, «Allah, fürsət ver, bu səsi Sənin yolunda xərcləyim».
Olur ki, konsertlərimdə adamlar yaxınlaşıb mənə deyirlər ki, bizi Allaha qovuşdurdun, bizi ayrı aləmlərə apardın. Onda sevinirəm. Bir adam muğamı başa düşürsə, insafının pası bir cıqqan təmizlənirsə, İlahi aləmə yaxınlaşırsa, onda hesab edirəm ki, səsim «haralarasa» çatır.
"Atamın ailəsiylə mənim ailəmin müqəddəslik fərqi yox kimidi!"
Atamız bizə çox fikir vermirdi, anamız hər şeyi yerbəyer edirdi. Bizim ailədə xanım bir az savadlıdı, Alim Qasımovun böyüdüyü ailəylə Alim Qasımovun ailəsində böyüməyin fərqi bundadı. Necə ailədə böyümüşəmsə, uşaqlarımı da elə ailədə böydürəm. Düzdü, "qadoyu alım, başına dönüm" oxşamaları yoxdu.
Səyavuş Aslan xanımımın dayısı oğludu. Sənətə gəlməyimdə onların köməyi olub. Onların xahişi sayəsində Vasif Adıgözəlov məni Asəf Zeynallıya götürdü - hardan vardı ki, bizdə o vaxtı iki min beş yüz rubl. Yəqin ki, girə bilməzdim. Elə toylarda-zadda kimin xoşuna gəlsəydim, aparıb oxudacaqdı məni. Göydə Allahın, burada xanımın qohumlarının səbəbkarlığıyla o qaranlıqdan qurtuldum. Həm də bu qayğıkeşlik sənətimə, konsertlərimə, hətta afişalarıma belə məhəbbəti artırdı. Özləri zövq aldılar, ağladılar mənimlə bir yerdə. Qəzəlləri oxumağımacan, tələffüzüməcən müzakirələr olurdu. Ailədə istək və düzgün, tənqidi araşdırma doğru yolun açarıdır. İndinin özündə də oğlanlarımla qəzəllərdə nəyi necə ifa barədə tənqidi qeydlərlə razılaşıram.
London "Bayatı-kürd"üm çox əzizdi mənə
... Konsertin axırıydı. Fərqanəyə dedim ki, çıx, oxuyaq. Çıxmadı. Acığa bir «Bayatı-kürd» oxudum. Özüm də ağladım, camaatı da ağlatdım, çoxdan bitməli konsert təzədən bir partiya da uzandı, halbuki o biri zalda gözləyirdilər.
Muğamların hamısı ürəkdən tikan çıxarandı. Mənim üçün oxumaqlarımda Londondakı «Bayatı-kürd» əzizdi. İnanmıram da ki, kimsə ona qulaq asanda biganə qalsın! Hələ bütöv muğam deyil də, qopmadı «Rast»dan hər vaxtı qulaq assan, səni səndən alacaq.
- Sadə olmasam, tez yorularam, bir saat dayana bilmərəm, ya yorularam, ya da ölərəm!
- Bəzən olur ki, mənim sərbəstliyimi almağa çalışırlar, onda deyirəm ki, sən hələ yetişməmisən!
- Məni indi də toylara çağırırlar. Getməsəm də, xətirlərinə dəymirəm, deyirəm: «baxarıq, inşaallah, qismət olsa»
- Özümlə üz-üzə qalanda baxıram ki, bir xeyli görüləsi iş qalıb. Amma bilmirəm, enerji, ömür çatar, ya yox!
- Eləmək istədiyim ən böyük iş odu ki, bu «İlahi eşq aləmi» ki var, oxuyanda özüm üçün ifanı, tamaşaçı üçün o aləmin dərkini asanlaşdırım!
- Düşdüyüm aləmdə tamaşaçı çoxdu, azdı, fərq eləmir, o aləmin gözəlliyindən zövq alıram.
- İlahinin yaratdığına bir daha və yenidən yaradıcı yanaşmağımızın nəticəsidir ki, dörd ildi burada konsert vermirik.
- Allaha dualarımın biri də budu ki, «mən, mən» deməyə başlasam, məni götürsün! Oxumağa başlayanda dənizdə boğulan adam kimi başlayıram. Çabalayıram ki, sahilə çıxım. Biri seyr etdikcə, məni yaxşı üzgüçü kimi görür, biri çəkdiyim ağrıları hiss edir, digəri artıq sahildə salamat gördüyünə görə qəhrəman kimi baxır.
- Ürəyim istəyən kimi oxuyandan sonra hiss edirəm ki: «Öylə sərməstəm ki, idrak etməzəm, dünya nədir!»