Yaranma tarixi
10 noyabr 1887-ci ildə Bakı şəhər duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılmışdır.
1896-cı ildə texniki məktəb "Bakı aşağı səviyyəli texniki məktəbə" çevrilmişdir. 1896-1905-ci illər ərzində bu məktəbin mexanika şöbəsi üzrə 50 nəfər, inşaat şöbəsi üzrə isə 55 nəfər buraxılışı olmuşdur. 1910-cu ildə mexanika şöbəsinə neft-texniki və elektromexanika istiqamətlər daxil idi.
1916-cı ildə məktəbdə 494 tələbə təhsil alırdı ki, onlardan da 20 nəfər azərbaycanlı idi.
1918-ci ildə məktəb politexnikum adlandırılmışdır. Politexnikumda neft sənayesi, elektromexanika və inşaat-memarlıq şöbələri fəaliyyət göstərmiş, tələbələrin sayı 188 nəfər olmuşdur. Qeyd etmək lazımdır ki, bu dövrdə Azərbaycanda, aralarında 12 mühəndis olan cəmi 62 nəfər azərbaycanlının ali təhsili olmuşdur.
16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin "Bakıda politexnik institutunun yaradılması haqqında" dekreti elan edildi.
Dekretdə aşağıdakılar qeyd olunmuşdur:
"Neft-mədən", "elektromexanika", "mühəndis-inşaat", "kənd təsərrüfatı" və "iqtisadiyyat" fakültələri əsasında Bakı Politexnikumu bazasında M.Əzizbəyov adına Bakı Politexnik İnstitutu yaradılsın.
Bakı Politexnikumunun binaları, avadanlıqları, həmçinin Rus Texniki Cəmiyyətinin kimya laboratoriyası Bakı Politexnik İnstitutunun sərəncamına verilsin.
Politexnik İnstitutunun tələbə kontingentinin tərkibinə politexnikumun tələbələrinin daxil edilməsi ilk növbədə, aşağıdakı əsaslarla nəzərdə tutulsun: kafi dərəcədə ümumi təhsil hazırlığına malik tələbələrin I semestr dərslərinə buraxılması, belə hazırlığa malik olmayanlara isə əlavə ümumi təhsil fənnlərinin keçilməsi və ən nəhayət texnikumun yuxarı kurs tələbələrinə xüsusi dərslər təşkil etməklə tələbələr sırasına daxil olunması.
Dövlət Universitetinin tələbələri üçün mövcud olan sosial təminat hüquqları Bakı Politexnik İnstitutunun tələbələrinə də şamil edilsin.
Universitetlərdən və digər müəssisələrdən Politexnik İnstitutuna tədris prossesinə cəlb olunacaq professor-müəllimlərin əvəzçiliklə işləmələrinə baxmayaraq, Politexnik İnstitutunda tutduğu vəzifəyə uyğun onlara əmək haqqı verilsin.
Professor-müəllim heyətinin əmək haqqı Dövlət Universitetində uyğun vəzifədə çalışan əməkdaşın əmək haqqı kimi ödənilsin.
Dekretə əsasən mühəndis A.İ.Kozlovun sədrliyi ilə institutda qəbul komissiyasının yaradılması və aşağıdakı normaları rəhbər tutaraq, qəbulun 1 yanvar 1921-ci ilədək başa çatdırılması nəzərdə tutulurdu. Namizədlərdən ilk növbədə - Bakı Politexnikumunun tələbələrinin, xüsüsi ali məktəblərin tələbələrinin, ikinci - türk dili bilənlərin, üçüncü - fəhlələrin, dördüncü - AKBP MK və BK-dən göndərilən beşinci - qızıl ordu nümayəndələrinin, altıncı - şura qulluqçularının, yeddinci - qalan vətəndaşların instituta qəbulu nəzərdə tutulmuşdur.
Dekretə uyğun professorlar N.A.Dubrovski, P.K.Juze, L.Q.Qurviç, Petroqrad Universitetinin dosenti A.S.Şepotev və mühəndis D.D.Qadaskin institutun professorları; aqronom N.A.Lebedev, mühəndislər S.Vəkilov, A.İ.Kozlov, A.N.Şuşerov və M.V.Abramoviç isə ixtisaslarına uyğun kafedra ştatlarına müəllim kimi daxil edilmişlər.
Professor N.A.Dubrovski 1 sentyabr 1921-ci ilədək ilk rektor təyin olunmuşdur.
Dekretdə Elmi Şuranın tərkibinin, adları yuxarıda çəkilənlərdən təşkil olunması da qeyd olunmuşdur.
İnstitutun Elmi Şurasının birinci iclası 15 dekabr 1920-ci ildə ilk rektor professor N.A.Dubrovskinin sədrliyi altında aparılmışdır. İclasda S.Vəkilov Elmi Şuranın katibi seçilmişdir. Az sonra, 18 dekabrda Elmi Şuranın ikinci iclası keçirilmiş və ilk dəfə olaraq fakültələrə: "Neft-mədən" - dağ mühəndisi B.Dombrovski, "Elektromexanika" - mühəndis-elektrik A.Sizov, "Mühəndis-inşaat" - mülki inşaaat mühəndisi A. Şuşerov, "İqtisadiyyat" - professor N.A.Dubrovski və "Kənd təsərrüfatı" - aqronom N.Lebedov dekan seçilmişlər.
Fəaliyyətə başlanmasını bəyan edən ilk zəng 2 yanvar 1921-ci ildə saat 9.30-da vurulmuş və mühəndis S.Vəkilov institutun tarixində ilk dəfə olaraq ali riyaziyyatdan mühazirə oxumuşdur.
1920-1921-ci tədris ilində institutun Elmi Şurasının 66 nəfərdən ibarət olan tərkibinə aşağıdakı professorlar və müəllimlər daxil olmuşlar: N.A.Dubrovski, P.K.Juze, L.Q.Qurviç, A.S.Şepotev,D.D, Qadaskin, A.M.Şuşerov, L.S.Leybenzon, İ.V.Kurçatov, K.A.Krasusski, A.A.Axundov, Q.N.Qaziyev, İ.Q.Yesman, S.A.Kovalevski, P.İ.Kuznesov, T.Q.Kuliyev, P.P.Lukin, M.M.Skvorsov, S.N.Usatı, V.İ.Tixomirov, B.P.Albiski, N.L.Vannikov və başqaları.
1920-1921-ci tədris ilində institutda 1135 tələbə oxuyurdu.
Bu dövrdə əsasən ümumi nəzəri hazırlığa geniş yer verilməklə ixtisas fənnlərinin tədrisinə və istehsalat təcrübələrinin keçirilməsinə lazımı nəzarət yetirilmirdi. Tədris planlarına çoxlu sayda fənnlər salınmaqla, fənnlərdən hesabatların verilməsində sərbəstliyə yol verilməklə bərabər, tələbələrin bir kursdan digərinə keçirilməsində məqbul və imtahanların verilmə ardıcıllığı gözlənilmirdi. Praktiki və laboratoriya dərslərinə lazımı diqqət yetirilmir, tələbələrin müvəffəqiyyəti bal sistemi ilə qeydə alınırdı. Təhsil müddətinin nominal 5 il olmasına baxmayaraq, tədris planının həddən artıq yüklənməsi, az sayda tələbələrə belə 7 il ərzində institutu bitirməyə imkan verirdi.
1922-ci ildə institutun maddi-texniki bazasının və professor-müəllim heyətinin gücləndirilməsinə "Azneft"(təmir və lazımı avadanlığın təmini və 150 tələbəyə təqaüdün verilməsi), Xalq Komissarlar Şurası, Maarif, Torpaq, Yeyinti Ticarət Xalq Komissarlıqları tərəfindən lazımı köməklik göstərilirdi.
Bu illərdə institutda işləmək üçün professorlar: S.N.Usatı, S.M.Romanov, B.P.Albiski, M.M.Əliyev və İ.Q.Yesman (1922-1928-ci illərdə rektor vəzifəsini icra etmişdir) dəvət olunmuşlar.
1923-cu ilin yayında Azərbaycan Hökümətinin təşəbbüsü nəticəsində keçmiş ittifaqın Mərkəzi İcraiyyə Komitəsinin 10 avqust 1923-cu il tarixli qərarı çıxırılmış, Bakı Politexnik İnstitutunun ümumi ittifaq əhəmiyyəti qeyd olunmuş və ittifaqın Maarif Komissarlığına və Azərbaycan Hökumətinə institutun maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi üçün göstəriş verilmişdir. Bunun nəticəsində "Azneft"in gəlirinin müəyyən faizinin institutun fonduna köçürülməsinə, Vladikavkaz Politexnikumun avadanlığının alınmasına nail olunmuşdur.
1923-cu ildə 3 nəfərdən ibarət birinci buraxılış, 1924-1925-ci tədris ilində -13, 1925-1926-ci ildə - 46, 1926-1927-ci ildə isə 289 nəfər mühəndis buraxılışı olmuşdur.
1923-cü ildən institut M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu adlandırılmışdır.
1929-cu ildə rektor vəzifəsini onun məzunu M.V. Barinov icra etmişdir.
1929-1932-ci illərdə institututda, onun fakültələrində yenidənqurma işlərini aparan və həmin illərdə rektor vəzifəsini icra edən, institutun məzunu A.A.Nikişin olmuşdur.
12 may 1929-cu ildə institutdan "Kənd Təsərrüfatı" fakültəsi ayrılmış və sərbəst fəaliyyət göstərən "Kənd Təsərrüfatı İnstitutu" yaranmışdır.
29 may 1930-cu ildə "Azərbaycan Politexnik İnstitutu"nun adı dəyişdirilmiş və "Azərbaycan Neft İnstitutu" (ANİ) adlandırılmışdır.
1931-ci ildə institutun şöbəsi "Azərbaycan Qiyabi Sənaye İnstitutu" yaradılmışdır.
Azərbaycan Neft İnstitutu bazasında Gəncə, Qroznı, Ufa və İşimbayda şöbələri olan "Azərbaycan Qiyabi Neft İnstitutu" yaradıldı.
İnstitutun adının "Azərbaycan Neft İnstitutu" adlandırılması ilə bağlı yenidənqurma işləri və mühəndis kadrların hazırlanması aşağıdakı fakültələrdə aparılmışdır: "Mexanika" (elektromexanika, avtonəqliyyat, istilik energetikası sahələri üzrə); "Neft-mədən"(qazıma, istismar, qazın hasilatı və utilizə olunması və mədən mexanikası sahələri üzrə); "Geoloji-kəşfiyyat", "Neftkimya" (neft zavodları, laboratoriya-tədqiqat, mineral maddələrin texnologiyası üzrə); "İnşaat" (sənaye-zavod inşaatı, mülki memarlıq tikintiləri üzrə), "Nəqliyyat" (süni tikililər, dəmir yolları, dəmir yol istismarı və relssiz nəqliyyat üzrə), "Sənaye iqtisadiyyatı" və "hidroenergetika".
19 iyun 1930-cu ildə "İnşaat" fakültəsi bazasında Azərbaycan İnşaat İnstitutu yaradılmışdır (1 sentyabr 1934-cü ildə yenidən "memarlıq-inşaat fakültəsi" adı ilə Azərbaycan Neft İnstitutuna verilmişdir).
Politexnik İnstitutun 10 illiyinə təsadüf edən otuzuncu illərdə 3267 tələbəsi, qiyabi təhsil üzrə fəhlə fakültəsində 3000-dən çox dinləyicisi olan Azərbaycan Neft İnstitutu keçmiş ittifaqda, görkəmli ali təhsil müəssisələrindən birinə çevrilərək miqyas və əhəmiyyətinə görə Zaqafqaziyada birinci ali texniki məktəb kimi qalmışdı.
Əgər 1921-1929-cu illər ərzində 422 nəfər mühəndis buraxılışı olmuşdursa, təkcə 1929-1930-cu tədris ilində institutu 559 mütəxəssis bitirmişdir.
Neft sənayesi üçün mütəxəssis hazırlığında əldə etdiyi nailiyyətlərə görə institut 1931-ci ildə Azərbaycan Respublikası hökümətinin "Qırmızı Əmək Bayrağı Ordeni" ilə mükafatlandırılmışdır.
Ölkənin sənayeləşdirilməsi ilə bağlı sənayenin Azərbaycanda da sürətli inkişafı təkcə neft deyil, digər sahələr üçün də mühəndis kadrlarının hazırlanmasını tələb edirdi. Beləliklə, respublikada geniş profilli sənaye institutunun yaradılması günün vacib məsələsi kimi qarşıda dururdu.
1934-cü il oktyabrın 10-da Neft institutu maşınqayırma, energetika və s. sahələr üçün də mühəndis kadrları hazırlığına görə Azərbaycan Sənaye İnstitutuna (Az.Sİ) çevrildi.
1932-1933-cü illərdə A.M.Çeqodayev, 1933-1934-cü illərdə S.P.Kiselyev, 1934-1938-ci illərdə İ.S.Axundzadə institutun rektoru olmuşlar.
Fəaliyyətinin 15 ili ərzində 2614, sonrakı beş ilində isə 2696 nəfər mühəndis kadrlarının hazırlanması, institutun sürətlə inkişaf etməsini sübut edir.
Fəaliyyətinin 20 illiyi ərzində əldə etdiyi nailiyyətlərə görə 25 dekabr 1940-cı ildə institut ittifaq hökumətinin ali mükafatlarından olan Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunur.