Həcc - Allahın Qurani-Kərimdə vacib buyurduğu əməllərdəndir. Maddi və fiziki imkanı olan hər bir müsəlman Həcc ziyarətinə getməlidir. Bu məsələdə qadın və kişi arasında heç bir fərq qoyulmur, yəni Həcc həm kişi, həm də qadın üçün vacibdir. Lakin zərif cinsin nümayəndələrinin Həcc əməllərində müəyyən fərqli cəhətlər mövcuddur:
Ehram - kişilərdən fərqli olaraq, qadınlara istənilən paltarı ehram niyyəti ilə geyinməyə icazə verilir. Qadının ehramı tikili olur, paltarın ağ olması isə vacib deyil, bəyəniləndir. Ehram halında kişilərə kölgədə gəzmək, başını örtmək haram olsa da, qadınlara başlarını örtmək vacibdir. Xanımlara hətta kölgədə gəzməyə, yaxud üstüörtülü nəqliyyat vasitələrindən istifadə etməyə icazə verilir. Ehramda qadınlara üzlərini örtməyə (niqab və s.-dən istifadəyə) icazə verilmir. Kişilərdən fərqli olaraq, qadınlara ayaqqabı, corab və s. geyinməyə icazə verilir.
Böyük Həccin əməllərini yerinə yetirərkən ziyarət təvafı və namazını, səy, eləcə də Nisa təvafı və namazını Mina əməllərindən sonra yerinə yetirmək vacibdir. Lakin əgər qadın heyz (aybaşı) olmasından ehtiyat edərsə, həmin əməlləri Minaya getməzdən əvvəl də yerinə yetirə bilər.
Miqata (ehram bağlanılan xüsusi yerə) heyzli halda çatan və ümrəsini yerinə yetirməzdən əvvəl pak olub-olmayacağını bilməyən qadın ehram geyinməlidir. Bu zaman qadın Şəcərə məscidində ehram bağlamaq istəsə, ehram niyyəti edərək, məscidin bir qapısından girib digər qapısından çıxmalıdır. Həmçinin, heyzli qadın məscidin yanında, yaxud miqata qədər nəzir etməklə də ehram bağlaya bilər. Əgər təməttö və Həcc ümrəsindən əvvəl pak olsa, ümrəni yerinə yetirməli, əks halda həmin ehramla «ifrad» həcci etməlidir. Başqalarına savab olduğu kimi, heyzli qadına da ehram qüslü vermək savabdır.
Təvaf vaxtı heyz görən qadın təvafı kəsməli və Kəbədən çıxmalıdır. Əgər bu müddət ərzində təvafda 4-cü dövrəni etmişdisə, heyzdən qurtardıqdan sonra təvafını qaldığı yerdən davam etdirməlidir. Lakin təvafı 4-cü dövrəyə qədər kəsərsə, bu zaman pak olduqdan sonra təvafı yenidən başlamalıdır.
Heyzli qadın Səfa və Mərva arasında səy əməlini yerinə yetirə bilər.
Həcc əməlində kişilərə vacib olan həlq (saçın dibindən qırxılması) qadınlar üçün yerinə yetirilmir. Qadınlar saç və dırnaqlarının ucundan bir qədər kəsməklə təqsir əməli yerinə yetirirlər.