Qadın cəngavər deyil qoxulanan bir reyhandır

Son güncelleme: 07.12.2009 18:57
  • adın cəngavər deyil, qoxulanan bir reyhandır"

    İnsan−Allahın yaratdığı ən uca varlıq! Allah-təala insanı bir kişi və bir qadından yaratdı.Onların yaradılmasını bu cür tamamladı,bu cür kamala yetirdi.
    Kişi və qadın!Bunların hər biri təklikdə naqisdir,çatışmamazlıqları var və hansısa tamamlayıcıya ehtiyaclıdırlar. Bu, onların müştərək ailə həyatıdır. Allah-təala kişi və qadının hər birini özlərinə xas təbiətdə yaratmışdır. Onların hər birinin öz təbiətlərinə uyğun məşğuliyyətləri vardır.
    Allah onları belə yaratdığı üçün bu,onlara yorucu gəlmir və onlar əsla öz fəaliyyətlərini bir-biri ilə dəyişmək istəmirlər. Kişi ailə həyatında daim ağır, güc tələb edən işlərlə məşğuldur: ev tikmək, ağac kəsmək, daş daşımaq, daim iş başında olmaq
    Lakin qadının təbiəti bu cür deyildir.Həzrət Əlinin (ə) buyurduğu kimi,"Qadın cəngavər deyil,qoxulanan bir reyhandır". Qadın incədir, zərif və zəifdir. O,tez yorulur, sıxılır və əsəbiləşir.Allah-təala buyurmuşdur ki, Allah hərəyə öz gücü miqdarında vəzifə təyin etmişdir. Allah qadını kişidən fərqli yaratmışdır. Elə isə "qadınla kişi hər işdə bərabərdir" − deyənlərin hiylələrinə aldanmaq olmaz. Ədalətə görə qadına onun xilqətinə uyğun işlər tapşırılmalıdır.Buna əsasən, qadını ağır, güc tələb edən işlərdə işlətmək ona zülmdür.
    Təəssüflər olsun ki, biz dinin qədrini bilməmişik. Daim işlərdə nəfsimizi hakim etmişik. O nə hökm çıxarmışsa, onunla addımlamışıq.

    Bu cür insanlar üç növdür:
    1) Dinə əməl etməyənlər;
    2) Dinin zahirinə əməl edənlər;
    3) Möminlər.
    1-ci qrup insanlar Allahın hikmətli qanunlarına arxa çevirmişlər.Onların ailə həyatının kafirlərin ailə həyatı ilə bir o qədər də fərqi yoxdur. Bu ailənin qadını da əri kimi daşürəklidir. İşdən yorğun qayıdan zaman onu həsrət və məhəbbətlə qucaqlayan, əl-ayağına sarılan körpəsini hövsələsizliklə kənara itələyir.
    Bu uşağın gələcəyini necə proqnozlaşdırırsınız? Əllərində ağır yüklə ora-bura tələsən, üzlərini isti-soyuq tunc şəklinə salmış azərbaycanlı qadınları görərkən, ürək kədərdən az qalır parçalansın. Buna kim cavab verəcək? İnsan Allah yolundan uzaqlaşarkən rahat olduğunu güman edir. Lakin bilmir ki, hər kəs Allahdan uzaqlaşsa,onun bütün rahatlığı əlindən çıxar,bir dərddən qaçar, min bir dərdə tutular.İslam dini cəmiyyətdə və ailədə qadın hüquqlarının ən yaxşı təminatçısıdır. Dinin əksinə getmək, güclü axına qarşı üzmək deməkdir. Həyatın nizamı,işlərin sahmanı din əsasındadır. Hər kəs dinə uyğun yaşasa, öz yolunu tapmışdır. O, bu zaman bütün çətinlikləri asanlıqla həzm edəcəkdir. Belə bir şəxs çətinliklərdən müsbət istifadə edir.
    Dinə əməl etməyən insan isə daim pərişandır.Qarşısına çıxan hər bir hadisəyə reaksiya verir, hər şey onu öz təbii halından çıxarır. O, yorğun, əsəbi və bədbindir. O, həyatdakı çətinlikləri musiqi, şərab, avaralanmaq, gün keçirmək və s. kimi işlərlə həll etmək istərkən, necə də yanılmışdır. Hər şeyi O yaratmışdır, O nizamlamışdır.Uca Allahımız bizə göstərir ki, dinə əməl etmədikdə rahat dünya həyatı yaşaya bilməyəcək, qarşılaşdığımız hadisələr bizi sarsıdacaq. Maraqlı həqiqətdir, deyilmi?!Dinini itirən dünyasını da əldən verir. Dinə sahib olan dünyasına da sahib olur. Çox az bir qrupun bir qədər müvəqqəti mal-mülkə yiyələnmələri bizi çaşdırmasın. Bəli, bu cür insanların nə ictimaiyyətdə, nə də ailədə rahatlıqları yoxdur. Belə ailədə böyüyən körpəyə yazıq!

    2-ci qrup insanlar dinə zahirdə əməl edənlərdir. Bunların dindən, dindarlıqdan təkcə adları vardır. Birinci qrupdakılarla fərqi yalnız zahiri əməllərdə, əməllərin zahirindədir. Bunlar da həyatda qarşılaşdıqları hadisələrə eynilə dinə əməl etməyənlər kimi reaksiya verirlər. İman hələ qəlblərinizə daxil olmamışdır. Bir çox namaz, oruc əhli imansızdırlar. İmanlı insan iddia etdiyini əməldə də göstərməlidir. İmanlı insanın bütün rəftarlarından din yağır. Biz bu cür şəxslərlə çox nadir hallarda qarşılaşırıq.
    Belə dindarların ailələrinin birinci qrup insanların ailələri ilə fərqlənmədiyini gördükdə təəccüblənməməliyik. Ona görə ki, o şəxs, Allahın onu tərbiyələndirməsinə icazə vermir. İcazə vermir ki, din sahibi onun ruhunu saflaşdırsın, paklaşdırsın və nurlandırsın. Belə əri olana yazıq! Belə arvadı olana yazıq! Belə ata-anası olan körpəyə yazıq!

    3-cü qrup isə möminlərdir. Onlar həqiqəti dərk edib, bu yol ilə irəliləyənlərdir. Onlar İslamın qadına verdiyi dəyəri, onun ucalığını, fədakarlığını dərk etmişlər. Belə möminlər bilirlər ki, qadın Allahın əmanətidir və hər bir əmanət, sahibinə, onun razı qalacağı şəkildə təhvil verilməlidir. Əmanətə xəyanət günahdır.
    Bəli, mömin insan bunları dərk etmiş, bütün vücuduyla mənasını anlamışdır. O, başa düşür ki, qadın onun xidmətində dayandığı kimi, o da qadının xidmətində dayanmalı, ona qarşı daim şəfqətli və mehriban davranmalıdır. Bu, mömin bəndənin halıdır.
    Allah mömin bəndəsini sevəndir. Allah-təala Quranda buyurur ki, "əgər şükür etsəniz, nemətlərimi artıraram, xeyr, küfr etsəniz, həqiqətən də mənim əzabım şiddətlidir".
    Evlilik həyatı ən gözəl və dəyərli nemətlərdən biridir. İslam evli insanın ibadətlərini subay insanların ibadətindən üstün saymışdır.
#07.12.2009 18:57 0 0 0