Axirətdə ruyətullah.
Axirətdəki ruyətullaha gəldikdə bu dəlillərlə isbatlanmış bir məslədir. Elm əhli bunu göz ilə olacağını bildirmişdir. İbni Teymiyyə (r) qeyd etdiyinə görə bu barədə xəbərlər (hədislər) mütəvatir dərəcəsinə varmışdır. Bu ümmətin sələf və imamları bu hədisləri səhih qəbul etmişdir.
"O gün neçə-neçə üzlər sevinib güləcək * Öz Rəbbinə baxacaqdır!" (Əl-Qiyamət 22,23)
"Xeyr (belə deyildir). Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.* Xeyr, o gün Rəbblərindən pərdələnəcəklər." (Əl-Mutaffifin 14,15) bu ayələrdə keçən görmənin gözlə olacağını mütəvatir hədislər təsdiq edib, bu məsələyə açıqlıq gətirir.
Rəsulullah (s) buyurur: "Sizlər rəbbinizi gündüz vaxtı qabağında bulud olmayan günəşi gördüyünüz kimi, eyni zamanda buludsuz gecədə 14 günlük ayı parlaq olaraq gördüyünüz kimi görəcəksiniz." (Buxari)
"Cənnət əhli cənnətə girdiyi zaman bir carçı səslənir: Ey cənnət əhli sizin üçün allah nəzdində verilmiş bir söz vardır. İndi Allah sizə bu vədini yerinə yetirmək istəyir. Cənnət əhli soruşur bu nə ola bilər ki? Allah üzümüzü ağartmadımı, tərəzimizi ağır etmədimi, bizi cənnətə salıb cəhənnəmdən qurtarmadımı? deyərkən, Allah təalə pərdəni qaldırır. Onlar da Allaha baxarlar. Artıq Allah onlara özünü müşahidə etməkdən daha xoş bir şey verməmişdir. Ayətdə keçən "ziyadə" budur." (Tirmizi)
"Yaxşı işlər görənləri Cənnət və daha artıq (ziyadə) mükafat gözləyir. Onların üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar!" (Yunus 26) Bu görmə qəlb gözü ilə deyil məhz baş gözü ilə olmasına rəğmən bu keyfiyyətsiz (necəliyi bilinməyən),mahiyyətini idrak etmədən və misalsız (bənzədilməsi mümkün olmayan) olacaqdır. (Təftəzani)
İmam Əbu Hənifə (r) Fiqhul-Əkbərdə: "cənnətdə möminlər Rəbblərini baş gözü ilə görəcəklər. fəqət aralarında məsafə, təşbih (oxşatmaq) və keyfiyyət olmayacaqdır" deməkdədir. Bu məsələdə ən gözəli və ehtiyatlısı sələflərimizin yolunu izləməkdir. Axirətdəki ruyatullaha dair ayət və hədislərdə gəldiyi kimi iman etmək, bu məsələni müzakirə etməmək və dərinə getməməkdir.
Dünyada ruyətullah.
Allahın dünyada görüləcəyinə dair heç bir sağlam və açıq dəlil gəlməyib. Əksinə görülməyəcəyinə dair dəlillərin olmasını nəzərə alaraq dünyada ruyatullahın olmayacağı elm əhli tərəfindən ittifaqla qəbul edilmişdir.
Bu məsələdə yalnız bir hadisə müstəsnadır. O da Rəsulullahın (s) meracda Allahı görüb və yaxud görməməsidir. Bu məsələdə elm əhli ixtilaf etmişdir.
Rəsulullahın (s) guya Allahı əynində yun əba, yer üzündə gəzib insanlarla görüşdüyü və sair bənzəri xəbərlərin hədis qoruyucusu alimlərimiz tərəfindən ifşa edilib edilib, uydurma olduğu elan edilmişdir. (İbnu Əl-Cövzi / Mövzuat, Süyuti / Ləali) ibni Teymiyyə (r): "Müsəlmanlar Rəsulullahı (s) gözləri ilə yer üzündə Allahı görmədiyi barədə ittifaq etmişlər" demişdir. Allahın gölə görülməyəcəyinə dair məhz dünyadakı ruyatullaha aiddir.
"Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cisimlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!" (Əl-Ənam 103)
"Musa tə'yin etdiyimiz vaxtda (Tur-i Sinaya) gəldikdə Rəbbi onunla (arada heç bir vasitə olmadan) danışdı. (Musa: ) "Ey Rəbbim! Özünü (camalını) mənə göstər. Sənə baxım!" - dedi. Allah: "Sən Məni əsla görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görə bilərsən", - buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu parça-parça etdi. Musa da bayılıb düşdü. Ayılandan sonra isə: "Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan uzaqsan!) Sənə (bu işimdən ötrü) tövbə etdim. Mən (İsrail oğullarından Səni görməyin mümkün olmadığına) iman gətirənlərin birincisiyəm!" - dedi." (Əl-Əraf 143)
Meraca gəldikdə səhabələrdən başlayaraq alimlər bu barədə ixtilaf etmişlər. rəsulullah (s) meracda Allahı gördümü? Gördüsə bu görmə baş gözü iləmi yoxsa qəlb gözü ilə olmuşdur? İbni Abbas (r): "Gözü ilə gördü" demişdir. (Müslim) Yenə İbni Abbasdan (r) rəvayətə görə o: "Musaya kəlamı, İbrahimə dostluğu, Muhəmmədə də ruyəti xas qılmışdır" demişdir. (Hakim, Nəsai, Təbərani)
Məsruq (r) rəvayət edir ki; " Hz.Aişə (r) demişdir: "Kim üç şeyi söyləyərsə Allaha iftira atmış olar" O üç şey nədir? soruşulduqda o belə cavab verdi: "Kim Rəsulullahın (s) Allahı gördüyünü iddia edərsə Allaha qarşı böyük iftira etmiş olar. Mən, ey Ummul-Möminin (Möminlərin anası) Quranda "And olsun ki, (Peyğəmbər!) onu açıq (ən uca) üfüqdə gördü" (Ət-Təkfir 23) buyuruq haqqında nə deyirsən? hz.Aişə bu sualı Rəsulullaha (s) ilk verən mən olmuşdum. Rəsulullah (s): "Bu Cəbrayıldır" dedi və "həm də eşitmədinmi "Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cisimlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!" (Əl-Ənam 103), "(Heç bir bəşər övladına Allahla danışmaq müyəssər olmaz, çünki bəşər övladı olan peyğəmbərlər maddi aləmdə, zaman və məkan daxilində olduqları halda, Allah qeyri-maddidir, zaman və məkan xaricindədir. Allahla onlar arasında minlərlə zülmət və nur pərdəsi vardır. Buna görə də Allahın peyğəmbərlərlə bir yerdə qarşı-qarşıya durub danışması qeyri-mümkündür). Allah bəşər övladı ilə ancaq vəhy ilə (ilham və rö'ya ilə), yaxud (Musa kimi) pərdə arxasından danışar (Allahın kəlamı eşidilər, amma Özü görünməz). Və ya bir elçi (mələk) göndərər ki, o da Allahın izni ilə (göndərildiyi kimsəyə) Onun istədiyini vəhy edər. Həqiqətən, O (hər şeydən) ucadır, hikmət sahibidir!" (Əl-Şura51) buyurdu.
İkincisi Rəsulullah (s) Allahın kitabından bir şey gizlədi deyən Allaha iftira atmışdır.
Üçüncüsü kim "Rəsulullah (s) qeybi bilir" deyərsə Allah iftira atmışdır." (Müslim)
Bu məsələdəki ixtilafların kökündə mövzunun çox dərin, mahiyyəti anlaşılmayan Allahın zatının böyüklüyünə aid məsələlərin durmasıdır. Bu böyük məsələ qarşısında səhabə daxil bütün insanların onun mahiyyətini idrak etməkdə aciz qalmışlar. Qazi İyad (r) "Şəfa" adlı kitabında ruyatullahın dünyada mümkünsüzlüyünü qeyd edir və arxasınca: "bəzi şeyxlər baş gözü ilə görmə məsələsində təvəqquf (durmuşlar) etmişdir. Yəni qəti bir qənaətdə olmağı bildirməyib bu məsələni Allah həvalə etmişlər. Şübhəsiz ki, bu məsələdə düzgün olan təvaqqufdur" demişdir.
Bu gün bizim elmi və imani səviyyəmizi nəzərə alsaq Qazi İyadın fikrinə qoşulmaq daha məqsədə uyğun olardı.
Doğrusunu Allah bilir.
Yuxuda ruyatullah.
Yuxuda Allahı görmə məsələsi haqqında alimlərin bir qismi "caizdir" bir qismi isə "caiz deyil" demişlər. Bəziləri də: "Yuxuda Allahı görməyə mane olan bir şey yoxdur. Fəqət bu görmə həqiqi bir görmə deyil" demişlər. Bir çox salehlərin yuxuda Allahı gördükləri rəvayət edilmişdir. Bu salehlər əshabın böyükləri, fəqih imamlardan ibarət bir camaatdır. Hz.Ömər, İmam Əhməd, İmam Əbu Hənifə Qurrai-Səbadan (yeddi qiraət imamından), Həmzə, Muhəmməd bin Əli Tirmizi, Əbu Yəzid kimi.
İbni Teymiyyə İbni Abbasdan (r) gələn rəvayətdə: "Rəbbimi ən gözəl şəkildə gördüm. O, əlini iki çiynimin arasına qoydu. Hətta sinəmdə barmaqlarının sərinliyini hiss etdim." (İmam Əhməd) Və ya başqa bir hədisdə yenə "Bir gün sübh vaxtı yatmış (Peyğəmbər s.), sonra insanların arasına çıxdı və Rəbbimi bu cür və bu cür gördüm." Bu hədisləri zikr etdikdən sonar İbni Teymiyyə: "bütün bunlar dünyada və Mədinədə baş vermişdir" deyir.
Möminlərin yuxuda Allahı görməsinə toxunan İbni Teymiyyə bunları qeyd edir: "Mömin yuxuda Rəbbini imani və yəqini nisbətində fərqli görə bilir. Qulun imanı sağlam olarsa Rəbbini aydın surətdə görər. İmanında nöqsanlıq varsa imanına uyğun görər. Yuxu halında görmə oyaq halındakı həqiqi görmədən fərqli bir hökm daşıyır.
Bəzən qəlbi ilə müşahidə etdiyi şeylər adama üstün gəlir, onu tamamən bürüyür və o, müşahidə etdiyi şeyi bütün orqanları ilə mənimsəyər, nəticədə insan da onu gözləri ilə gördüyünü zənn edər. Bu hal oyanıncaya qədər davam edər. Oyanınca bunun bir yuxu olduğunu anlayar. Amma bəzən də insan yuxuda gördüklərini yuxu olduğunu anlaya bilir.
Belə abidlərdən bəzilərində qəlbi bir müşahidə meydana gəlmiş, bu müşahidə onu tamamən bürümüş. Bununla da onun duyğuları ilə idrak etməsini ortadan götürmüşdür. Belə vəziyyətdə həmən abid qəlbi müşahidəsini gözü ilə görmə işi zənn edər. Amma bu məsələdə çaşqınlıq içində olar. Keçmiş devirlədə və indiki zamanda yaşayan abidlərdən Rəbbini gözü ilə gördüyünü söyləyən kəs yalnışlıq içindədir. Bu elm və iman əhlinin icmasına görədir." (İbni Teymiyyə / Külliyyat cild 3)
Bütün yuxarıda qeyd edilənlərdən belə nəticə çıxartmaq olar ki, elm əhlinin fikirləri nə olursa olsun onlar bir məsələdə birləşmişlər. O da Allahı hansısa bir məxluqun görüldüyü kimi Allahın görülməsinin mümkün olmadığıdır. Yuxuda başqa varlıqları görmək dünyada görüldüyündən fərqlənirsə onda Allahı görmək necə ola bilir?! Sözsüz ki, bu görmə mahiyyəti məlum olmayan keyfiyyətsiz görmədir. Gözlə görməyə gəldikdə isə bu insana verilən nemətlərin zirvəsidir. Dünya isə buna layiq deyil.
Bir də onu qeyd etmək istərdim ki, bu ruyətullah bizim bu günkü səviyyəmizdən cox yüksək bir səviyyəyə aiddir. Əgər bu gün bir fasiq və cahil Allahı yuxuda gördüyünü iddia edərsə ona etibar edilməz. Şeyx Əl-Albaninin bir hədisə verdiyi şərhi xatırlamaq istərdim. İmam Əhmədin rəvayət etdiyi bir hədisdə Rəsulullah (s) belə buyurur: "Əgər mənim haqqımda bir hədis eşidərsinizsə, qəlbiniz onu qəbul edər, tükünüz və vücudunuz ona meyl edərsə və onun sizə yaxınlığını hiss edərsinizsə bu zaman mən ona (o hədisə) sizdən də daha yaxınam. Əksinə əgər mənim haqqımda bir hədis eşidərsinizsə, qəlbiniz onu inkar edər, tükünüz və vücudunuz ondan qaçarsa və onun sizdən uzaq olduğunu görərsinizsə onda mən ona (o hədisə) sizdən də daha uzağam." Şeyx Əl-Albani deyir ki, buradakı müraciət xüsusidir. Bu səhabə, hədis elmi əhli və onlar kimi olan qəlbləri saf, özləri təmiz və Rəsulullahın (s) sirasını (həyatını) bilənlərə aiddir.