Kerbela hadisesi

Son güncelleme:
  • KƏRBƏLA HADİSƏSİNƏ İCTİMAİ-FƏLSƏFİ BAXIŞ

    Od ilə su, xeyir ilə şər, haqq ilə batil bir araya sığmaz! Xeyirlə şərin mübarizəsi Adəm övladı Yer üzünə qədəm qoyandan bəri davam edir. Kimiləri xeyir cəbhəsində haqq uğrunda səadət naminə mübarizə aparır, kimiləri isə şər cəbhəsində haqsızlıq uğrunda çirkin niyyətlərlə Yer üzündə fitnə-fəsad törədir, qəlblər sındırır, insanlara zülm edir
    Kərbəla hadisəsi tarixdə bənzəri olmayan bir hadisədir. Bu hadisə bir tərəfdən bir faciə kimi qəddarlığı baxımından tarixdə az rast gəlinmiş, digər tərəfdən faciədən sonra ülvi hədəflər naminə böyük bir qiyamın baş verməsi və bu qiyamın bütövlükdə tarixi titrətməsi baxımından, demək olar ki, ümumiyyətlə analoqu olmamışdır. Kərbəlada baş vermiş olayları düzgün başa düşmək üçün İslam tarixində bir çox məsələləri araşdırmaq lazımdır. Bu məsələ ilə bağlı bir neçə məqamı qeyd etmək mümkündür. Hadisə ilə bağlı qarşıya qoyulan ilk sual budur: axı görəsən bu zaman kəsirində İslam dünyasında nələr baş vermişdir? Sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) vəfatından hələ əlli il keçməmişdir ki, onun sevimli nəvəsini şəhid edirlər, yaxın ətrafıyla birlikdə vəhşiliklə qətlə yetirirlər Bu hadisələr həmin dövrdə ciddi dəyişikliklərin baş verməsindən xəbər verir. Belə ki, peyğəmbərin nəvəsinə qarşı kimlərinsə hər hansı bir fikir irəli sürməsi, söz deməsi, qarşı çıxması təsəvvür edilə bilərdi, lakin birdən-birə peyğəmbərin pak əhli-beytinin üzvləri xəlifə iddiasıyla İslam dünyasına hökmranlıq edən şəxsin göstərişilə belə bir faciəvi şəkildə qətlə yetirilir
    Bu məsələni təhlil etdikdə hər şeydən əvvəl nəzərə almalıyıq ki, Həzrət Məhəmməd peyğəmbər özündən sonra imamət məsələsini Allahın əmri ilə insanlara buyurmuşdur ki, onlar imamın sayəsində, məsum bir şəxsin mənəvi rəhbərliyi altında həyat sürsünlər. Məsum şəxs insanı düzgün istiqamətə yönəldər, doğru olana tərəf aparar. Lakin peyğəmbərin vəfatından sonra imamət bir hadisə kimi cəmiyyətdə öz həqiqi yerini ala bilmədi və əslində bu ilahi-mənəvi rəhbərlik kənara qoyularaq xilafət hadisəsilə əvəz edildi. Başqa sözlə, ilahi bir fenomenin yerini insani bir fenomen tutdu. İnsanları məhz xəlifəliklə yönəltmək və tərbiyə etmək istədilər. Elə bir xəlifəliklə ki, onun üçün məsumluq şərt deyildi. Bu minvalla, sevimli peyğəmbərimizin vəfatından təqribən 30 il sonra Muaviyə kimi birisi xilafəti ələ keçirdi və özünü İslam dünyasının xəlifəsi elan etdi. O, hakimiyyəti ələ almaqla, əslində, xilafəti bir monarxiyaya çevirdi. Beləliklə də, imamətin yerini bir monarxiya sistemi tutdu. Hərçənd ki, imamın vəzifəsi peyğəmbərin gətirdiyi, insanlara çatdırdığı ilahi dəyərləri hifz etməkdən, hər hansı dəyişikliklərdən, təhriflərdən qorumaqdan ibarət olmuşdur. Bu missiyanın öhdəsindən isə, təbii ki, özləri günah və zəlalət burulğanında olan şəxslər gələ bilməzdilər.
    Məlum olduğu kimi, Əməvi xilafətinin bünövrəsini qoymuş Muaviyənin hələ sağlığında ikən özündən sonra oğlu Yezidi hakimiyyətə gətirmək planı gerçəkləşmiş və İslam dininin buyruqlarına zidd işlər görən, içki içib xəlifəyə yaraşmayan əxlaqsız hərəkətlərə yol verən bu şəxs xəlifə elan edilmişdir. O, bir sıra nüfuza malik şəxslərlə yanaşı, peyğəmbər ailəsində peyğəmbər tərbiyəsi almış və ilahi dəyərlərə sarılaraq imamət missiyasını daşıyan İmam Hüseyni zorla özünə tabe etdirmək, ondan beyət almaq qərarına gəlmişdi. İmam Hüseyn isə dövrünün həssas məqamında Yezid kimi birisinin xəlifə kimi tanınmasını qətiyyətlə mümkünsüz hesab edir, bunu İslamın ümumi mənafeyinə zidd hal kimi dəyərləndirirdi. İmam Hüseynə görə, belə bir dinsiz şəxs heç bir vəchlə İslam xəlifəsi kimi tanına bilməzdi. İmam Hüseyn buyururdu: "Əgər Yezid kimi adam İslam ümmətinə rəhbərlik etsə, onda İslama fatihə oxumaq lazımdır". Yəni əgər Yezid kimi bir hakim müsəlmanların idarəsini öz öhdəsinə götürsə, deməli İslamın sonu gəlib. Yezid xəlifə olandan sonra onun götürdüyü istiqamət də ilahi dəyərlərin ruhuna daban-dabana zidd idi. O özündə ədalətsizliyi, zorakılığı təcəssüm etdirir, itlə, meymunla oynayır, şərab içməklə əylənirdi. Xilafətə çatandan sonra götürdüyü istiqamət İslamı məhv etmə istiqaməti idi. Yezidin götürdüyü xəttdə İslam qanunlarına yer yox idi. Bu xəttə cahiliyyət qanunları səciyyəvi idi. Mümkündür ki, bir insan özü şəxsiyyətsiz olsun, amma bu qanunlara riayət etsin, onları icra etsin. Lakin Yezid İslam qaydalarını zahirdə belə pozurdu. Onun xilafətə başçılığı ilə cahiliyyə dövrünün ənənələri təzahür olunmağa başladı. Burada, əsas etibarilə, İslam cəmiyyəti üçün problematik olan üç məqamı xüsusi vurğulamaq mümkündür:
    1. İslam cəmiyyətinə rəhbərlik - imamət bu dövrdə monarxiya ilə, padşahlıqla əvəz edildi;
    2. İslam cəmiyyətinin başçılığı şəxsiyyətsiz və əxlaq baxımından İslama yad olan birisinin əlinə keçdi;
    3. İslam cəmiyyətinin başçısı İslamın başlıca prinsiplərindən, ana xəttindən kənara çıxdı və peyğəmbər və əhli-beyt xəttinin məhvinə, sıradan çıxarılmasına çalışıldı.
    Tarixin şahidi olduğu kimi, Yezidin peyğəmbər ailəsinə qarşı kini vardı və bu kin onun xəlifə kimi davranışlarına da güclü təsir edirdi. Əhli-beytin fiziki varlığı onların mənəvi ülviliyi baxımından Yezidi çox narahat etməkdəydi. Bəs nə üçün o narahat idi? Onun peyğəmbər ailəsinə qarşı bu qədər sərt mövqedə dayanmasının səbəbləri nədən ibarət idi? Qeyd edək ki, Həzrət Məhəmmədin peyğəmbərliyilə Əməvilərin Məkkədə hakim mövqelərini əldən verməsi, üstəlik Bədr, Ühüd və sair döyüşlərdə bu tayfanın verdiyi itkilər Yezidin xatirəsindən silinməmişdi. İndi "revanş" üçün əlverişli fürsət ələ düşmüşdü. Xilafət Əməvilərin əlinə keçmiş və peyğəmbər ailəsindən "hesab sormağın" zamanı gəlmişdi. O özünü Əməvilərin, İmam Hüseyni isə Haşimilərin təmsilçisi kimi görürdü. Yezid ürəyində dolaşdırdığı bu kini heç gizlətmirdi də. Kərbəla faciəsindən sonra o, bunu açıqca izhar etdi. İmam Hüseynin başını Şama gətirib Yezidin ayaqları altına atanda, o, əlindəki qəmçini peyğəmbər nəvəsinin başana vurub demişdi: "Kaş Bədrdə öldürülənlərim oyanardılar və görərdilər ki, necə intiqam aldım!"
    Yezidin xəlifə kimi bu istiqamətdə atdığı addımları da onun kin-küdurəti əsasında atılırdı. "Hüseyn ya beyət etməlidir, ya da ölməlidir!" tələbi bu kindən irəli gəlməkdə idi. Lakin bunun gerçəkləşməsində rol oynayan başqa bir amil də olmuşdur - cəmiyyətin laqeydliyi. Heç şübhəsiz ki, cəmiyyət baş verən hadisələrə passiv mövqedən yanaşmasaydı, Yezid bu rahatlıqla öz kinini biruzə verə, peyğəmbər ailəsinə qarşı bu cinayəti törədə bilməzdi. Deməli Yezidin bu cinayətinin baş tutmasında bütövlükdə cəmiyyətin də payı olmuşdur. Bu, İmam Hüseynin həmin əsnada buyurduğu kəlamlarda da açıq sezilməkdədir. O öz sözlərini yalnız Yezidə ünvanlamırdı. O bütövlükdə İslam cəmiyyətinin ilahi dəyərlərdən uzaq düşdüyünü, babası peyğəmbərin gətirdiyi dəyərlərdən sapdığını görürdü. Və elə ona görə idi ki, Mədinəni tərk etdikdə Məhəmməd Hənəfiyyəyə "Mənim mübarizəmin məqsədi babam Məhəmmədin ümmətini islah etmək, haqq yoluna yönəltməkdir..." - deyə, buyurmuşdu. Burada söhbət yalnız Yeziddən getmirdi. İslam ümmətində süstlük, ətalət, baş verən hadisələrə biganəlik hiss olunurdu. İnsanlar ilahi dəyərlərin qeydinə qalmırdı, dinin tələbləri cəmiyyətdə öz əksini tapmırdı. Cəmiyyət daha çox dünya hərisinə çevrilməkdə idi. Dünyaya bağlılıq mənəvi dəyərləri kölgədə qoyurdu. İslam cəmiyyətinin belə bir duruma düşməsinin bir neçə səbəbi olmuşdur. Əvvəla, imamət anlayışı məhiyyət etibarilə tamamilə fərqli olan xilafətlə əvəzlənmişdi. Bir qrup insanlar imaməti ilahi dəyər deyil, insani məqam saydıqlarından, bu məqama yiyələnməyi başlıca məqsədlərinə çevirdilər və hakimiyyət hərisliyi onları ən alçaq işləri belə görməyə sürükləmiş oldu. Belələri öz məqsədlərinə çatdıqda İslam cəmiyyətinin ilahi dəyərlərlə inkişafını deyil, hökmranlıq etdiyi ərazilərin daha da genişlənməsinə, yeni-yeni ərazi və qənimətləri ələ keçirməyə, var-dövlətə sahib olmağa çalışdılar. Nə üçün bir çoxları Əlinin müharibələrində süstlük nümayiş etdirirdilər? Çünki bu, daxili müharibə idi və qarşı tərəf də müsəlman olduğundan qənimət ələ keçirilmirdi. Bu savaşdan sərvət əldə edilmirdi. Tarix çox qəribə hadisələrin şahidi olmuşdur. Belə bir cəmiyyət üçün ilahi dəyərləri rəhbər tutan imam deyil, dünyəvi dəyərləri rəhbər tutan bir "xəlifə" daha sərfəli idi. Belə olduqda cəmiyyət mənəvi cəhətdən, bağbansız bir bağçaya bənzəmiş olur, baxımsız, başlı-başına qalır və tənəzzülə uğrayır.
    Aşura faciəsi bir çox aspektlərdən təhlil edilmiş, bu haqda çoxlu əsərlər, məqalələr ərsəyə gəlmişdir. Lakin, zənnimizcə, həmin dövrün şəraiti, o dövrdə yaşayan insanların həyat və düşüncə tərzi və bu amillərin Kərbəla hadisəsində oynadığı rola az diqqət yetirilmişdir. Halbuki, bu amillər hadisələrin gedişatında mühüm rol oynamışdır.
    Kərbəla hadisəsinin baş verdiyi dönəmin ictimai şəraitini incələdikdə, şərti olaraq, cəmiyyəti aşağıdakı beş sinfə təsnif etmək olar:
    1. İlahi dəyərlərə sadiq olan və haqqı hər şeydən üstün tutanlar. Belələri haqq uğrunda canlarından keçməyə belə hazır olmuş, haqsızlıq qarşısında əyilməmişlər. İmam Hüseyn öz yaxın ətrafıyla bu qrupu təmsil etməkdə idi.
    2. Hakimiyyət hərisi olanlar. Qeyd etdiyimiz kimi, İslamın zühuru ilə Əməvilər cəmiyyətdə hakim mövqelərini əldən vermişlər. Sonrakı dövrlərdə itirilmiş mövqelərini yenidən bərpa etmək istiqamətində göstərdikləri cidd-cəhdlər nəhayət Muaviyənin xilafəti ələ keçirməsilə gerçəkləşmişdi və indi, Yezidin dövründə bu hakimiyyəti möhkəmləndirmək və qüvvətləndirmək lazım idi. Bu qrup üçün başlıca meyar maddi mənfəət idi və mənəvi dəyərlər onları əsla düşündürmürdü.
    3. Maddi mənfəətə görə hakim dairələrə yaltaqlıq edən və bununla öz çıxarlarını təmin edənlər. İbn Ziyad kimilər Yezidə xoş gəlmək üçün ən alçaq işlərə belə qol qoymağa hazır idilər və Kərbəla hadisəsində də belələrinin rolu az olmamışdır. Belələri cənazələri atlarla tapdalamağa və başları bədəndən ayırmağa göstəriş vermişlər. Onlar bununla camaat arasında xof yaratmaq istəyirdilər ki, baxın, Yezidə qarşı çıxanların aqibəti belə olur. Və bu addımla özlərini Yezidin gözündə böyütməyə çalışırdılar.
    4. Laqeydlər. Bu qrupu o insanlar təşkil edirdilər ki, onlar İslamla müxalif deyildir, lakin dünya işlərini daha önəmli sayırdılar. Belələri baş vermiş hadisələrdə kənarda qalmağa üstünlük verirdi və İmam Hüseyni haqlı saysalar da, praktik olaraq nə İmam Hüseyn, nə də ki Yezid onlara mühüm deyildi.
    5. Dünya hərisləri. Bu qrupu təşkil edənlər şəxsi mənfəəti hər şeydən üstün tuturlar və kim maraqlarını daha çox təmin edərsə, onun tərəfində olarlar. Belələri hər hansı bir ideologiyaya görə özlərini çətinliyə salmır və rahatlıqlarını hər şeydən üstün tuturlar.
    Belə bir cəmiyyətdə, şübhəsiz ki, haqqın, ilahi dəyərlərin ortaya qoyulmasına, insanlara nəyin doğru, nəyin yanlış olduğunu nümayiş etdirməyə, onları islah etməyə böyük ehtiyac var idi. İmam Hüseyn öz mətin addımıyla bu ilahi missiyanı həyata keçirdi və öz qanı ilə qılınc üzərində qələbə çaldı. İmam Hüseyn İslamı insanlara olduğu kimi göstərmək, cəmiyyətdə ədaləti bərqərar etmək üçün öz doğmaları ilə birlikdə zalım bir orduya qarşı çıxdı. İmam Hüseyn öz əqidəsindən dönmədi və gələcək nəsillərə də mərdliyi öyrətdi. İmam Hüseyn haqq naminə canından belə keçdi, öz yaxınlarının, sadiq səhabələrinin ölümünə razı oldu, lakin mübarizəsindən çəkinmədi. O bu addımı atdı ki, sonrakı nəsillər, yəni bizlər dinimizi, ilahi dəyərlərimizi əxlaqsız şəxslərdən deyil, təmiz əllərdən öyrənək, haqsızlıq qarşısında əyilməyək, zülm qarşısında sınmayaq!
    Torpaqlarımızın işğal olunduğunu, düşmənlərin məkrli niyyətləri ilə üz-üzə dayandığımızı nəzərə alsaq, hər birimizin bu igidlik və qəhramanlıq məktəbindən lazımınca faydalanmamızın, bu məktəbin nümunəvi şagirdləri olmamızın zəruriliyi aydın görünür. Allah bizləri bu böyük məktəbdən düzgün bəhrələnməyə müvəffəq etsin
0 0 0