Səhiyyə nazirliyi dünya ictimaiyyətini blokada şəraitində olan bölgəyə daha çox vaksinlər ayırmağa çağırıb.
Qəzza zolağının səhiyyə nazirliyi dünya ictimaiyyətini blokada şəraitində olan bölgəyə daha çox vaksinlər ayırmağa çağırıb. Səhiyyə nazirliyi rəsmilərinin sözlərinə görə peyvəndlər heç tibbi personala belə kifayət etmir. Qeyd edək ki, əhalisinin sayı cəmi 3 milyon nəfər olan anklavda AH1N1 virusu 5 gün bundan öncə aşkar edilib. O vaxtdan artıq 6 nəfər dünyasını dəyişib. Bu isə İsrail və Misir tərəfindən blokadada olan Qəzzadan onsuz da çatışmayan dərman preparatları problemini də kəskin səviyyəyə qaldırıb. İsrailin hərbi rəsmiləri isə bir müddət öncə göndərilən 10 min vaksinlə yanaşı dünya səhiyyə təşkilatından alınan daha 30-40 min vaksini Qəzzaya göndərməyə razı olduğunu bildirib. Qeyd edək ki, bu ilin iyun ayında dünya səhiyyə təşkilatı 40 il ərzində ilk dəfə olaraq rəsmi şəkildə pandemiya təhlükəsinin 6-cı, maksimum səviyyəsi barəsində bəyanat vermişdi.