Yaxın üç gündə paytaxtda hava yağıntılı keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, dekabrın 14-də Bakıda və Abşeron yarmadasında havanın buludlu olacağı, axşama doğru arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək, axşama doğru arabir yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 10-13° isti, axşam 5-8° isti olacaq.
Dekabrın 15-də yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək, gündüz bir qədər müləyimləşəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.
Dekabrın 16-da buludlu, az yağıntılı hava şəraiti davam edəcək. Gündüz havanın arabir açılacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Cənub-qərb küləyi yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq.
Dekabrın 17-də isə dəyişkən buludlu, arabir tutqun olacağı gözlənilsə də yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-11° isti olacaq.
Azərbaycanın rayonlarında isə qar və sulu qar yağacağı gözlənilir. Dekabrın 15-də bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimal edilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi arabir güclənəcək, gündüz şərq küləyinə keçəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Dekabrın 16-17-də gündüz saatlarında hava əsasən yağmursuz olsa da, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti müşahidə ediləcək.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin normadan yüksək olması, sonrakı 2 gündə isə normadan xeyli aşağı enməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.