Akçuraoğlu Yusuf

Son güncelleme:
  • Akçuraoğlu Yusufun (1876-1935) adı Həsən bəy Zərdabi, İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Ziya Göyalp, Məmməd Əmin Rəsulzadə, Məmməd Əmin Yurdaqul, Ənvər Paşa, Mustafa Kamal Atatürk... kimi türk millətinin mülli şüurunun oyanmasında, yüksəlməsində böyük rol oynamış nəhəng şəxsiyyətlərlə bir cərgədə dayanır.

    Akçuraoğlu Yusuf-Yusuf Akçura adları ilə bütün dünyada məşhur olan böyük tatar türkçüsü haqqında, Azərbaycanda demək olar ki, heç bir məlumat yoxdur. Baxmayaraq ki, XIX yüzilin sonu, XX yüzilin əvvəllərində türk milli təfəkkürünün inkişaf yolunu, türkçülük hərəkatının təşəkkül və təkamül yolunu izləyən tədqiqatçılar bu adın üzərində dönə-dönə dayanmaq məcburiyyətindədirlər. Akçuraoğlu Yusuf təkcə "Türkçülüyün tarixi"ni yazan şəxsiyyət deyil, həm də bu tarixi yaradan, öz xidmətləri, çalışmaları ilə türkçülük hərəkatının tarixində mühüm yer tutan türk böyüklərindəndir. Milliyyətcə Kazan tatarı olsa da, onun xidmətləri bütün türk xalqları, türk dünyası ilə bağlıdır və bu səbəbdən Akçuranın irsi bütün türk dünyasında öyrənilməlidir.

    Türk xalqlarının azı dörddə bir əsrlik, yəni 1900-dən başlayan tarixi Yusuf Akçura adı olmadan, onun xidmətləri nəzərə alınmadan olduğu kimi təqdim edilə bilməz. Yusuf Akçura olduqca zəngin bir elmi-nəzəri, publisistik irs qoyub getmişdir. Və bu əsərlər, küll halında Akçuranın yaradıcılığı dünyanın müxtəlif dillərində və müxtəlif ölkələrində bir əsrdən artıqdır ki, diqqət mərkəzindədir. Təəssüf ki, nə 70 illik sovet dönəmində, nə də müstəqillik qazandığımız son onilliklərdə Yusuf Akçura Azərbaycan tədqiqatçılarının maraq dairəsinə daxil ola bilməyib. Amma Yusuf Akçuranın xidmətləri Azərbaycanla da birbaşa, yaxud dolayı yolla mütləq bağlıdır...

    Biz 2002-ci ildə, "Azərbaycan romantikləri və türkçülük hərəkatı" adlı doktorluq dissertasiyamızda türkçülük hərəkatının tarixindən bəhs edərkən Yusuf Akçuranın həyatı və yaradıcılığı haqqında da Azərbaycanda ilk dəfə olaraq elmi məlumat vermişdik. Bir neçə il keçdikdən sonra Akçura irsini Azərbaycanda tanıtmaq zərurətini hiss edib onun sizə təqdim etdiyimiz bu iki əsərini Türkiyə türkcəsindən uyğunlaşdırdıq. (Bizdən fərqli olaraq Akçura irsi Türkiyədə həmişə diqqət mərkəzində olub.) Bu kitab Akçuraoğlu Yusufun Azərbaycanda nəşr olunan ilk kitabıdır. Kitabda böyük mütəfəkkirin özünün xüsusi önəm verdiyi "Üç tərzi-siyasət" (1904) məqaləsi və "Türkçülüyün tarixi" (1928) əsəri ilk dəfə olaraq Azərbaycan oxucusuna təqdim edilir. Yazılış tarixləri arasında böyük bir zaman məsafəsi olan bu əsərlər Akçura irsi, onun dünyagörüşü haqqında təsəvvür yaratmaq üçün səciyyəvi örnəklərdir.

    Təkcə bu əsərlərdən biri Yusuf Akçuraoğlu haqqında uzun-uzun bəhslər açmaq üçün yetərlidir. "Türkçülüyün tarixi" kitabında Yusuf Akçuraoğlu bir türkçü olaraq özü haqqında da geniş məlumat vermişdir. Bunu nəzərə alaraq böyük mütəfəkkirin həyatı və yaradıcılığı haqqında yığcam məlumat verməklə kifayətlənirik.

    *****

    İsmayıl Qaspıralıdan sonra təkcə Azərbaycanda, Rusiya türkləri arasında deyil, Türkiyə türkləri arasında, bütün türk dünyasında siyasi türkçülüyün yayılmasında tatar mütəfəkkiri Yusuf Akçuraoğlunun çalışmaları böyük rol oynamışdır.

    Yusuf Akçuraoğlu Krımdan Kazana köçmüş kübar tatar ailəsinə mənsub idi. Ulu babalarından knyaz Adaş rus çarı İvan Qroznının yaxın dostu olmuşdu. Akçuralar Simbirsk şəhərində və onun ətrafında olan bütün qumaş fabriklərinin sahibləri idilər. Bu ailənin rus hakim dairələri ilə münasibətləri var idi. Rus çarı I Nikolay Kazanı ziyarət edərkən Yusufun atası Həsən bəyin evində qonaq olmuşdu. Yusuf Akçuraoğlu 1876-cı ildə Simbirsk şəhərində doğulmuş, 2 yaşında ikən atasını itirmiş, anasının himayəsində qalmışdı. 1883-cü ildə anasının xəstəliyi üzündən Yusuf anası ilə birlikdə İstanbula köçür. 1883-1886-cı illərdə orada ibtidai məktəbi, 1886-1892-ci illərdə isə orta məktəbi bitirir. Orta təhsilini bitirib anası ilə birlikdə Kazana dönür. Bu səyahəti zamanı tatar ziyalılarından Qəyyum Nasiri (1825-1902), din islahatçısı Alimcan Barudi (1857-1921) Şeyx Şamilin oğlu general Şamil və Rusiya müftisi Şeyx Əbdüləzizlə görüşür. Şeyx Şamilin nəvəsi Zahid Şamil bəydən fransız dili, osmanlı tarixi və xəttatlıq dərsləri öyrənir.

    Akçuranın əmisi qızı Zöhrə xanım İ.Qaspıralının həyat yoldaşı idi. O, tez-tez bu ailədə qonaq olar, İsmayıl bəylə söhbətlər edərdi.

    1892-1896-cı illərdə Yusuf İstanbul Hərbiyyə məktəbində oxuyur. Burada tələbə ikən türk alimlərinin türkologiya sahəsində ilk araşdırmaları ilə -Vələd Çələbi, Nəcib Asim bəy, Bursalı Məhəmməd Tahir kimi türkçülərin əsərləri ilə tanış olur.

    Türk tarixi və mədəniyyəti sahəsində zəngin məlumat sahibi olan Yusuf Akçuraoğlu heç bir siyasi partiya ilə bağlı olmadığına baxmayaraq hökumət tərəfindən "Gənc türklər" cəmiyyəti ilə əlaqədə bilinərək həbs edilir. 1897-ci ildə isə Sultan Əbdülhəmidin əmri ilə türkçülük görüşlərinə görə Trablisqərbə ömürlük sürgünə göndərilir. Avropadakı Gənc türklərin sultanla apardığı danışıqlardan sonra azad edilir, dostu Əhməd Fərid bəylə birlikdə Trablüsqərbdən qaçaraq Parisə gedir. 1899-1903-cü illərdə Fransanın Siyasi Elmlər Akademiyasında, eyni zamanda Sorbon Uyğulamalı İncələmələr Yüksək Məktəbində təhsil alır. Akçuranın siyasi görüşlərinin formalaşmasında bu dövr müstəsna rol oynayır. Məlumdur ki, o dövrdə Paris jontürklərin əsas iqamətgahı idi. Akçura onlarla sıx əlaqə saxlayır, Gənc türklərlə təmas və görüşlər onun dünyagörüşünə ciddi təsir göstərir.
0 0 0
```[cite: 10]