Paytaxt küçələrində gülüş və ikrah doğuran reklam mətnləri baş alıb gedir
İqtisadiyyatın hərəkətverici qüvvəsi olan reklam artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin reklam və ya elanın ikrah və gülüş doğurmamağı üçün onun peşəkar şəkildə tərtib olunması şərtdir. Görəsən Bakı şəhərində reklam və elanlarda peşəkarlıq göstəricisi nəyə bərabərdir?
Uşaq xəstəliyi - orfoqrafik səhvlər
Artıq Bakının hər tinində "Ehtiyyat hissələri" yazısı əhalinin gözünü yağır edib. Araşdırdığımız reklamların bir neçəsini çıxmaq şərti ilə ehtiyat hissələrin biznesi ilə məşğul olan həmvətənlərimizin demək olar hamısı bu ifadəni səhv yazmaqda israrlıdır. Bəziləri isə daha da irəli gedərək "maşın zapçastı" ifadəsini işlədirlər.
Ə yerinə e, ç əvəzinə c, q əvəzinə g yazmaq isə bir növ həyat normasına çevrilib. Reklam tərtibatı ilə məşğul olanların bəziləri dizayn proqramlarının Az reestrindəki şriftləri tanımadığını iddia edirlər. İddiada həqiqət payı varsa belə, bu əslində qeyri-peşəkar münasibətdən başqa bir şey deyil. Doğrudur, "World" mətn redaktorunda da Az reestri ilə bağlı problemlər var. Lakin dizayn proqramlarının əksəriyyəti Ru reestri üçün nəzərdə tutulan Azərbaycan şriftlərini tanıyır. Bu səbəbdən, Azərbaycan dilində Ru reestrində reklam və ya elan tərtib edərkən ə, ğ, ç, ş, ı, h, ö, ü hərfləri eybəcər alınmır. Bu qüsur Əmək kitabçalarında (Türkiyədə nəşr edilib) aydın görünür.
Son dövrlərdə göbələk kimi artan Çin massaj salonlarının reklamları da qüsurdan xali deyil. Bir çox yerlərdə "Çin" əvəzinə "Cin" yazılması yəqin Lent.az oxucularının diqqətindən qaçmayıb. Eyni hal "lezzetli döner, metbex, tecrubeli satici teleb olunur, ayakqabı" elanlarına da aiddir. Siyahını istənilən qədər uzatmaq olar.
Reklam və elanların tərtibindəki qüsurlar vizit kartlarında da özünü göstərir. Bəzən ali təhsilli, elmi dərəcəli şəxsin şəstlə təqdim etdiyi vizit kartındakı qüsurlar, Türkiyə türkcəsində desək, "akıllarda soru işarələri burakır".
"Köhnə Basın market"in isə türk dilindəki "basın", yəni mətbuat sözü ilə əlaqəsi yoxdur. Bu, kiçik bir dizayn xətasıdır (Basın - Basin ). Azərbaycan dilində həm böyük, həm də kiçik i hərfinin üzərində mütləq nöqtə qoyulmalıdır.
Avtomobillərdəki "satlır (satılır yox), (steklo)padyomnik, tiptronik, avtamat karopqa, uslitil, plitka mator, 2 mator, gidravlika, usilinni mator", iş yerlərinin üzərindəki "otdel arendaya verilir, raspradaja", metro çıxışlarındakı "Simə Cinə kontur göndərmə, birja elan qəbulu" və digər bu tipli elanlarının nə rus, nə də Azərbaycan ədəbi dili ilə heç bir əlaqəsi yoxdur.
Arxa şüşədə "да я дурак" və ya "да я глухой" elanlarını asan sürücülərin fiziki olmasa da, əqli qüsurunun olması ilə razılaşmaqdan qeyri çarəmiz yoxdur.
Reklam və elanlarla bağlı digər problem də, onların hara gəldi yerləşdirilməsidir. Hazırlıq kurslarının elanları Bakını başına götürüb. 28 may, Beşmərtəbə və Füzuli küçəsi bu sahədə liderlik edirlər.
Mehriban düşmən
"Bakcell"in sponsorluq etdiyi Valeri Meladzenin konsert elanlarında nə üçün əlaqə telefonu olaraq rəqib operatora aid nömrənin göstərilməsi məndə xüsusi maraq doğurmasa da, təəccüb yaradıb.
Maskanın altısı bir qəpik, bəs kserokopiya?
Apteklərdə qoruyucu maskaların baha satılması, bəzən də ümumiyyətlə olmaması, baha və ya əldə düzəlmiş maskaları satan apteklərin bağlanması məsələsi ötən ay Azərbaycan mediasının gündəliyini işğal etdi. Bir çox aptek müştərilərə cavab verməmək üçün qapıya "Maska yoxdur" elanı yerləşdirdi. Artıq bu dövr başa çatdı, bütün apteklər maska ilə təchiz edildi. Lakin bir aptekin üzərindəki "Maska 0.15 qəpik" yazısı uzaqdan diqqəti cəlb edir. Belə çıxır ki, 1 qəpiyə 6 ədəd maska almaq mümkündür. Əgər "Bakcell"də 200 konturun qiyməti 0.5 qəpiksə, bir vərəqin surətini 0.02 qəpiyə çıxarmaq mümkünsə, deməli Bakıda kontur, maska və surətçıxarmadan ucuz heç nə yoxdur. "Kserokopiya 45 manat" yazan qardaşımıza da elanı dəyişməyi tövsiyə edirik.
Mümkün olmayanı mümkün edən sənətkar
Rus Dram Teatrının sol tərəfindəki atelyenin üzərində maraqlı bir elan yerləşdirilib: "Düzəlməyən saatların təmiri". Görəsən təmirə yaramayan bir şeyi necə düzəlmək olar? Xeyr, vəziyyət başqadır. Təqribən 15 il əvvəl, bu sətirlərin müəllifi tələbə olarkən emalatxananın üzərində belə yazılmışdı: "Respublika üzrə düzəlməyən saatların təmiri". Bu variant daha məntiqli idi.
Servis xidməti
Opera və balet Teatrının yanında yerləşən təcili yardım bölməsinin üzərindəki yazıya da diqqət etməyə dəyər: "Yardımçı servis xidməti". Üç sözdən ikisinin (kontekstual mənada isə hər üçünün) yaxın sinonim olması bir filoloq kimi mənə aydın deyil.
Bəlkə də qaytardılar!
Əksər ali məktəbdə dekanlıqların qarşısını şərəf lövhələri bəzəyir. Bizcə bunu tamamlayaraq yanına qara lövhə asmaq (intizamsız tələbələrin, gecikənlərin adlarını yazmaq üçün), ya da birdəfəlik sovet həyat tərzinin qalığı kimi ləğv etmək lazımdır. Avropa bir yana, heç qonşu İranın ali məktəblərində də belə hala rast gəlinmir. Zatən, xarici ölkələrdə dekanlar zəng vurulduqdan sonra Ərəbzəngi kimi fakültənin qapısını kəsdirib tələbəni töhmətləməklə məşğul olmurlar. Ali məktəbdə çalışan bir şəxs kimi tam əminliklə deyə bilərəm ki, bu əlahiddə yoxlama heç də nizam-intizamı və ya təhsilin keyfiyyətini artırmaq üçün deyil, sırf sovet alınmış tərbiyəsinin (kolxoz şüuru) qalığıdır. Özünə hörmət edən dekanlar (adətən) bu üsula əl atmırlar.
Üslubiyyat dərsi
"Governer sistemi isə şəhər qaz sistemində cərəyanda olan qazın TƏZIQININ artması təqdirdə sobaya daxil olan qazın miqdarını avtomatik olaraq azaldır. Qazın bir ölçüdə sobaya daxil olmasını və mavi rəngdə yanmasını sağlayır".
Bu reklamın Azərbaycan dilində bir adı var: Erməni budaq cümləsi.
8
Yeddinci və səkkizinci mikrorayonlar arasında üzərinə 8 yazılmış bir lövhə var. Sovet dövründə burada rus dilində "8 mikrorayon" yazılmışdı. Latın əlifbasına keçiddən sonra, "mikrorayon" yığışdırıldı. İndi 8 rəqəmi də divarın arxasında qalaraq, lazımsız dəmir parçasına çevrilib.
Axının əksinə
Əksər reklamlarda ə yerinə e yazılsa da, müstəsna hal kimi Mc Donalds-ın reklamında beynəlmiləl əvəzinə "Bəynəlmiləl" yazılıb.
Bilinqvizm, yoxsa trilinqvizm?
Reklam və elanlarda diqqət çəkən məqamlardan biri də onların iki və daha artıq dildə tərtib olunmasıdır. "Açıqdır, open, otkrıto" tipli yazılara hər bölgədə rast gəlmək mümkündür. Əhalisinin yüz faizi azərbaycanlılardan ibarət olan Xocasən və ya Xırdalanın ucqar məhəlləsindəki mağazada rus və ingilis dilində yazıların anlamı nədir? İşçi axtaranların 2 dildə elan verməsi belə bir sual yaradır. Görəsən, dövlət dilini bilməyən bir şəxsin satıcı və ya əczaçı işləməsi, gün ərzində onlarla insanı qarşılayıb yola salması nə dərəcədə mümkündür? Və yaxud Azərbaycan Respublikası vətəndaşları arasında 30 il əvvəlki kimi dövlət dilindən 100 faiz bixəbər olanlar varmı? Aptekin üzərindəki "reviziya" da eyni qəbildəndir.
Son dövrlərdə elan və reklam verilən dillər sırasına cənub qonşumuzun da dövlət dili əlavə olunub. Bu hal əsasən daşınmaz əmlak alqı-satqısı sahəsinə aiddir. "İran Hava Yollları"nın nümayəndəliyinin üzərindəki yazılar da iki dildədir.
Medianın fərqlənmə nişanı
Bakının mərkəzi küçələrində ön və ya arxa şüşədə "pres, press, pressa" yazılmış avtomobillərə hər an rast gəlinir. "Azərbaycan dilinin izahlı lüğəti"ndə (III cild, s.620, B.2004) "pres" sözü belə izah olunur: "Materialları təzyiqlə emal etmək üçün qurğu; basqı aləti, məngənə, sıxac". Bir sözlə, bu terminin Azərbaycan dilində media ilə bu və ya digər formada əlaqəsi yoxdur. İngilis dilində və ya latın hərfləri ilə rusca yazılmış bu tip elanların anlamı mənə aydın deyil. Lakin əminliklə deyə bilərəm ki, bu elanı avtomobilin şüşəsi arxasına qoyan həmkarlarım öz birbaşa vəzifələrindən birini - dilin gözəlliyini qorumağı arxa plana atıblar. Bunun əksini sübut etməyə çalışanlar həmin jurnalistlərin mətbuatda gedən yazılarına diqqət etsinlər (mən yanılmış ola bilərəm). Jurnalistika ilə maşınqayırmanın da əlaqəsi inandırıcı görünmür.
Mediada vəziyyət
Kütləvi informasiya vasitələrində reklam xarakterli materiallarda üslub səhvləri daha qabarıq gözə çarpır. Azərbaycan dilinə xas olmayan (bəzən ümumiyyətlə anlaşılmayan) cümlə quruluşları normaya çevrilib, terminologiya məsələsində isə vəziyyət daha acınacaqlıdır. Bu mövzuya ayrıca yazı həsr edəcəyik.
Yaxşılar
Əlbəttə, heç də bütün reklam və elanlara pis damğası vurmaq olmaz. Məsələn, Fövqəladə Hallar Nazirliyinin metro vaqonlarındakı bildirişləri çox səliqəli və savadlı tərtib olunub. Reklam xarakterli olmasa da, bu plakatlar diqqəti cəlb edir, məzmunu başa düşüləndir.
MSK-nın seçki təbliğatına dair plakatlarını da yaxşılara aid etmək olar.
Müştəri hər zaman haqlıdır?
Reklam tərtibatı ilə məşğul olan tanışımın dediyinə görə, müştərilər bəzən məhz səhv variantın yazılmasında israr edirlər. Bu hal xüsusən də "ehtiyat hissələri" ifadəsinə aiddir.
İşin hüquqi halları
"Reklam haqqında Azərbaycan Respublikası Qanunu"da göstərilir: "Azərbaycan Respublikasının ərazisində reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir" (Fəsil 2, maddə 6)
Çıxış yolu
Bir neçə il əvvəl reklam və elanlardakı səhvlər, fars sözləri əvəzinə alınma sözlərin işlənməsi məsələsi İran mediasının gündəmini işğal etmişdi. Dövlət bu məsələni inzibati yolla həll etməyə üstünlük verdi: reklam və elanlardakı səhvlərə görə reklam sahiblərinə sanballı cərimələr tərtib edildi.
Bir çox ölkədə divara elanların yapışdırılmasının qarşısını almaq üçün küçələrdə xüsusi lövhələr və ya dirəklər quraşdırılır. Azərbaycanda da Mərkəzi Seçki Komissiyası (MSK) hər seçkidən əvvəl küçələrdə təbliğat plakatları üçün lövhələr yerləşdirir, seçkidən dərhal sonra isə bu lövhələr yığışdırılır. Görəsən, çox səliqəli hazırlanmış bu elan lövhələrinin il boyu küçələrdə qalması şəhərdə hökm sürən reklam səliqəsizliyini azaltmağa imkan verməzmi?
Sözardı
Reklam və elan fiziki və ya hüquqi şəxsin elmi, mədəni və inkişaf səviyyəsinin barometridir. Bu barometrin əqrəbini daim yuxarı nöqtədə tutmağa çalışaq.
Müəllif, maraqlı reklam və elanların fotolarını göndərəcək oxuculara qabaqcadan təşəkkür edir.