İlk qadın aktyorumuzdur. [Göyərçin, əslində onun teatr təxəllüsüdür, əsl adı isə Gövhərdir.
Gövhər Əhməd qızı Qazıyeva 1887-ci ildə Tiflisdə ziyalı ailəsində anadan olub, orada nəcib qızlar institutunu
bitirib, rus və Azərbaycan dillərində mükəmməl təhsil alıb. İbrətamiz, maraqlı bir həyat yolu keçib.
19-cu əsrin sonu - 20-ci əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis
zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir
neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik
etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi.
1906-cı ildən səhnə fəaliyyətinə başlayan Göyərçin xanım hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir. İlk qadın aktyorumuzun Tiflis zədəgan teatrında iştirak etdiyi ilk tamaşa Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi idi. 1910-cu il oktyabrın 9-da verilmiş bu tamaşa böyük müvəffəqiyyətlə keçmişdi. Yenə həmin il oktyabrın 30-da "Səadət" dram dəstəsi Şəmsəddin Saminin "Gaveyi-ahəngər" pyesini tamaşaya qoymuşdu. Tamaşada Gavə rolunda Sultanov, Fərhad rolunda Mir Seyfəddin Kirmanşahlı, Xubçöhr rolunda Göyərçin xanım çıxış edirdilər.
Göyərçin xanımın şöhrəti tez bir zamanda bütün Zaqafqaziyaya yayıldı. Bakı qəzetləri ona məqalələr həsr etdi. "Nicat" cəmiyyəti onu Bakıya çağırdı.
Göyərçin xanımın repertuarı geniş və əhatəli idi. O, Henrix Heynenin "Əlmənsur", Loxmanovanın "Napoleonun vəfatı", Namiq Kamalın "Qara bəla" əsərləri ilə yanaşı, Azərbaycan dramaturqlarının
tamaşalarında da oynamışdır. Azərbaycanlı qızı N.Nərimanovun "Nadir şah" pyesində Gülcahan, Ə.Haqverdiyevin "Pəri Cadu" tamaşasında Hafizə, "Bəxtsiz cavan" faciəsində Mehri xanım,
Z.Hacıbəyovun "Evliykən subay" əsərində Pərizad rollarını sənətkarlıqla yaratmışdır.
Ü.Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Gülnaz, "Leyli və Məcnun"da Leyli rollarının ifaçısı olan Göyərçin xanım bu obrazları səhnədə özünəməxsus tərzdə canlandıra bilmişdir.
1911-ci il mayın 26-da və 30-da Tiflisdə Göyərçin xanımın benefisi keçirildi. Bu gecədə ilk dəfə Zülfüqar Hacıbəyovun "On bir yaşlı arvad" pyesi göstərilmişdi. Lakin azərbaycanlı qadının səhnəyə
çıxması nadan, cahil adamları narahat edirdi. Odur ki, cahillər və din xadimləri müsəlman qadının səhnəyə çıxması əleyhinə müxtəlif fitnələr törədirdilər.
Göyərçin xanım Azərbaycan səhnəsinin bir çox görkəmli aktyorları - Hüsyen Ərəblinski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Mir Seyfəddin Kirmanşahlı və başqaları ilə birgə çıxış etmişdir. Onun
Mirzəağa Əliyevlə əməkdaşlığı ilk dəfə Tiflisdə "Əlli yaşında cavan" tamaşasında olmuşdur. İrəvanda onlar daha böyük müvəffəqiyyət əldə etmişdilər.
Mirzağa Əliyevlə Göyərçin xanımın sənət dostluğu sonralar məhəbbətə çevrildi. 1912-ci ilin mayında onlar evlənib Bakıya köçdülər. Çar hökuməti orqanlarının fitnəkarlığı nəticəsində Mirzağa
Əliyev həmin il Həştərxana sürgün olundu. Göyərçin xanım isə 1913-cü ildə Polşaya getdi və Varşavada "Müqəddəs Sofiya" tibb məktəbinə daxil oldu, 1915-ci ildə mamalıq üzrə bu təhsil müəssisəsinin bitirib Bakıya qayıtdı. 1915-ci ildə "Bəsirət" qəzeti akuşerka Gövhər xanım Əliyevanın peşə fəaliyyətinə
başlaması haqqında bir elan da vermişdi.
Mirzağa Əliyevlə Göyərçin xanımın tale yolları ayrıldığı üçün onlar boşanmışdılar. Qəribədir ki, evlənəndən sonra M.Əliyev həyat yoldaşının səhnədə çıxış etməsinə icazə verməmişdir. Reallıq budur ki,
Göyərçin xanım ərə gedəndən (bu, onun ikinci nikahı idi və birinci ərindən onun İsmayıl adlı oğlu vardı) sonra səhnəyə çıxmamışdır.
1937-ci ildə Göyərçin xanım artıq daimi yaşadığı İrandan bir neçə günlüyə Bakıya gəlir. Keçmiş səhnə yoldaşları teatrda onun şərəfinə qəbul düzəldirlər. Keçmiş aktrisa C.Cabbarlının "Almas" pyesinin
tamaşasına baxır. Tamaşa və qəbul günü qeyri-adi hadisə baş verir. Göyərçin xanım on beş ildən bəri itirdiyi oğlu İsmayılı tapir. Qəfil sevincdən özünü itirmiş qadın hamıya hədiyyə paylayırmış.
Göyərçin xanım İrana görkəmli aktyor və rejissor Mirseyfəddin Kirmanşahlının təhriki ilə getmişdir.
1960-cı ildə Cənubi Azərbaycanda vəfat etmiş Gövhərin - Göyərçin xanımın Azərbaycan teatrının salnaməsinə ilk qaranquş kimi düşməsi təbiidir.