Arzular-Xatirə Vaqif

Son güncelleme: 27.12.2009 12:06
  • Arzular

    Arzularım zəncirlənib
    Ömrümün zindanında
    Qədrini bilmək istəmirəm bəxtimə düşən anın da.
    Ümidlərim yol gedir
    Yıxıla dura.
    Sabahlar da sənsiz açılır
    Könlümü qıra qıra.
    Daha gülə bilmirəm
    Gözlərimin içinə.
    Sevgimiz vəsiyyət etmişdi mənə
    Keçinə-keçinə:
    Çalış heç kimi sevmə.

    Şeir olmaq istəyirəm

    Şeir olmaq istəyirəm
    Sətir -sətir,
    Misra -misra oxunmaqçün.
    Şeir olmaq istəyirəm,
    Qar kimi ağ vərəqlərə gəlib qonaq,
    Təkcə sənin əllərinə toxunmaqçün.
    Gözlərindən yaddaşına köçmək üçün,
    Qəlbindəki arzuları şirin su tək içmək üçün,
    Ürəyinə gedən yolu bir gün gəlib keçmək üçün,
    Milyonların arasında təkcə səni seçmək üçün,
    İstəyirəm olum şeir.
    Gör sevgi həsrətli könlüm ,
    Şerə dönüb nələr deyir.
    Şeir olmaq istəyirəm,
    Xəyalların qanadında səni uzağa aparım.
    Bircə anlıq olsa belə kədərin əlindən səni,
    Var gücüm ilə qoparım.
    Sənə bütün dünyamızın sevincini bəxş eləyim.
    Gözlərinə silinməyən təbəssümü nəqş eləyim.
    Saçlarına sığal çəkən mehə dönüm,
    Yanağınçün həsrət çəkən ,
    Göz yaşına, şehə dönüm.
    Yağışdan rica eləyim yollarına nur çiləsin.
    Yağış göydən gələn nurdur,
    Qoy sənə uğur diləsin.
    Şeir olmaq istəyirəm,
    Dodağından ürəyinə damcı -damcı süzülməkçün,
    Göz yaşına yoldaş olub yanağına düzülməkçün,
    Dərdini öz dərdim bilib bu dərd ilə üzülməkçün,
    Sevincimin hamısısnı sənə verib,
    Səninlə bir sevinməkçün istəyirəm olum şeir.
    Dönüb bir sevən insanın döyünən, vuran qəlbinə,
    Çevrilərək bu şeirlə bir "sevirəm" kəlməsinə,
    İstəyirəm olum şeir.
    Nəğmələrdə yaşamaqçün,
    Sənin adını hər sətrin əvvəlində daşımaqçün,
    Dönüb parlaq bir ulduza yoluna nur saçmaq üçün,
    Qəlbimi ,gözümün nuru, təkcə sənə açmaq üçün,
    Dönüb olacağam şeir.
    Nə deyirlər qoy desinlər,
    Dönüb olacağam şeir.
#27.12.2009 12:06 0 0 0