Ülkər Süleymanova-Sevdiyimin qırışları

Son güncelleme: 27.12.2009 12:07
  • Sevdiyimin qırışları

    Üzünə baxdım
    Yox heç baxmamış da içim yandı
    İlk qırışların
    İçim yanmır
    Yox heç yanmır.Çünki artıq küləm.
    Yanacaq bir yerim qalmayıb.
    Yanacağım qurtarıb.
    Sənə gülmə deyə bilmərəm
    Ağlama da həmçinin.
    Gülmək sənə çox yaraşır
    Ağlamasın için.

    Həyatın işinə bax
    Gülüb qocalırsan
    Guya gülməsən qocalmazsan?

    Gülsən də,gülməsən də qocalacaqsan
    Onda gül qocal.
    Qocala-qocala gül
    Qocalmağına gül.

    Güləndə üz qırışır
    Gör ey,həyat gülməyi qırışa satır
    Guya gülməsən qırışmayacaq?!

    Ağlayanda üz qırışır
    Həyat həm üzümüzü,həm özümüzü satır.

    Ağlama deməyəcəyəm
    Çünki için qırışar.
    O qədər qırışar ki,aça da bilməzsən
    Qırışıb,qırışıb özün-özünə,altın-üstünə yapışar.

    Bilmirəm birinci dəfə qırışı görəndə
    nə oldu mənə
    Göynədim,göynəyə-göynəyə sevindim
    böyümək istəyən uşaq kimi.

    Görəsən,güləndə ürəyimiz qırışmır ki?
    Qırışır
    Ona görə güləndən sonra ürəkdən nəfəs alıram
    Qırışlar şişib açılsın
    Ay qafil,
    Aldığın nəfəs ürəyinə yox,ciyərinə gedir
    Deməli,onda ürək qırış qalır!!?

    Yox ey,güləndə ürək dolur,qırış yox olur.
    O ağlayandadır ürək boşalır,içi boş qalır.
    Təmizlənsə də.

    Yaxşıdı gülək,ürəyimiz qoy dolsun
    Havayla da olsa

    Amma mən ürəyimə səni doldurmaq istəyirəm
    Sonra gülərəm ürəyimə dolanı
    Ürəyinə çəkərsən
    Bəlkə qırışın açıla
    Elə ürəyin də.

    Xüsusi deyilsən elə də

    Xüsusi deyilsən elə də
    bircə o var ki tapmısan özünü

    Özünü tapmısan da
    Məni tapsaydın sevərdim səni.

    Mən istəyən kimi tapmısan deyə sevəcəm.
    Minnətə bax.

    Yarana toxunum.Deşməyəcəm toxunacam
    Üzünün qırışları.

    Niyə hamısı ağzı aşağıdı.
    Ağlamaqdandı,ya narazılıqdandı.

    Bilirəm heç vaxt ağlamırsan
    Adam yanında.

    Onda narazılıqdandı
    Mən də narazıyam
    Qırışlarından

    Qoy hamısı ağzı yuxarı olsun
    Ağzı yuxarı olsa gülərsən
    Gülmüş kimi görünərsən
    Narazılığına da xətər gəlməz

    Ağzını yuxarı tutanlar onsuz da
    narazılardı.

    Eybəcərsən
    Öz də tanıdıqlarımın ən gözəli
    ən gözəl eybəcərsən

    Səni sevirəm

    Bir dəfə də olsun fikirləşməmişəm.
    Çünki yaxşı tanıyıram içini
    Fikirləşsəm sevməyəcəyəm
    Sevməsəm nə olacaq?

    Sənə heç nə
    heç kəsə heç nə olmayacaq

    Onda sevirəm
    Qoy hamıya hər şey olsun
    Hamıya heç nə olsun.

    O dəqiqə olmasa da
    Olduğum kimi tanıdın
    Çünki mən olduğum kimi idim
    Sən də olduğun kimi oldun.

    Çox nahaq

    Belə görməsəydim
    Başqa cür sevərdim.

    Olduğun kimi sevməzdim.

    Bir də nə vaxtsa özün olacaqsan?
    Yenə sevmək üçün soruşuram.

    Soruşub sevənə bax.
#27.12.2009 12:07 0 0 0