Prezident: “Dağlıq Qarabağ məsələsinin həlli üçün bütün imkanlardan istifadə edə bilərik”

Son güncelleme: 01.01.2010 21:27
  • "Həm döyüş qabiliyyəti, həm vətənpərvərlik ruhu, həm silah-sursat baxımından imkanlarımız genişlənir."

    noimage

    "2009-cu ildə Azərbaycan xarici siyasət istiqamətində çox vacib işlər görüb". Bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrikində deyib. Onun sözlərinə görə, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə apardığı danışıqlar, keçirdiyi görüşlər Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirib: "Azərbaycanla dost olmaq istəyən ölkələrin sayı artır. Bizim strateji tərəfdaşlarımızın sayı artır. Sirr deyil ki, bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Bizim xarici siyasətimiz Azərbaycanın milli maraqlarının tam şəkildə müdafiə edilməsinə yönəldilib. Bütün qonşu ölkələrlə qarşılıqlı surətdə faydalı və qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlər mövcuddur. Azərbaycan bütün başqa ölkələrlə öz fəaliyyətini ancaq və ancaq dostluq, əməkdaşlıq şəraitində qurur".

    Azərbaycan prezidenti bildirib ki, rəsmi Bakı xarici siyasətinin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində çox fəal işləyir. O qeyd edib ki, 2009-cu ildə məsələnin həlli üçün çox vacib addımlar atılıb: "Artıq bütün dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər problemin hansı yollarla həll olunması haqqında öz iradələrini ortaya qoyurlar. Çox sevindiricidir ki, Azərbaycanın uzun illərdir müdafiə etdiyi mövqe üstünlük təşkil edir. Yəni ki, məsələ öz həllini beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bizim həmişə ortaya qoyduğumuz prinsiplər məhz bunlardır".

    Prezident İlham Əliyev bir daha bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaq: "Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaq, Azərbaycanın razılığı olmadan bu, mümkün deyil. Azərbaycan isə buna heç vaxt öz razılığını verə bilməz. Dağlıq Qarabağda yaşayan ermənilər və orada yaşayacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşamalıdırlar və bu sahədə dünyanın ən qabaqcıl təcrübəsi tətbiq edilməlidir. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir və biz bu mövqedən bir addım geri atmayacağıq. Çalışacağıq bütün imkanları - həm siyasi, həm iqtisadi, həm diplomatik, həm başqa imkanları - işə salaraq, bu məsələni tezliklə, ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək ki, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına tezliklə qayıda bilsinlər".

    İlham Əliyev deyib ki, bununla bərabər Azərbaycan öz hərbi potensialını da gücləndirir. Onun fikrincə, bu, dövlətimizin suveren hüququdur və bu hüquqdan istifadə edir: "Nəzərə alaq ki, Azərbaycan ordu quruculuğu prosesini daxili imkanları hesabına aparır. Təbii ki, bu, bizim daxili işimizdir. Azərbaycan Ordusu son illər ərzində böyük və uğurlu yol keçib. Bu gün ordumuz qarşıda duran bütün vəzifələri icra etməyə qadirdir. Torpaqları işğaldan azad etmək üçün bütün imkanlarımız var. Həm döyüş qabiliyyəti, həm vətənpərvərlik ruhu, həm silah-sursat baxımından imkanlarımız genişlənir. Azərbaycanda müdafiə sənayesi artıq dörd ildir ki, fəaliyyət göstərir və bu istiqamətdə böyük uğurlar əldə etmişik. Bizim hərbi potensialımız gündən-günə artır və artacaq. 2010-cu ildə bu məqsədləri təmin etmək üçün əlavə böyük vəsait nəzərdə tutulur. Biz Dağlıq Qarabağ məsələsini həll etmək üçün bütün imkanlardan istifadə edə bilərik.

    Qaynaq:anspress.com
#01.01.2010 21:27 0 0 0